Xalqsız xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi 1 milyon manat rüşvət aldığına görə həbs olunub, bu pula Elşad Abdullayevin universitetinin lisenziya məsələsi həll olunacaqmış. Əlbəttə, o qədər pulun yalnız köməkçiyə çatacağını, işi onun özünün həll edəcəyini düşünmək sadəlöhvlükdür, üstəlik, Elçin Əfəndiyevin baş nazir müavini kimi səlahiyyətlərinə həm də təhsil məsələləri daxildir, o eyni zamanda prezident yanında təhsil komissyasının üzvüdür. Yəni lisenziya üçün 1 milyon manat rüşvətin məhz Əfəndiyevin köməkçisinə verilməsi əsla təsadüf-zad deyil.
Baxmayaraq ki, dünən xalqsız xalq yazıçısı özü haqda deyilənlər barədə açıqlama verib, əlbəttə, hamı kimi öz ayranına turş deməyib, sonra da zırıltı bir cümlə qurub: “Jurnalistlərdən xahiş edirəm ki, mənim bircə təmiz adım var, onu da ləkələməsinlər…”.
Əvvəla, görürsüz bir az dara düşən kimi, necə yumşalır, jurnalistlərdən xahiş-zad da edirlər? Halbuki başqa vaxt çox göynən gedir, jurnalistlərə tərbiyə dərsi-filan keçirlər, peşəkarlıqdan dəm vururlar.
Ikincisi – təmiz ad məsələsi. Açığı, Elçin Əfəndiyevin yadına bunun indi niyə düşdüyünü bilmirəm. Təmiz ad dərdi olan adamın başdan ayağa korrupsiyalaşmış, xirtdəyədək çirkab içində olan, gücünü yalandan, saxtakarlıqdan və zopadan alan, bütün çağdaş dəyərlərə tüpürmüş, hüquqsuzluğu, ədalətsizliyi, oğruluğu, talançılığı idarəetmə normasına çevirmiş bir rejimin sıralarında nə işi var. Həm belə bir iyrənc siyasi sistemdə yüksək bir vəzifə tutacaqsan, həm də təmiz addan danışacaqsan? Bəsdirin, sən allah, Elçin müəllim! Bişmiş toyuqları güldürməyin.
Sizin və sizin kimi bu rejimin vintciyi, təkərciyi rolunu oynayan yüzlərlə, minlərlə insanın təmiz addan danışması adamlarda ikrah və gülüşdən başqa heç nə yarada bilməz. Mən əminəm ki, siz özünüz necə bir siyasi sistemdə çalışdığınızı anlayanlardansınız, amma onu da anlamalısınız ki, ölkədə çörəyi qulağına yeməyən də xeyli insan var. Onlar yaptokratiya sıralarında qərar tutub, antixalq rejimindən mayalanıb həm də təmiz qalmağın mümkünsüzlüyünü çox gözəl dərk edirlər. Qatırdan qulun, təkədən pendir tutmaq olar, amma bu oğru sistemin bir parçasına çevrilərək, təmiz qalmaq, dürüst qalmaq – bax bu nağıldır, fiksiyadır, filfilo söhbətdir.
93 manat
Əliyevçi rejim 2013-cü il üçün ehtiyac meyarını müəyyənləşdirib – 93 manat. Yaşayış minimumu isə 116 manatdır.
Bunun sadə izahı nədir? Yəni guya bu ölkədə 93 manata acından ölməmək, 116 manata isə ortabab yaşamaq olar. Elə gələn il sizdən tələb olunan da budur.
Bu, rəzalətdir. Bu, firavanlıq, rifah nağılları danışan sistemin utancıdır. Azərbaycanda analoqsuz inkişafdan danışan yaptokratların alnında qara ləkədir. Ölkədəki oğurluğun, talançılığın miqyasının görsənişidir. Vətəndaşından 93 manatla bir ayı başa çıxarmağı istəyəcəksən ki, Dubayda mülklərin olsun, ölkədən çıxarmağa 48 milyard tapa biləsən.
Artıq o da məlum oldu ki, Ilham Əliyev yoxsulluğu 500 faiz azaltdığını deyərkən nəyi nəzərdə tuturmuş – 93 manata acından ölməməyi!
Yazıqlar olsun!
Içimdəki bir hiss
Rejim 2003-dən sonra ən ağır günlərini yaşayır. Hətta onda da sistemin çöküş ehtimalı bəlkə bu qədər real deyildi.
Hər kəs onlara qarşıdır. Yeganə ümidləri korrupsiya ilə yığdıqları milyardlara idi, amma artıq qarşılarında milyarderlər də var.
Sistemin çürüklüyü, gəmi kimi batmağa başlaması aydın görünür. Heç nə effekt vermir – həbslər, işgəncələr, çoxlu pullar. Hamısı sistemin çöküşünü önləmək üçün gücsüzdür, faydasızdır.
Və içimdəki bir hiss 2013-də gözəl şeylərin olacağını deyir. Nə özümə ümid yaratmıram, nə sizə.
Amma içimdəki hissi də gizli saxlamaq istəmədim.
Yaşayarıq, görərik.

Sənin təmiz adını sevsinlər!
•
•