Kremldaxili çevrilişdə Heydər Əliyev izi

SSRİ-nin keçmiş baş prokuroru daxili işlər nazirinin intiharında Əliyevi suçlayıb

Rusiya mətbuatında 30 il əvvəl baş tutmayan milis qiyamından və bu hadisələrdə Heydər Əliyevin rolu barədə söhbət gedən yazı dərc edilib.
Xatırladaq ki, 1982-ci ildə Kremldaxili çevrilişə cəhd edən daxiliş işlər naziri Şelokov uğursuzluğa duçar olandan bir müddət sonra intihar etdi. Lakin bu olayın sirləri hələ də müzakirə obyektidir. O dövrdə DTK rəhbəri ilə yaxşı münasibətlərdə olan Heydər Əliyev də Andropovun köməyinə çatıb.  
Rusiyada bu hadisə ilə bağlı artıq bir neçə kitab da dərc olunub. Orada əks olunan məqamları ixtisarla təqdim edirik.

Çevriliş necə planlaşdırıldı

10 sentyabr 1982 il. Səhər saat 9.45. SSRİ daxili işlər naziri Nikolay Şelokov KP MK-nın baş katibi Brejnevdən DTK-nın keçmiş sədri Yuri Andropovun “antipartiya qəsdinin səbəblərini aydınlaşdırmaq” məqsədi ilə üç günlük saxlanılması üçün razılıq istəyir. Gizli söhbət üç saat yarım davam etdi. Bu əməliyyatdan hətta müdafiə nazirinin də xəbəri yox idi. Şelokov səhər tezdən özünün köhnə dostu Brejnevin yanına gələndə razılıq alacağına şübhə etmirdi. Məhz bu səbəbdən də gecədən Kutuzov prospektində snayperlərin yerləşdirilməsi üçün hətta ağacların budaqları da kəsilmişdi. Şelokov əsaslı olaraq ehtimal edirdi ki, Andropov Əliyevə loyal olan azərbaycanlı çekistlərlə onu qabaqlaya bilər. Belə də oldu.
Sovet milisləri o günlərdə özlərinin qatı partnyorları olan çekistlərlə döyüşü udsaydı, dünya tarixi başqa ssenari ilə gedəcəkdi.
Moskva ətrafından paytaxta tərəf Olimpiada-80 ərəfəsində guya terrorizmə qarşı mübarizə üçün yaradılan DİN xüsusi bölmələrinin üç qrupu hərəkətə keçdi. 25 dəqiqə şəhərin əsas magistrallarından biri bağlı qaldı. Sülh prospektinə tərəf DTK zabitləri ilə dolu 20-dən artıq maşın hərəkətə keçdi. Hər kəs nə ilə risk etdiyini yaxşı anlayırdı – prospektlə atışma qlobal skandala səbəb olardı.

Məlum olur ki, Şelokovun adamları Andropovun yaşadığı ərazidə özlərini ifşa edib. Həmin ərazidə gecə DTK-dan yayınmaq mümkün deyil.
Səhər saat 10.30. Şelokovun xüsusi təyinatlıları müqavimət göstərmədən həbs edilir və Lubyankaya göndərilir. Əslində onlar özləri də ora tələsirdilər. Məqsədləri isə Andropovun şəxsi maşınını ələ keçirmək və onun KP MK binasını tərk etməsinin qarşısını almaq idi.
10.40. Şelokovun digər istiqamətdə gedən başqa bir bölməsi isə könüllü şəkildə “alfa” qrupuna təslim oldu. Onlardan birində Şelokovu satan podpolkovnik B. oturmuşdu. Yeri gəlmişkən, üç həftədən sonra artıq polkovnik olan B.-nin “UAZ”ı Kabil yaxınlığında minaya düşdü.
10.45. Şelokovun bölmələrindən biri təyin olunan yerə (Kutuzov pr. 26) çata bildi. Bu da ona görə ki, mini-kolonna əvvəlcədən planlaşdırılan prospektlə deyil, paralel küçə ilə hərəkətə keçdi. Podpolkovnik T. silahları yerə qoymaq əmri verəndən on dəqiqə sonra onun həmkarı R. bu dramatik hadisələrin hər üç personajı – Andropov, Brejnev və Şelokovun yaşadığı binanı atəşə tutmaq əmri verdi.
11.50. Ölən olmasa da, günortaya mərkəzi xəstəxanaya on nəfər gətirildi. Onlardan beşi (Şelokovun adamları) nəzarət altında idi. Bu beş nəfər arasında Brejnevin Andropovun həbsi ilə bağlı DİN rəhbərinə verdiyi əmri yerinə yetirən podpolkovnik R-də var idi. O, həmin gecə cərrahiyyə stolunda dünyasını dəyişir. Formal olaraq R. toqquşmanın yeganə qurbanı idi.
14.30. Kutuzov prospektində atışmadan sonra Andropovun tapşırığı ilə dünya ilə bütün əlaqələr kəsilir. “Şeremetyevo”dan beynəlxalq reyslər təxirə salınır. Rəsmi səbəb kimi isə küləyin sürətlənməsi göstərilir. SSRİ ilə xaricin telefon əlaqəsini tənzimləyən kompyüter sistemi sıradan çıxarıldı. Bu sistem Olimpiada-80 ərəfəsində Fransadan alınmışdı və onun alınması super-reklam oldu. Sistemin gözlənilməz şəkildə sıradan çıxması isə əsl antireklam oldu.

Ağır qisas

Brejnevin ətrafının hakimiyyəti qoca baş katibə qaytarmaq cəhdi uğursuzluğa duçar oldu. İki aydan sonra Brejnev öldü. Həmin an doğmalarından onun yanında heç kim yox idi, yalnız “doqquzuncu” idərədən Andropovun adamları idi.
1982-ci ilin dekabrın 17-də, Brejnevin ölümündən bir ay sonra Şelokov Andropovun təşəbbüsü ilə başlayan “özbək işi” ilə bağlı işdən azad edilir. Bu iş Şelokovun birinci müavini, Brejnevin kürəkəni Yuri Çurbanova hökm oxunması ilə başa çatdı. 1984-cü ilin noyabrın 6-da Şelokov ordu generalı rütbəsindən məhrum oldu. Noyabrın 10-da, məhz Milis günündə bu fakt qəzetlərdə əksini tapdı. Bu, generala qəddar bir zərbə idi. Şelokovun qohumları da əmin idi – generalı özündən çıxarırdılar.
Noyabrın 12-də Kutuzov prospektindəki evində SSRİ baş prokurorluğunun briqadası axtarış aparır. Dekabrın 7-də Şelokov Kommunist Partiyasından çıxarıldı. Dekabrın 10-da qəzəbə gəlmiş keçmiş nazir baş katibə məktub yazır: “Xahiş edirəm mənim haqqımda böhtan yayılmasına imkan verməyin. Çünki bu, bütün ranqlı rəhbər şəzslərin nüfuzuna xələl gətirəcək. Hər şeyə görə çox sağ olun. Məni bağışlayın. Hörmət və məhəbbətlə – N.Şelokov”.
O məktubu açarını həmişə özündə gəzdirdiyi stolun siyirtməsinə qoyur (ancaq sonradan məlum olur ki, bu açardan başqasında da olub).
İki gündən sonra, dekabrın 12-də heç bir məhkəmə hökmü olmadan Brejnevin qəzəbə gəlmiş vəzirini Sosialist Əməyi Qəhrəmanı və hərbi mükafatları çıxmaq şərti ilə bütün başqa mükafatlardan məhrum edirlər.

İntihar həddinə çatdırılma…

Səhəri günü, 1984-cü il dekabrın 13-də rəsmi məlumata əsasən, general öz kolleksiyasında olan tüfənklə başına atəş açıb. Özündən sonra dekabrın 10-da yazdığı iki məktub qalır. Biri baş katibə, o biri övladlarına. İş materiallarından: “Hərbi prokurorluğun əməkdaşları hadisə yerinə gələndə Şelokovun bütün ailə üzvləri hadisə yerində idi. Özü isə üzü üstə yerdə idi. Açdığı atəşlə başının yarısı dağılmışdı. Əynində parad general forması və bütün medalları, ordenləri və deputat nişanı var idi. Ayağında isə ev şap-şapları. Yanında isə Fransa istehsalı olan “Qastin-Rannet” tüfəngi var idi. SSRİ-nin baş prokuroru Aleksandr Katusev eks-nazirin oğlunun da bu hadisədə əlinin olduğuna işarə edirdi: “Əminəm ki, məhkəmə araşdırmasındansa Şelokovun ölümü çoxlarını, o cümlədən də onun varislərini qane edirdi. Çünki perspektivdə əmlakı müsadirə edilməklə ağır məhkəmə cəzası ola bilərdi”.
“Qalina Brejneva. Sovet şahzadəsinin həyatı” kitabında milis çevrilişinin daha ətraflı versiyası öz əksini tapmışdı. Artıq 1989-cu ildə Katusev “Proseslər. Aşkarlıq və mafiya, qarşıdurmalar” kitabı üzərində işləyəndə bəziləri ondan bu versiya üzərində işləməməyi xahiş etmişdi. Onlar arasında Heydər Əliyev də olub.
Sentyabr çevrilişi uğursuzluğa duçar olandan sonra bir çoxları daxili ilər nazirindən üz döndərdi. Bu depressiya fonunda Şelokov DTK-nın onun yanına “göndərdiyi” təzə dostlarla çox ehtiyatsız davranırdı. 1983-cü ilin dekabrında çekistlər Şelokovun gəlini – Nonna Şelokova ilə işləməyə başladılar. Ona başa saldılar ki, əgər qaynatası “yoxa çıxmasa”, onun özünü də, ərini də həbsxana və əmlaklarının müsadirə olunması gözləyir (o zaman hətta belə işlərə görə güllələyirdilər). Sonralar Katusovun danışdığına görə, Şelokovların sıxışdırılması işinə Azərbaycan DTK-nın əməkdaşları cəlb edilmişdi. Bütün bu proseslərə Heydər Əliyev də cəlb edilmişdi. Baxmayaraq ki, o, Azərbaycan DTK-ya bu hadisələrdən xeyli əvvəl, 1967-1969-cu illərdə rəhbərlik edib. Sonradan isə özünə sadiq adamların hamısını Moskvaya gətirmişdi. Ancaq görünür, Bakıda da qiymətli kadrlar qalıbmış.  
Qısası, çekistlər Şelokovun oğlundan onun dekabrın 10-da Siyasi Büroya məktub yazdığını öyrənir. Məlumatda məktubun ölümqabağı olduğu da deyilirdi. Bu da çekistləri qabaqlayıcı addımlara təhrik edir. Artıq dekabrın 11-də operativ qrup hazırlanır. Şahidlərin sonradan istintaqa verdiyi ifadəyə görə, səhər eks-nazirin evinin qarşısında xüsusi təyinatlıların 3 maşını görsənib. Ola bilər Brejnevin vəziri intihar edib. Lakin o son məktubu hansı şəraitdə yazıb? Görünür, səhər yanına gələn “qonaqlar”dan xəbərdarlıq alıb. Keçmiş nazirə başa salıblar: o ya şərəfli insan kimi hərəkət edir, ya da bütün ailəsini rüsvayçı məhkəmə gözləyir. Meyidin parad geyimində, digər tərəfdən ayağında şap-şapla aşkarlanması da bəzi fikirlər yaradır. Görünür, Kremlin ən dəbli personalarından olan eks-naziri qurama intihara tələsdirən olub.
Katusev sonralar da kiçik Şelokovun gizli əməliyyatdan xəbərdar olduğunu deyirmiş. Yəqin eks-nazirin son qonaqları ailəsini rahat buraxacağına zəmanət də verib. 1984-cü ilin dekabrın 14-də atasının meyidini ilk aşkarlayan da elə oğlu İqor olub.

Fizzə