«Bu ölkədə jurnalistlərə qarşı zorakı hücumlar baş verir; insan hüquq və azadlıqları kəskin şəkildə məhdudlaşdırılır…»
«Biz, hətta Forum müddətində də davam edən, insan hüquqlarının pozulması hallarından son dərəcə narahatıq»
Bugünlərdə Bakıda keçirilən Internet Idarəçiliyi Forumunda iştirak etmiş Avropa Birliyinin nümayəndə heyəti dünən Azərbaycan hökumətini tənqid edən bəyanat yayıb. Bəyanat müəllifləri Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə hökuməti günahlandırıb.
Avropa Komissiyasının vitse-prezidenti Neli Krus, Avropa Parlamentinin üzvləri Pilar del Kastilyo, Ameli Andersdotter, Marietje Schaake, Catherine Trautmann, Sabina Verheyenin imzaladığı bəyanatda bildirilir ki, internet və yeni texnologiyalar bütün dünyada insanların həyatında önəmli rol oynayır. Məhz bu səbəbdən bu gün internet azadlığı bütün dünyada söz və ifadə azadlığının tərkib hissəsi kimi qəbul olunub: “Biz Internet Idarəçiliyi Forumunda insan haqları məsələsinə xüsusi diqqət yetirilməsini alqışlayırıq. Avropa Birliyi universal dəyər kimi, həm elektron, həm də ənənəvi mətbuatın azadlığını müdafiə edir. Çünki bu gün internet rəqəmsal məkanda sadəcə, texnologiya deyil. Internet eyni zamanda, insan azadlığının nümayiş olunduğu yeni məkandır”.
Bəyanat müəllifləri yada salır ki, insan hüquq və azadlıqlarına hörmət Avropa Birliyinin əsas dəyərlərindən biridir. Bu, təşkilatın daxili və xarici fəaliyyətində nəzərə alınmaqla, Avropa Konvensiyasında da öz əksini tapıb.
“Biz Azərbaycanda bu Forumun keçirilməsini alqışlamaqla yanaşı, bu ölkədə fundamental azadlıqlarla bağlı bir sıra məsələlərdən çox narahat olduğumuzu bəyan edirik.
Internetə çıxış özü-özlüyündə ifadə azadlığının tam qarantiyası sayıla bilməz. Biz hətta Forum müddətində də insan hüquqları sahəsində müşahidə olunan çoxsaylı pozuntulardan son dərəcə narahatıq. Həm elektron, həm də ənənəvi mediaya qarşı məhdudiyyətlərdən təəssüfləndiyimizi bildiririk. Biz görürük ki, bu ölkədə ifadə azadlığı cinayət məsuliyyətinə səbəb ola bilir. Eyni zamanda, jurnalistlərə qarşı zorakı hücumları müşahidə edirik. Bundan başqa, ölkədə fəalların internetdəki fəaliyyəti izlənilir, jurnalistlərin və onların mənbələrin şəxsi həyatına qanunsuz müdaxilələr baş verir. Biz tədbir keçirilən müddətdə və məkanda da siyasi fəallara qarşı təzyiqlərin, hədə-qorxuların şahidi olduq”, – deyə bəyanatda bildirilir.
Avropa Birliyinin rəsmiləri vurğulayır ki, harada, hansı şəraitdə baş verməsindən asılı olmayaraq, fundamental azadlıqların məhdudlaşdırılması yolverilməzdir: “Biz Azərbaycanın siyasi rəhbərliyini Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. Eyni zamanda, siyasi rəhbərliyi insan hüquq və azadlıqlarına, xüsusən, söz azadlığı, qanunun aliliyi, sərbəst toplaşmaq azadlığı, fərqli fikirlilik və mediada plüralizm kimi dəyərlərə hörmət etməyə səsləyirik”.
Konkret internetlə bağlı məsələyə gəlincə, bəyanat müəllifləri hökuməti internetə məhdudiyyətlərdən çəkinməyə çağırır. Qeyd edirlər ki, bu gün dünyada cəmiyyətlərin inkişafı üçün əsas şərtlərdən biri məhz internet azadlığıdır.
Aytən