Baş Prokurorluq “Yeni Müsavat” qəzetinin internet səhifəsində “mötəbər” mənbəyə istinadən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə məlumata münasibət bildirib. Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E.Abdullayevin evində axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil: “Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur”.
***
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıda yerləşən daha bir evində axtarış aparılıb və oradan 400-ə qədər videokaset, eləcə də başqa materiallar götürülüb. Bu barədə musavat.com saytına məlumat daxil olub.
Əməliyyatı hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçiriblər. Bu əməliyyatdan sonra isə baş nazirin müavinin köməkçisi Vaqif Hüseynovun və iş adamı Arzu Kazımovun həbsi həyata keçirilib. Xəbəri verən mənbə bildirir ki, Elşad Abdullayevin ətrafında cərəyn edn bu iki hadisə bir-birilə əlaqədardır.
“Azadlıq” Elşad Abdullayevin vəkili Adil İsmayilovla əlaqə saxladı.Vəkil bu işdən xəbərsiz olduğunu bildirdi.
Qeyd edək ki, artıq iki aya yaxındır E.Abdullayev əlindəki kompromatlarla hakimiyyəti hədələyərək itkin düşmüş qardaşının taleyinə yadınlıq gətirilməsini tələb edir. Onun hələ rektor işləyərkən müxtəlif şəxslərlə özünün görüşlərini audio və video lentlərə aldığı məlum olub.


