«Hacı Məmmədovun dəstəsi kimi qruplar Azərbaycanda olub və hələ də fəaliyyətlərini davam etdirirlər»
Leyla Yunus: «Bu hakimiyyət daha çox öz vətəndaşlarından qorxur»
BMT-nin təşkilatçılığı ilə Bakıda keçirilən internet forum Azərbaycanla bağlı bir çox reallıqları ortaya qoydu. Dövlət başçısı səslənən tənqidlərə baxmayaraq ölkədə azad internetin olduğunu və istifadəçilərə heç bir təzyiq göstərilmədiyini söyləyib. Hüquq müdafiəçisi Leyla Yunusla müsahibəmizə hakimiyyətin bu yanaşmasına münasibət öyrənməklə başladıq:
– Mən Emin Millinin bir neçə gün əvvəl dövlət başçısına ünvanladığı məktubla razıyam. O mənada ki, Azərbaycanda internet yalnız ondan istifadə etmək baxımından azaddır. Amma bu istifadə bizim təhlükəsizliyimizi qorumur. Internetdə azad sözdən istifadə etməyə çalışan insanların həbs olunması, onlara qarşı təzyiqlər Azərbaycanda adi hal alıb. Hazırda biz yalnız jurnalistlərə qarşı təzyiqləri, onların həbs olunmasını müşahidə etmirik. Artıq blogerlər, fəal internet istifadəçiləri də hakimiyyətin hədəfindədir. Bu isə o deməkdir ki, Azərbaycan nəinki beynəlxalq təşkilatların söylədiyi kimi azad olmayan ölkədir, biz həm də nəzarət altındayıq. Insanların telefon danışıqları, internet yazışmaları rejimin təmsilçiləri tərəfindən dinlənilir. Bütün bunlara görə isə insanlar məsuliyyət daşıyırlar.
– Ölkədə internet azadlığından danışıldığı bir zamanda internetdə fəal olan müxalifətçilər Dəyanət Babayev, Elvin Baycan və Musa Rahim polis təzyiqlərinə məruz qaldı. Onlar sonradan sərbəst buraxılsalar da, saxlanılma prosesində Adnan Hacızadə və Emin Millinin həbs olunması ilə oxşar məqamlar var idi. Bütün bunlar nəyə işarədir?
– Diqqət yetirin. Internet forumu hələ işini başa vurmayıb. Amma elə məhz bu ərəfədə internetdə aktivlik göstərən şəxslər təzyiqə məruz qalırlar. Bu göstərir ki, Azərbaycan hakimiyyəti heç bir beynəlxalq xəbərdarlığa əhəmiyyət vermir. Azərbaycan rəhbərliyi daha çox öz vətəndaşlarından qorxur. Iqtidar vətəndaşların azad fikir ifadə etməsindən, onları internet vasitəsilə paylaşmasından qorxur. Hakimiyyət nə Avropa Şurasının, nə Avropa Birliyinin hədələrinə önəm verir. Indiki rejimə elə gəlir ki, onların Azərbaycanın sərvətləri hesabına topladığı külli miqdarda maliyyə onlara beynəlxalq təşkilatların nümayəndələrini ələ almağa kömək edəcək. Bundan başqa, bu maliyyə hesabına vətəndaşların etirazını yatıracaq polis ordusu yaradacaq və bu addıma görə onlara heç kim reaksiya verməyəcək.
Hüquq-mühafizə orqanlarının hədəf olan rəhbərləri həbs olunmayacaq
– Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarında yüksək post tutan şəxsləri ittiham edib. Bu araşdırmanı prezidentin nəzarətinə götürdüyü bəyan olunub. Sizcə, adları çəkilən yüksək çinli şəxslərdən kimsə cəzalandırıla bilərmi?
– Hacı Məmmədovun dəstəsi Azərbaycanda imkanlı şəxslərin yaxınlarını oğurlayaraq daha sonra onları pula dəyişirdilər. Hacı Məmmədov məhkəmədə son sözü deyərkən bəyan etmişdi ki, insan oğurluğu ilə Azərbaycanda başqa dəstələr də məşğul olur. Dəfələrlə yazılıb ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında bu cür dəstələr çoxdur. Əminəm ki, onlar hələ də fəaliyyət göstərirlər. Ona görə nə Gülər Əhmədova, nə də Elşad Abdullayevin adlarını çəkdiyi hüquq-mühafizə orqanlarının digər əməkdaşları məsuliyyətə cəlb olunacaqlar. Hacı Məmmədovun işində olduğu kimi hüquq-mühafizə orqanlarının rəhbərliyinə daxil olan şəxslərdən heç bir həbs olunmayacaq.
– Ümumiyyətlə, ölkədə kriminal nə baş verirsə, bir ucu gedib hüquq-mühafizə orqanlarına çıxır. Bunun səbəbi nədir? Hüquq-mühafizə orqanlarında xeyli müddətdir islahatların aparılmaması, yoxsa burada, ümumiyyətlə, sistem qüsuru mövcuddur?
– Biz SSRI məkanında olan avtoritar rejimlərin fəaliyyətinə diqqət yetirsək görərik ki, onlar hakimiyyəti bir qayda olaraq DIN və təhlükəsizlik orqanlarının vasitəsilə əldə saxlayırlar. Ərəb dünyasında mövcud olan avtoritar rejimlər isə xalqın etirazının yatırılması üçün ordudan və polisdən istifadə edir. Kubada – heç bir azadlıqların olmadığı ölkədə də insanları məhz silahlı qüvvələrin, ordunun, xüsusi təyinatlı dəstələrin vasitəsilə nəzarətdə saxlayırlar. Rusiyada da hüquq müdafiəçilərini, jurnalistləri məhz polislər döyür və işgəncələrə məruz qoyurlar. Azərbaycandakı sistem bütün sadalananlardan fərqli deyil. Rejimə qulluq edən bu cür hüquq-mühafizə orqanlarının əməkdaşlarına insan alverindən, narkotik satışından maliyyə əldə etmək şəraiti yaradılır. Onlar fəaliyyətlərini qurarkən insanları öldürə, işgəncə verə bilərlər. Bütün bunlar hakimiyyət tərəfindən bilərəkdən edilir. Çünki bu siyasət olmasa hakimiyyətin arxalandığı hüquq-mühafizə orqanlarını əlində asılı vəziyyətdə saxlaya bilməz. Hakimiyyət onları özünün cinayət ortağı etməklə idarəçilik sistemi qurur. Hakimiyyət hüquq-mühafizə orqanlarının cinayət törətməsində maraqlıdır. Çünki cinayətlər onları qəddar rejimdən daha da asılı vəziyyətə salır.
Gülər Əhmədovadansa İlqar Məmmədovu, Zərdüşt Əlizadəni həbs etmək sərf edir
– Sizcə, Gülər Əhmədovanın işində araşdırmanın aparılmaması nəylə bağlıdır. Hakimiyyət qorxur ki, Gülər Əhmədova nəsə açıqlayar? Yoxsa Gülər Əhmədova cəzalandırılarsa, gələcəkdə heç kimin bu cür əməlllərə getməyə razılıq verməyəcəyilə bağlıdır bu işin araşdırılmaması?
– Hər iki səbəb rol oynayır. Internetdə hələ ilk roliklər yayılan zaman mənim üçün aydın idi ki, Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunmayacaq. Çünki Gülər Əhmədovanın fəaliyyəti ilə məşğul olan və birbaşa iqtidara xidmət edənlər çoxdur. Hakimiyyət cinayət məsuliyyətinə Gülər Əhmədovanı cəlb etməkdənsə, fikirlərini sərbəst şəkildə ifadə edən Zərdüşt Əlizadəni, Ilqar Məmmədovu məhkəməyə verməyi üstün tuturlar. Halbuki bu hakimiyyəti təmsil edənlər hər gün ağır cinayətlər törədirlər.
– Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Elşad Abdullayev əlində olan materilları öncə prokurorluğa, bu instansiyadan cavab gəlmədikdən sonra isə Prezident Administrasiyasında Fuad Ələsgərova təqdim edib. Amma onlardan heç biri müraciətlə bağlı tədbir görməyib. Bunun səbəbini siz son baş verənlərin fonunda necə izah edərdiniz?
– Bunun səbəbi aydındır. Dediyim kimi, heç bir qüvvə hazırkı hakimiyyəti özünə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını, deputatları cinayət məsuliyyətinə cəlb etməyə vadar edə bilməz. Hacı Məmmədovun işi təkrarlanmayacaq. Amma Hacı Məmmədovun dəstəsi kimi qruplar Azərbaycanda olub və hələ də fəaliyyətlərini davam etdirirlər. Oxşar situasiya digər postsovet ölkələrində də var. Bu ölkələrdə də hüquq-mühafizə orqanları cinayətkar dəstələrin “funksiyasını” yerinə yetirirlər. Azərbaycanda da hər hansı mağaza müdirinə, kiçik sahibkara yaxınlaşaraq ondan “vergi” tələb edə biləcək cinayət qruplaşmalar yoxdur. Bütün bunları Azərbaycanda hüquq-mühafizə orqanları edir. Azərbaycandakı idarəçilik sistemi mahiyyətcə cinayətkar qruplaşmadır. Ona görə Azərbaycanda cinayətkar qruplaşmalar fəaliyyət göstərmir, bizdə cinayətkar qruplaşma özü dövlət aparatında oturub. Ona görə Azərbaycanda insanlar cinayətkarlar tərəfindən qətlə yetirilmir. Bizdə insanları bölmələrdə polislər qətlə yetirir. Mənim yaxşı yadımdadır. Iyirmi il əvvəl beynəlxalq seminarların birində Nigeriyadan olan nümayəndələrin çıxışını dinləyirdim. Onlar bildirdilər ki, Nigeriyada vətəndaşlar küçə ilə gedəndə polis gördüyü zaman yollarını dəyişməyə çalışırlar. Çünki bu ölkədə polis birbaşa cinayətkarlığın təcəssümüdür. Mən o zaman dedim ki, Bakı küçələrində polis görən zaman qorxmuram. Amma hazırda Azərbaycan Nigeriyanın yaşadığı günlərin dadını görür. Hazırda Azərbaycanda polis rüşvət tələb edəndə imtina etmək vətəndaşa ciddi işgəncələr vəd edir. Çünki polis özbaşnalığa yol verərək vətəndaşı bölməyə aparıb, orada işgəncəyə məruz qoya bilər.
Hakimiyyət Səməd Seyidovu hədəf götürməklə “narazılığını” ifadə edib
– Bu ərəfədə Səməd Seyidovla da bağlı rüşvət qalmaqalı gündəmə gəldi. Bu qalmaqal qalxdığı kimi dərhal da yekunlaşdı. Bunun səbəbi nə idi. Nəyə görə hakimiyyəti beynəlxalq aləmdə təmsil edən gözlənilmədən hədəf seçildi və sonrada bu kampaniyadan geri çəkildi?
– Görünür, Səməd Seyidovun işindən hakimiyyət “narazılığını” bu cür ifadə edib. Çünki AŞ PA-nın Azərbaycana qarşı bu cür sərt mövqedən çıxış edəcəyi, Ştrasserin qətnamə qəbul etməsi bir qədər hakimiyyət üçün gözlənilməz idi. Hakimiyyətin AŞ PA ilə bağlı rüşvət siyasəti gözlənilən nəticəni vermədi. Axı AŞ PA siyasi büro deyil ki, hamını rüşvətlə əla ala biləsən.
– Hakimiyyətin “kürü diplomatiyası” ilə bağlı siyasəti ifşa olunduqdan sonra AŞ PA Azərbaycana münasibətdə sərt mövqe nümayiş etdirdi. Hazırda da bu sərtlik qalmaqdadır. Bu siyasət sizcə, davamlı xarakterli olacaq, yoxsa bir müddət sonra səngiyəcək?
– Bu siyasətin davamlı olması yalnız AŞ PA-dan asılı deyil. Bu hamımızdan asılıdır. Bu siyasətin daha da sərt olması üçün vətəndaş cəmiyyəti, bloggerlər aktiv fəaliyyət göstərməlidir. Bundan başqa, AŞ PA-nın Azərbaycan üzrə məlum məruzəçiləri dəyişdirilməlidir. Onların mövqeyinin Prezident Administirasiyasının mövqeyi ilə üst-üstə düşdüyü aydındır. AŞ PA-da hakimiyyətə yönəlik sərt mövqeyə diqqətlə yanaşmaq lazımdır və çalışmalıyıq ki, bu məsələ gündəmdən düşməsin.
– Bir ildən sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər ərəfəsində də Azərbaycana diqqət artırılacaq. Bu baxımdan Azərbaycana yanaşmada beynəlxalq təşkilatlardan gözləntiləriniz nədir?
– Azərbaycanda siyasi məhbus probleminin tam həllinə nail olmaq lazımdır. Bu məsələyə beynəlxalq təşkilatların diqqətini qabartmaq gərəkdir. Əgər beynəlxalq təşkilatlar Azərbaycanda bu problemin həllinə nail olmasa, o zaman qarşıdan gələn seçkilər də əvvəlkilərdən fərqlənməyəcək.
Xəyal