“Nigara qarşı haqsızlıq edilib”

Gültəkin Hacıbəyli: «Cinayəti hakim partiya tərəfindən etiraf edilən başqa bir qadına qarşı fərqli davranış sərgilənir, amma Nigara ədalətsiz münasibət göstərilir»

Azərbaycan Ziyalılar Forumunun üzvü, sabiq deputat Gültəkin Hacıbəyli “mediaforum”a açıqlamasında gənc fəal Nigar Yaqublunun həbsilə bağlı fikirlərini bölüşüb. O, bu həbsi çox uğursuz, uyğun olmayan, qeyri-adekvat hərəkət kimi dəyərləndirdiyini söyləyib: “Düşünürəm ki, Nigara qarşı haqsızlıq, ayrı-seçkilik edilib.
Onunla ağır bir cinayətkar kimi davranırlar. Bədbəxt bir hadisə baş verib və hadisədə Nigar özü də xəsarət alıb. Nigarın bilməyərəkdən bu qəzanı törətdiyi ehtimalları var və onu heç kim suçsuz çıxarmır. Ancaq ona tətbiq edilən addım törətdiyi əməlin dərəcəsinə uyğun deyil. Bu günə kimi Azərbaycanda avtomobil qəzasına görə xanımları istintaq mərhələsi zamanında həbs etməyiblər.
Digər tərəfdən, hələ bəlli deyil ki, istintaqın nəticəsində nə üzə çıxacaq. Bəlkə də onun heç bir günahı olmadığı bilinəcək?! Gənc, fəal bir qızın nə qaçmaq, nə də gizlənmək ehtimalı var. Hesab edirəm ki, cəmiyyət daxilində daha çox anlaşmaya ehtiyac olduğu bir zamanda Nigarın həbsdə saxlanması arzuolunmazdır.
Ümumiyyətlə, xanımların həbsdə olmasını arzulamıram. Məhkəməyə qədər xanımlara qarşı həbs-qətimkan tədbiri seçilməsini qəbul etmirəm. Nigara qarşı atılan addım heç bir halda məqbul sayıla bilməz. Son zamanlar gözümüzün qarşısında başqa proseslər baş verir və cinayətin sübutuna belə ehtiyac olmadan, cinayəti hakim partiyanın rəhbərliyi tərəfindən birmənalı olaraq etiraf edilən başqa bir qadına qarşı fərqli davranış sərgilənir. Amma Nigara ədalətsiz münasibət göstərilir”.
Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. Istintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.