Vəfa Quluzadə: «Gürcüstanın yeni hökuməti ilə bir yerdə olmaqdan başqa çarəmiz yoxdur»
Azərbaycan hakimiyyəti Gürcüstanın yeni hökumətinə qarşı açıq-aşkar qısqanclıq nümayiş etdirir. Hakimiyyətin nəzarətində olan mətbuat orqanları son günlər ancaq Ivanaşvili hökumətini “topa tutumaqla” məşğuldurlar.
Yeni hökumətin Ermənistanla dəmir yollarını bərpa edəcəyi ilə bağlı bəyanatı YAP hakimiyyəti üçün əməlli-başlı bəhanəyə çevrilib. Bu bəhanəni əsas götürərək yeni hökuməti o ki var tənqid edirlər. Əslində isə Azərbaycan hakimiyyətini dəmiryolu məsələsi yox, yeni hökumətin demokratik seçki ilə yolu ilə iqtidara gəlməsi daha çox narahat edir.
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında illər boyu rəqabət olub. Lakin V.Quluzadə hesab edir ki, bu iki ölkənin bir yerdə olub, münasibətləri inkişaf etdirməkdən başqa çarəsi yoxdur: “Əlaqələri inkişaf etdirməli, bir-birimizdən möhkəm tutmalıyıq. Gürcüstan Azərbaycansız, Azərbaycan da Gürcüstansız yaşaya bilməz. Azərbaycanın nefti də, qazı da Gürcüstan üzərindən Türkiyəyə, oradan da dünya bazarına gedir. Eyni zamanda Gürcüstana da Azərbaycanın nefti-qazı gedir. Ona görə oturub yeni hökumətlə bütün məqamları müzakirə etmək lazımdır. Məlum olmalıdır ki, tərəflərin istəkləri nələrdir. Və hansı məsələdə hansı formada razılığa gəlmək olar”.
Gürcüstanın Ermənistanla dəmir yolunu bərpa etmək niyyətinə gəlincə, V.Quluzadə bu məsələdə tələskənliyə yol verməyin doğru olmadığını deyir: “Birincisi, yollar açılmayıb. Bu, hələ söhbətdir. Ona görə indidən buna belə reaksiya verməyə dəyməz. Ikincisi, bu yollar açıq olanda biz ondan nə ziyan çəkmişik? Onsuz da, 93-cü ildən bu yana atəşkəsidir. Üstəlik Rusiya Ermənistanda o qədər silah-sursat qoyub ki, buna ehtiyac da yoxdur. O biri tərəfdən Rusiya Ermənistana Iran vasitəsilə nəyi istəsə çatdıra bilir. Ona görə yolların açılmasını problem kimi ortaya atmaq düzgün deyil. Eyni zamanda Gürcüstanın özünün Rusiya ilə problemləri var. Ola bilsin bu yollar heç açılmadı da”.


