Doktoru öldürən doktorlar…

Dəyərli yazarımız Rafiq Tağı qatilin bıçaq zərbələrindən sağ çıxıb, əvəzində xəstəxanada gözlərini əbədi yumandan sonra yazmışdım: Rafiq Tağı ikinci dəfə öldürüldü. Haqqında ölüm fərmanı çıxarılanların sui-qəsddən sonra həkimlərin sayəsində sağ qalıb, ama bir neçə gün sonra xəstəxanada durumunun yaxşı olduğu halda gözlənilmədən ölməsi və bunun hansı formada həyata keçirilməsi kimi faktları həm filmlərdə, həm ədəbiyyatda, həm də kriminal xronikalarda çox görmüşük.
Rafiq bəy də eyni ssenari üzrə qətlə yetirildi. Çünki tapşırıq verilmişdi və başa çatdırılmalıydı. Bunun qarşısını yalnız normal dövlət orqanları ala bilərdi ki, Azərbaycanda da vətəndaşın həyatında maraqlı olan hansısa normal dövlət orqanından danışmaq abırsızlıqdan başqa bir şey deyil.
Hələ yazarın nəşi isti olanda qardaşı deyirdi ki: – Rafiq yaxşıydı. Gəlib nəsə bir iynə vurdular. Sonra yazarlar gəldi Rafiqi yoluxmağa; dedilər, danışdılar. Rafiq də özünü yaxşı hiss eləyirdi. Onlar gedəndən sonra qəfildən Rafiqin halı dəyişdi və məni səslədi…
Yəni bu müəmmalı iynə söhbəti hələ onda bizə məlum idi. Və çoxları ancaq bu iynədən şübhələnirdilər. Çünki sonradan Rafiqin ölüm xəbərini telefonla eşidən həkimi də xəbərə son dərəcə heyrətlənmişdi: “Axı bu necə ola bilər??? Rafiqin durumunda qorxulu heç nə yox idi…”
Rafiq Tağının işinin araşdırılması üzrə yaradılan müstəqil təhqiqat qrupunun üzvü Eynulla Fətullayev də istintaqın şübhəli məqamların üzərindən sükutla keçdiyini deyir: “Müdafiə tərəfi də vəsatət qaldırmışdı ki, həmin iynənin tərkibi açıqlansın və bununla bağlı məhkəmə-tibb ekspertizası təyin edilsin. O zaman istintaq vəsatəti faktiki olaraq rədd etdi. Bu da bizdə əsaslı şübhələr yaratmışdı. Əgər istintaq bu məsələdə qərəzsiz idisə, həqiqətləri üzə çıxarmaq istəyirdisə, adi bir vəsatəti niyə təmin etmədi? Bu, çox ciddi bir ipucudur”.
Hələ o günlərdə şəxsən mən bu qətlin Elmar Hüseynovun qətli ilə bənzər olduğunu və eyni şəkildə açılmaz qalacağını da yazmışdım və indiki hadisələr və istintaqın gedişi göstərir ki, elə də olacaq. Vəkil Elçin Sadıqov da eyni fikri və istintaqla bağlı ümidlərini itirdiklərini dilə gətirir: “Bu işi də Elmar Hüseynovun istintaqının taleyi gözləyir. Hökumət qurumları qətlin üstünün açılmasında maraqlı deyillər”.
Elmar Hüseynovun qatillərinin ölkədən necə çıxması və sonradan yerləri bəlli olsa da, onların Azərbaycana gətirilməsi istiqamətində heç bir əməli iş görülmədi. Bu da bizim son dərəcə məntiqli görünən ehtimallarımız arasındaydı ki, Rafiqin qatillərinin, ən azı qətli planlaşdıranların ölkədən çıxması və ya çıxarılması prosesi baş verəcək. Bu prosesin baş verib-verməməsi bizə konkret olaraq məlum deyil. Lakin bir-iki ay öncə qəfildən gündəmə bomba kimi düşən bir məsələ anoloji olayın detalları önəmli sayt və qəzetlərin hər birinin ilgisini çəkdi, fakta ciddi yer ayrıldı, bu fakt üzrə bir neçə gün, hardasa iki həftə xəbərlər dolaşdı və hansısa yeni bir gündəm hadisəsi bu faktı sanki belə bir şey heç olmayıbmış kimi unutdurdu, söz-söhbət kəsildi. Və Rafiq Tağının qətli ilə bağlı məsələyə aydınlıq gələ biləcəyinə bağlı bütün ümidlər qırıldı.
Söhbət Cavid Qurbanovun sürücüsü Mahir Lənkərani ilə bağlı insidentdən gedir. Onun Iranla ilişgilərindən, soyadını dəyişib Lənkərani qoymasından və ölkədən qaçmasından.
Məsələ onda deyil ki, bu şəxsin Rafiq Tağı olayına hansısa formada birbaşa bağlılığı vardı. Sadəcə, adamın haqqında verilən xəbər və faktlar ciddi ehtimallar doğururdu ki, bunlar da doktorun işində bir ipucu ola bilərdi.
Zənnimcə, artıq bu işi bağlanmış hesab eləmək olar. Ən azı bu iqtidar hakimiyyətdə olduğu sürəcə.