Obama bu dəfə Rusiyanı sıradan çıxaracaq

Vəfa Quluzadə: «Obama Cənubi Qafqazda güclü siyasət aparmağa və Rusiyanı burdan sıxışdırmağa məcbur olacaq»

ABŞ-da prezident seçkilərinin nəticəsi gözlənilən oldu. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, Barak Obama əhalinin böyük hissəsinin rəğbətini qazanaraq ikinci müddətə seçildi. Bütün dünyada olduğu kimi ABŞ-da da seçki öncəsi namizədlər nüfuzlarına xələl gətirən addımlar atmaqdan çəkinir. Çünki istənilən etimadsız addım onlara verilən səslərin sayına təsir edə bilər.
Bu baxımdan seçki öncəsi atılan addımlarla seçkidən sonrakı fəaliyyətdə fərq olur. Bir məqamı da qeyd etmək yerinə düşər. Başqa seçkilərdən fərqli olaraq bu dəfə erməni lobbisi namizədlərdən heç birinə dəstək vermədi. Onların belə mövqeyinin də təsirsiz ötüşməyəcəyini ehtimal edənlər var. Bu mənada Barak Obamanın ikinci prezidentlik müddətində ölkəmizin də yerləşdiyi regionla bağlı hansı addımlar atacağını gözləmək olar?
Politoloq Vəfa Quluzadə erməni lobbisinin ABŞ siyasətində hər hansı rol oynaya bilməyəcəyini deyir. Onların namizədlərdən heç birinə dəstək verməməsi isə prezidentliyə iddialı şəxslərin ermənilərlə hesablaşmadığını göstərdi.
Ekspertin sözlərinə görə, ABŞ-dakı erməni lobbisi Barak Obamanın hər cəhətdən rəqibindən xeyli üstün olduğunu gözəl bilirdi. Obama da ermənilərin xahişlərini yerinə yetirmədi, soyqırımı tanımadı. Romni isə uduzan tərəf idi. Ona da dəstək verə bilməzdilər. Deməli, ermənilər növbəti dörd ili də sakit oturacaq və ABŞ onların heç bir iddiasını tanımayacaq.
Ermənilərin iddiasını avantürizm adlandıran ekspert heç kimin heç vaxt onun dalınca getməyəcəyini də qeyd etdi.
Politoloq Obamanın növbəti dörd ildə siyasətini davam edəcəyini və yarımçıq qalan işlərini bitirəcəyini bildirdi: “Obama ona görə ikinci dörd ilə seçildi ki, o, qarşısına qoyduğu məsələlərin hamısını bitirməyib. Əfqanıstan məsələsini bitirməyib. Əfqanıstanla əlaqədar olaraq Mərkəzi Asiya məsələləri gündəmə gəlir. ABŞ Əfqanıstandan Mərkəzi Asiyaya çəkilə bilər. Bütün silahları Mərkəzi Asiyada yerləşdirə bilər. Cənubi Qafqaz məsələsi həll olunmayıb. Rusiya Cənubi Qafqazdan çıxarılmalıdır. Gürcüstandan çıxarılıb. Indi Rusiya Azərbaycanda möhkəmlənməyə ümid edir. Gah Həştərxanda hərbi donanmasını gücləndirir, gah Şimali Qafqaza əlli minlik qoşun göndərir. Rusiya bir fənd işlədib Amerikanı Cənubi Qafqazdan qovmaq istəyir. Amma Amerika bunu bilir…”.
Ekspert hesab edir ki, Obama yeni prezidentlik dövründə Cənubi Qafqazda güclü siyasət aparmağa və Rusiyanı burdan sıxışdırmağa məcbur olacaq. Amma bu da asan məsələ deyil. Bunun üçün Suriyadakı müharibə qurtarmalı və Qərblə əlaqəli olan yeni rejim qurulmalıdır. Suriya problemi həll olunandan sonra ortalığa Iran və “Hizbullah” məsələsi çıxacaq.
Obamanın birinci prezidentlik dövrünü uğurlu hesab edən ekspert onun bundan sonra da güclü siyasət yürüdəcəyini vurğuladı: “Obama Amerikanı böhrandan çıxardı. Ölkədə stabillik, artım oldu, hər cəhətdən inkişaf etdi. Amerikanın ardınca Avropa da böhrandan çıxdı. Çünki hamısı ondan asılıdır. Ona görə Obama güclü siyasət yürütməyə hazırlaşır. Mənim üçün kimin seçiləcəyi çox maraqlı idi. Obamanın tam üstünlüyünü həmişə demişdim. Amma gələcəkdə Amerika daha aqressiv olacaq. Düşünürdüm ki, Obama daha təmkinlidir, bəlkə Romniyə istinad etsinlər. Lakin Obamanı təhlil edəndən sonra görünür ki, o, üzdən olduqca yumşaqdır, amma çox sərt siyasət aparır. Əl-Qaidə əleyhinə güclü siyasət həyata keçirdi”.
Ekspert Obamanı sərt siyasət aparan, ancaq bunu ağılla quran və təqdim edən siyasətçi kimi qiymətləndirdi. Təkrar seçilməsinin səbəbi də məhz budur.

Fizzə