Ziya Məmmədovdan uğursuz siyasi gediş

Siyasətdən danışan nəqliyyat naziri özünü pis vəziyyətə saldı

Nəqliyyat naziri Ziya Məmmədov uzun illərdən sonra mətbuata – daha doğrusu hakim partiyanın saytına geniş müsahibə verib. Maraqlıdır ki, nazir təkcə rəhbərlik etdiyi sahədən yox, həvəslənərək siyasətdən də danışıb. Bugünə qədərki açıqlamalarında şişirdilmiş rəqəmlərlə inkişaf nağılları uyduran Z.Məmmədov bu dəfə fərqli siyasi gediş etməyə çalışıb. Bu gedişin nə qədər uğurlu alındığına nazirin  fikirləri ilə tanış olub özünüz qərar verəcəksiniz.
Müsahibənin əvvəlində YAP-ın yaranma tarixindən, o vaxtkı siyasi şəraitindən uzun-uzadı danışan Z.Məmmədov hər vəhclə Heydər Əliyevin xilaskar obrazını yaratmağa çalışıb. Nazir iddia edir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib: “Partiyanın yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başlayıb və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirib”. Əslində Z.Məmmədov haqlı olaraq YAP-ın hakimiyyətə gəlişi ilə Azərbaycanda yeni siyasi sistemin formalaşdığını deyib. Həqiqətən də, məhz YAP hakimiyyəti özü ilə regionçuluq, klançılıq kimi, “dəyərləri” gətirməklə ölkədə yeni siyasi sistem formalaşdırdı. Hakim partiyanın siyasi sistemə yeni nəfəs gətirməsinə gəlincə, görəsən, Z.Məmmədov bununla nəyi nəzərdə tutub? Uzun illər Daxili Işlər Nazirliyinin tərkibində cinayətkar bandanın fəaliyyət göstərməsini, akademik Ziya Bünyadovun ağzından güllələnməsini, general Rail Rzayevin küçənin ortasında öldürülməsini və ya iki jurnalistin – Elmar Hüseynov və Rafiq Tağının qətlə yetirilməsini? Yoxsa Z.Məmmədov bununla bəlkə də, ömründə bir manat da şəxsi qazancı olmayan oğlunun böyük bir holdinqə sahib olmasını nəzərdə tutur?
Yaxud da ölkənin bütün sərvətlərinin bir neçə ailənin arasında bölüşdürülməsini?! Z.Məmmədov müsahibəsinin davamında cəbhə hakimiyyətinin bostanına daş atmağı da unutmayıb: “Ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, hakimiyyət uğrunda savaşlara cəlb edirdilər”. Əvvəla söhbət, Qarabağdan gedirsə, torpaqlarımızın əksəriyyəti AXC yox, məhz Heydər Əliyev hakimiyyəti dövründə işğal edilib. YAP hakimiyyəti şəxsi ambisiyalardan bu qədər uzaq idisə və vətən, torpaq təəssübü çəkirdisə, niyə Qarabağı qorumağa səy göstərmədi və ən müxtəlif oyunlara girərək torpaqları rahatlıqla düşmənə təslim etdi? Z.Məmmədovun ittiham etdiyi Azərbaycan Xalq Cəbhəsi 4 min şəhid vermişdi. Yeni Azərbaycan Partiyası isə 40 şəhidin adını çəkə bilməz.  
Nazir o vaxtkı hakimiyyətə qarşı ittihamlarını bu cür davam etdirir: “Faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və hamısının da eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Bu partiyalar isə eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı. Bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirlərini özündə ehtiva edən proqramları mövcud deyildi”.
Ziya Məmmədov hələ başa düşə bilmir ki, müstəqilliyini yenicə qazanmış dövlətdə hamı hərəkatın tərkibində qalmalı deyildi. Çünki siyasi partiyaların formalaşması məhz həmin dövrə təsadüf edirdi və bu, keçilməli olan təbii proses idi. Z.Məmmədovun bəyənmədiyi, kinayə ilə bəhs etdiyi həmin insanlar konkret ideologiyaya söykənmişdilər. YAP isə hakimiyyətə gələndən az sonra onun daxilində ayrı-ayrı şəxslərin birləşdiyi dəstələr, oliqarx qurupları yarandı. O qruplardan birinin başında da elə bu ittihamların müəllifi Ziya Məmmədov dayanır. Cəbhə hakimiyyətinin dövlətin gələcək inkişafı ilə bağlı proqramının olmamasına gəlincə, görünür, nəqliyyat naziri inkişaf proqramı deyəndə yolun bir kilometrinin necə 20 milyona çəkilməsini, bu gün çəkilən asfaltın bir ay sonra çökməsini və qısa müddətdə özünün ölkənin ən varlı adamlarından birinə çevrilməsi proqramını nəzərdə tutur.
Cənab Məmmədov, AXC hökumətində təmsil olunanların özlərinə xüsusi şərait yaratdıqlarını iddia edirsiniz. Bəyənmədiyiniz o hökumətin bir nazirini göstərin ki, həmin o xüsusi şəraitdə olsun? Amma YAP hakimiyyəti ilə bağlı minlərlə belə nümunə göstərmək olar. Və ya AXC hökuməti ilə bağlı bircə fakt göstərin ki, orada hansısa nazirin oğlu sizin oğlunuz kimi, ölkənin aparıcı bir qəzetini məhkəməyə verib…