Kəmaləddin Heydərov zəlzələ bölgəsindəki korrupsiya faktlarının gizlədilməsi üçün müşavirə keçirib
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Qax-Zaqatala zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması işində mənimsəmələr və xoşagəlməz vəziyyətlə bağlı hesabat hazırlamasına dair məlumatı hakimiyyət strukturlarında rezonans doğurub.
Qeyri-rəsmi məlumatlara görə, FHN rəhbəri Kəmaləddin Heydərov aşkar olunmuş nöqsanlara aydınlıq gətirmək üçün noyabrın 8-də Prezident Administrasiyasına çağırılıb.
Hazırlanan hesabatda 2012-ci il may zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin irimiqyaslı oğurlanması ilə bağlı faktlar əksini tapıb. Hesabatdan məlum olur ki, zəlzələ zonasında bərpa işləri üçün vəsaitin xeyli hissəsi (300 mln.manat) mənimsınilir və təyinatı üzrə xərclənmir.
K.Heydərov Prezident Administrasiyasından qayıtdıqdan sonra ifşaedici faktların nəticələrinin minimuma endirilməsi və KİV-ə informasiya sızmasının qarşısının alınması üçün müşavirə keçirib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, “Kür” qərargahının fəallarının, əsasən onun koordinatoru Oqtay Gülalıyevin neytrallaşdırılması planı nəzərdən keçirilir. O.Gülalıyev bu ilin aprelində həbs olunub, lakin yerli və beynəlxalq səyləri sayəsində azad edilib.
Üç həftə əvvəl hüquq-mühafizə orqanları zəlzələ zonasında evlərin tikintisində iştirak edən podrat şirkətlərindəki yeddi nəfər vəzifəli şəxsi həbs ediblər. Lakin həbslər barədə məlumat mətbuata yalnız indi sızıb.
Rəsmi məlumatlara görə, Şəki, Qax, Zaqatala, Balakəndə baş vermiş zəlzələ nəticəsində 5939 evə və sosial obyektə ziyan dəyib.
3200 ev qəza vəziyyətində olduğundan sökülüb, yeni evlərin tikintisi qərara alınıb. Lakin 6 aydan çoxdur ki, təbii fəlakətdən zərər çəkmiş adamların çoxu çadırlarda yaşayır, onlar üçün ev tikilməyib.
Yaxın günlərdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının hesabatı əlaqədar təşkilatlara və ictimaiyyətə təqdim olunacaq. Sənədin ingilis dilinə tərcümə olunaraq beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur (contact.az).