Çox təəssüf ki, ictimaiyyət, QHT-lər, həmçinin mətbuat gələn ilin Azərbaycan büdcəsinin qədərincə geniş müzakirəsini təşkil edə bilmir. Amma bununla ictimaiyyətin diqqətini çox dəhşətli faktlara cəlb etmək olar. Baxmayaraq ki, mövcud hakimiyyət həmin müzakirələri nəzərə alan deyil, istədiyini edəcək, gəlirləri də, xərcləri də öz bildiyi kimi və özünə sərf edən şəkildə müəyyənləşdirəcək. Ölkədə normal parlament olsaydı, normal büdcə müzakirələri də gedər, ortaya xalqa sərfəli bir layihə çıxardı. Bu parlament isə əl oyuncağıdır, Prezident Administrasiyasından göndərilən sənədə qarşı çıxa bilməz, əksinə, nə deyirlərsə, onu da təsdiqləyər.
Əsl kukla teatrına oxşayır, belə olmasaydı, dövlət büdcəsində hər il 2 milyard manata yaxın vəsait heç kimin bilmədiyi, adı olmayan “və s.” xərclərə ayrılmazdı və deputatlar buna etiraz edərdi. “Azadlıq” radiosunun iqtisadiyyat yazarı Elxan Nəsibli 10 gündür bu məsələni qaldırıb. Kimisə narahat etmir, kiminsə vecinə deyil, yəqin ki, heç “ixtiyar”ları da yoxdur bu məsələyə toxunmağa.
3 hərfə (“və s.”) 2 milyard pul ayrılmasını normal qəbul edən bu adamlar hələ istəyirlər ki, onlar haqda kimsə bir söz deməsin. Amma bu qədər pulun xərcinə bircə söz də yazmırlar, “və s.” və vəssalam. 2 milyard da gedir işinin dalınca. Bağlayıcının qüdrətinə baxın, o, 20 milyardlıq büdcədən 2 milyard götürür. Gəlin daha dəqiq olaq, Elxan bəy hesablama aparıb: büdcədəki “və s.” xərclər 1 milyard 997 milyon 815 min manat edir. 5 min manatı isə heç anlamaq olmur. Məgər o qədər aydınmı təsəvvür edirlər həmin “və s.” xərcləri 5 min manata qədər dəqiqliklə bilinirsə, bu xərc, niyə onun adı da göstərilmir? Deyin bunu, izah edin bizə!
Nədir axı sonu 5 min manatla bitən bu xərcin adı? Niyə 3 yox, 6 yox, 7 yox, 9 yox, məhz 5? Bunun üçün yəqin dəqiq bir təsəvvür var ki, onun qiyməti 5 minə qədər dəqiqliklə ifadə edilir. Onda niyə bunun adı yoxdur və “və s.” sayılır?
Əslində isə bu, xalqı dolamaq, ələ salmaqdır. Guya 5 min manata qədər dəqiq olan, gerçəkdə isə 2 milyardlıq bu müəmma xalqa qarşı aşkar cinayətdir. O qədər pulu müəmma pərdəsi ilə göyə sovurmağa imkan yaratmaqdır.
Baxın, büdcədə təhsilə 1,5 milyarddan bir az artıq vəsait ayrılır.
Səhiyyəyə 666 milyon manat ayrılır.
Müdafiə xərcləri 1 milyard 528 milyon manatdır.
“Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər” 1 milyard 172 milyon manatdır.
Vacib sahələrə aid çox misallar gətirmək olar. Amma heç biri “və s.” xərcləri keçmir. Birdən kimsə elə bilər ki, bu, açıqlanmayan hərbi xərcdir, yox, bu sadəcə, hər bir sahənin xərclərinin sonuna əlavə edilmiş məbləğlərin cəmidir. Hamısının da adı “və s.”-dir.
Büdcənin təhlili sahəsində illərdir çalışan tanınmış iqtisadçı Rövşən Ağayev isə başqa bir müəmmaya diqqət ayırır. Məsələ ondadır ki, büdcəmizin yarıdan çoxunun ümumi adı var, amma o pulların konkret olaraq hansı təsnifatla və konkret olaraq nəyə xərcləndiyi bilinmir. Məsələn, investisiya xərclərini götürək. “Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)” maddəsi ilə ayrılan bu vəsaitin həcmi düz 6 milyard 915 milyon manatdır. Mütəxəssis haqlı olaraq deyir ki, bu qədər vəsaitin hansı layihələrə xərclənəcəyi haqda isə heç nə bilinmir.
Bu da Konstitusiyaya ziddir. Konstitusiyaya görə, parlament büdcə xərclərinə nəzarət etməlidir. Yəni onun hara xərcləndiyini qəpiyinəcən bilməlidir. Amma misal gətirilən 6 milyard 915 milyon manatın detalları bilinmir və əsaslandırılmır. Sonradan da hökumət hesabat verir ki, bu pullar filan-filan işlərə xərclənib. Necə xərcləndiyi bir ayrı söhbətdir. Amma bəlkə bu pullar başqa işlərə xərclənsə daha faydalı olardı? Xalq və o cümlədən vətəndaş cəmiyyəti bunu niyə əvvəlcədən bilməli deyil? Parlament bunu niyə əvvəlcədən müzakirə etməli deyil?
Amma hansı parlament?!
***
Elxan Nəsiblinin çox dəyərli yazısından bir xatırlama: “Vaxtilə Rusiya kommunistlərinin lideri Züqanov deyirdi ki, büdcə maddəsinə ”və s.” ifadəsini yazdırmağın qiyməti 15 faizdir. Yəni kim büdcəyə bu 3 hərfi (və s.) yazdıra bilirsə, bu maddə ilə ayrılan pulun 15 faizi onundur. Sonralar Rusiyada büdcədə “və s.” kimi ifadə yazmaq ləğv olundu…”.