Qonşu Gürcüstanın yalnız periferiyasında Rusiyanın istehsalı olan minik avtomobillərinə tez-tez rast gəlmək mümkündür.
Mərkəz Tiflisdə mütləq bir neçə dəqiqə dayanıb gözləməlisən ki, yanından bir “Jiquli” ötüb keçsin.
Neftdən milyardlar qatlayıb cibinə qoymayan Gürcüstan xaricdə istehsal olunan minik avtomobillərinin idxalına elə bir rüsum qoyub ki, gürcülər rusun konstruktorlarından biri də Əzrayıl olan “Jiquli”sini almırlar.
Burada özünüdərk və gürcü qürurunun diqtə etdiyi Kremlə nifrət faktoru da önəmli rol oynayır, bunu etiraf etmək gərəkdir. Eyni zamanda dövlətin vətəndaşların durumuna rəğmən gömrükdə tətbiq etdiyi aşağı tariflər gürcü vətəndaşlarına seçim imkanı qoymur.
Görənlər təsdiqləyər, maşın həvəskarı olan gürcülər “Jiquli”yə deyil, Almaniyada istehsal olunan minik avtomobillərinə üstünlük verirlər.
Nədən ki, bu, həm təhlükəsizlik baxımdan sərfəlidir, həm də yüz illərlə rus imperiyasının köləliyindən xilas olmuş millətin bir daha Kremlin ağuşuna dönməyəcəyinə işarədir.
Neft gəlirlərinin fontan vurduğu Azərbaycanda isə xaricdən gətirilən minik avtomobillərinə elə vergi taarifləri müəyyən edilib ki, vətəndaş yalnız gömrüyə ödəyəcəyi pula çox rahat şəkildə rus maşını ala bilir.
Statistika idarəsinin və Dövlət Yol Polisinin internet səhifələrinə nəzər yetirdim, fəqət bir il ərzində Rusiyadan nə qədər “Jiquli” idxal olunduğu barədə bir məlumat tapmadım.
Heç görünən dağa bələdçi də gərək deyil, sadəcə, beş dəqiqə dayanıb yoldan ötən maşınların markalarına diqqət etmək kifayətdir ki, “Jiquli”nin Avropa maşınları üzərində üstünlüyünün şahidi olasan.
“Rus maşınları həm ucuzdur, həm də ehtiyat hissələrini asanlıqla əldə etmək mümkündür”, bilirəm ki, bəziləri belə düşünür.
Içimizdə həm də bir Rusiya məhəbbəti bəsləyirik, etiraf edək.
Və ən başlıcası rusun “07″-si qəribə keyfiyyətlər aşılayır sahibinə.
Sükan arxasına keçən:
– avtomobilin ön hissəsini mütləq 10-15 sm yuxarı qaldırır;
– arxa şüşəyə qara plyonka çəkdirir;
– kolonkalarından çıxan səsi qonşu məhəllədə eşidilən “Pioner” markalı maqnitofon quraşdırır;
– 5-10 meyxana kaseti əldə edir;
– avtoşluq həvəsinə düşür.
Nədən bunu edirlər?
Bu maşın sürücülərin psixologiyasını dəyişdirir, 07-model “Jiquli” sahibində 07 sindromu yaradır.
Şəhərin mərkəzində avtomobili sürətlə idarə etməkdən, sağdan-soldan ötməklə qəza vəziyyətləri yaratmaqdan qürur duymaq sırf psixoloji məsələdir və bu məsələnin içində anormallıq var.
Yalnız gerçək qürurun nə olduğundan xəbərsizlər, dərketməsində problemi olanlar sükan arxasında belə hərəkət edirlər.
Bəlkə də statistika aparılır, aparılmasa da əminliklə demək olar ki, Bakıda avtomobil qəzalarının əksəriyyətini Rusiya markalı maşınlar törədir.
Ölümlə nəticələnən avtomobil qəzalarında da “Jiquli” liderdir.
Yaxınlarda Daxili Işlər Nazirliyi mətbuata açıqlama verdi ki, bu ilin 9 ayı ərzində 838 vətəndaşımız avtomobil qəzasından həlak olub.
Ölüm hadisələrinin neçə faizinin baiskarının “Jiquli” olduğunu isə açıqlamayıb. Açıqlasaydı, bəlkə hökumətin başında oturanlar Avropada istehsal olunan minik avtomobillərinə qoyduqları rüsum Gürcüstanın səviyyəsinə endirərdilər.
Bununla həm faciə ilə sonuclanan qəzaların, həm də 07 sindromuna yoluxmuş soydaşlarımızın sayı azalardı.

Azərbaycan gəncliyində “07» sindromu
•