Elşad Abdullayev Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Cəlal Əliyev və Şəfiqə Əliyevanın adını niyə çəkib?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə həbslərin başlandığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, artıq bu işlə bağlı 3 nəfər həbs edilib. Həbs edilənlər iş adamı Arzu Kazımov, Vaqif Hüseynov və Nəriman adlı şəxslərdir.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov adıçəkilən şəxslərin həbsini təsdiqləsə də, onların Mahir Abdullayevin işilə bağlı deyil, Elşad Abdullayevə qarşı dələduzluq əməlləri törətdiklərinə görə tutuqlandığını bildirib. O, “Qafqazinfo”ya açıqlamasında deyib ki,
Hüseynov Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Vaqif Hüseynovun baş nazirin müavini, yazıçı Elçinin köməkçisi olması barədə xəbərlər yayılıb. Elçin bu məsələyə aydınlıq gətirib. “Jurnalistlərdən xahiş edirəm ki, mənim bircə təmiz adım var, onu da ləkələməsinlər. Mənim o adamla heç bir əlaqəm yoxdur”,- deyə o, “Qafqazinfo”ya bildirib.
Onun sözlərinə görə, Vaqif Hüseynov adlı şəxs həqiqətən də onun köməkçisi olsa da, 3 il əvvəl vəzifəsindən gedib: “Yəni onun kimdən və nə zaman 1 milyon pul almasında mənim adımın hallandırılmasının yeri yoxdur. Inanın ki, bu adamla mənim heç bir əlaqəm də olmayıb. Əgər bu adam həbs olunubsa və hər hansı cinayətdə iştirakı varsa, istintaq prosesi hər şeyi üzə çıxardacaq və buna görə tələsmək lazım deyil.
Bir xalq yazıçısı kimi adımın belə səviyyəsiz söhbətlərdə çəkilməsindən təəssüf hissi keçirdirəm. Jurnalistlərdən bir xahişim var ki, mənim bir təmiz adım var, onu da ləkələməsinlər”.
Nəriman Ağayevin Mahir Abdullayevin işilə bağlı, ümumiyyətlə Elşad Abdullayevlə hansı problemi olması barədə hər hansı məlumatımız yoxdur. Lakin Arzu Kazımov dələduzluq maddəsilə həbs olunsa da, onun Mahir Abdullayevin işilə müəyyən bağlılığı var. Elşad Abdullayev “Azadlıq”a müraciətlərində vurğulayıb ki, o, qardaşının tapılması üçün daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevə 3 milyon dollar verib. O, bu pulu Zahid Dünyamalıyevə Arzu Kazımov vasitəsilə verdiyini iddia edib.
Vaxtilə Mahir Abdullayevin işi ilə bağlı araşdırma aparan tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim ”Azadlıq”a müsahibəsində daha ilginc faktlar açıqlayıb. Əyyub Kərimin sözlərinə görə, Elşad Abdullayev təkcə Zahid Dünyamalıyevlə deyil, DIN-in başqa bir yüksək rütbəli əməkdaşı ilə də görüşüb: “Məndə olan məlumata görə, Elşad Abdullayev o zaman DIN-in adam oğurluğu şöbəsinin rəisi, indisə Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini general-mayor Elxan Həsənovla da görüşüb. Elşad Abdullayev onunla görüşdə qardaşının işilə bağlı Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Cəlal Əliyev və mərhum dövlət başçısı Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın adını çəkib. O, iddia edib ki, Mahir Abdullayev bu şəxslərdən birinin bağ evində saxlanılıb. O, Elxan Həsənovdan adıçəkilən şəxslərin bağ evlərində axtarış aparılmasını xahiş edib”.
DIN adıçəkilən şəxslərin evində axtarış aparıbmı? Elşad Abdullayev Mahir Abdullayevin oğurlanması ilə bağlı kimi ittiham edib? DIN-in yüksək rütbəli zabitləri Ramil Usubova baş verənlər barədə nələr deyib? “Azadlıq”ın növbəti sayında dərc ediləcək Əyyub Kərimlə müsahibədə bu suallara cavab tapa bilərsiniz. “Azadlıq”ı izləyin.
Informasiya şöbəsi