Hakimlər məhkəmə zalından qaçdı

Əvəz Zeynallı: “Məni Ramiz Mehdiyev həbs etdirib, Gülər Əhmədova sifariş yerinə yetirir. Prezident Aparatının rəhbəri məhkəməyə gəlsin”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ötən gün məhkəmə prosesi keçirildi. Prosesə şahid qismində sabiq deputat Gülər Əhmədova gəlməli idi. Ancaq gəlmədi…
Hakim zala girən kimi baş redaktor həbs olunan zaman ondan alınan telefonların taleyini soruşdu. Hakim bildirdi ki, Əvəz Zeynallının həbs olunan zaman mobil telefonlarının istintaq tərəfindən götürülməsi barədə verdiyi vəsatət əsasında istintaq orqanına sorğu ilə müraciət olunub və həmin sorğuya cavab verilib: “Məktubda qeyd olunub ki, Əvəz Zeynallı saxlanılan zaman ondan hər hansı mobil telefon götürülməyib”.

Əvəz Zeynallı:
– Telefonlarımı həbs olunan zaman Fuad Rəsulov adlı şəxs götürdü. Həmin adam gəlsin burda ifadə versin. Mənim telefonlarımdan saxta mesajlar göndərilib. Bu qədər də şərəfsizlik olmaz.

Dövlət ittihamçısı Ramazan Hadıyev:
– Əvəz Zeynallı, Siz məni də, dövlət orqanlarında olan vəzifəli şəxsləri təhqir edirsiniz. Belə olmaz.

Əvəz Zeynallı:
– Mənim Kürdəxanıdakı təcridxanada çəkdiyim bir günü siz çəkə bilməzsiniz. Mən həbs olunan kimi bütün qohumlarım işdən çıxarılıb. Deyirəm ki, ittiham tərəfinin dili çox qısadır. Bu, təhqir deyil.
Hakim dedi ki, Mərkəzi Klinik Xəstəxanadan prosesdə şahid kimi ifadə verməli olan Aydın Heydərovun səhhəti ilə bağlı onlara məktub göndərilib. Həmin sənəddə qeyd olunub ki, Heydərovun ürəyində problemlər var və o stress keçirə bilməz: “Eyni zamanda bizə Gülər Əhmədovanın evindən bildiriblər ki, Gülər Əhmədova xəstə olduğu üçün məhkəməyə gələ bilmir və yaxın vaxtlarda bununla bağlı həkimindən sənəd də alınıb məhkəməyə göndəriləcək”.
Bu cavaba əsəbiləşən Əvəz Zeynallı məhkəmədən zorla da olsa Gülər Əhmədovanın prosesə gətirilməsini tələb etdi.

Əvəz Zeynallı:
– Gülər Əhmədova bütün dünyanı gəzə bilir, ancaq məhkəməyə gələ bilmir? Mətbuat onun Amerikaya getdiyini, sonra başqa ölkələrə səfər etdiyini yazır, o, şərlədiyi adamla üz-üzə qalmaqdan çəkinir? Bu nə deməkdir? Adam tutdura bilir, ölkənin iki-üç müstəqil qəzetindən biri olan “Xural”ın baş redaktorunu məhbəsə saldıra bilir, ancaq məhkəməyə gələ bilmir? Harada yazılıb bu? Həkim nəzarətindədirsə, Allah şəfa versin, bütün hallarda məhkəməyə gəlməlidir. Lazım olarsa, Təcili Tibbi Yardım Stansiyasının maşını məhkəmənin önünə gətirilsin. Işə düşmüşük də. Sifarişlə adam tutacaqlar, istintaqa ifadə verəcəklər, sonra da məhkəməyə ərizə ilə müraciət edib deyəcəkləri ki, həkim nəzarətindəyik. Sizdə heç bir söz deməyəcəksiniz? Məhkəməsiniz axı! Əlinizdə səlahiyyət var. Qanunların sizə yaratdığı imkandan istifadə edin və Gülər Əhmədovanı məhkəməyə gətirin!

Dövlət ittihamçısı:
– Aidiyyəti üzrə danışın. Gülər Əhmədova məhkəməyə müraciət edib və bildirib ki, həkim nəzarətindədir.

Əvəz Zeynallı:
– Siz Gülər Əhmədovanı layiqincə burada təmsil edirsiniz. Ondan qorxursunuz. Gülər Əhmədova qəzetləri təhdid edəndə, aləmi qatıb “ağzımı açdırmasınlar” kimi açıqlamalar verəndə, qardaşı hər gün ANS telekanalında milləti təhqir edəndə xəstə olmur, bura gəlmək söhbəti çıxanda yalandan mətbuata bir mesaj göndərir ki, guya xəstədir. Ittiham tərəfinin dili çox qısadır. Mənimlə danışanda ehtiyatlı olun.

Dövlət ittihamçısı:
– Şər atmayın! Bu qədər yalan olmaz!

Əvəz Zeynallı:
– Şər atıramsa, əlavə cinayət işi qaldırın. Məhkəmə başlayandan deyirəm ki, məni Ramiz Mehdiyev tutdurub. Gülər Əhmədova bu işdə sadəcə sifarişçidir. Sizin cəsarətiniz olsaydı, Gülər Əhmədovanı bu məhkəmə zalına gətirdərdiniz. Eləyə bilməmisiniz, o zaman siz susun! Sizin hamınızın dili qısadır. Qanunları tapdadığınız üçün qısadır. Mənim yanımda qısadır, qanunsuz həbs etdirdiyiniz üçün, məni susdurmağa qalxdığınız üçün… Gülər Əhmədovanı bu günədək, həbs edə bilmədiyiniz üçün qısadır. Bu qədər böyük danışmaq sizin səlahiyyətinizdən çox-çox yuxarıdır. Ona görə bəyanatlar verməmişdən əvvəl, ağalarınızla məsləhətləşin, onlar sizə yol göstərəcəklər.

Hakim:
– Şahid yoxdur, ifadə verin. Gülər Əhmədovanın həkimdən aldığı məktub daxil olandan sonra bu məsələyə qayıdarıq.

Əvəz Zeynallı:
– Gülər Əhmədova məhkəməyə gəlməyincə ifadə verməyəcəm. O, gəlsin sonra…

Dövlət ittihamçısı:
– Protokola qeyd olunsun. Kifayət qədər siz ifadə vermisiniz. Burada danışmısınız.

Əvəz Zeynallı:
– Nə ifadə vermişəm? Demişəm ki, məni Ramiz Mehdiyev həbs etdirib. 10 min manat cərimələtdirib. Pulu ödəyə bilmədiyim üçün cinayət işinə əlavə olunsun və zəhmət çəkib bura gəlsin, o da ifadə versin. Bunları demişəm.

Hakim:
– Ifadə verin, başqa söhbətlər etməyin.

Əvəz Zeynallı:
– Gülər Əhmədova gəlməyincə ifadə verməyəcəm.
Baş redaktorun bu çıxışından sonra prokuror və hakimlər zalı tərk etdilər. Sonradan katib elan etdi ki, proses təxirə salınıb və məhkəmə noyabrın 14-ü, saat 14.00-da davam edəcək.

Ramin DEKO