Diktatorla «vida kommissiyası» da artıq işə başlayıb…
Azərbaycanda qaynar hadisələr soyuq axarla davam edir. Budur, bizim ölkəmizin əsas özəlliyi…Amma görünən odur ki, budəfəki qaynarlıq hər şeyi bişirəcək. ABŞ, Avropa və nəhayət, Rusiya Azərbaycanla xüsusi münasibətlər zolağına girib. Ilham Əliyev hakimiyyətinin uzanmasına səbəb olan dolayı hadisələr, həm də bu diktatora qarşı münasibətləri xeyli sərtləşdirir. Iran və Türkiyə kimi fərqli münasibətlərə malik olduğumuz ölkələrlə də dil tapmayan Azərbaycan hakimiyyəti əslində, daxili psixoloji savaşdan açıq qarşıdurmalara doğru gedir. Bütün bunların başlıca görsənişləri barədə daha ətraflı…
Əliyev ABŞ-ı “aldadır”
Azərbaycan hakimiyyəti müxtəlif zamanlarda “ABŞ Azərbaycanın strateji müttəfiqidir” və ya “Ölkəmizin daxili işlərinə qarışanlar arzularına çatmayacaq” kimi bəyanatlarla Vaşinqtonla münasibətlərin üzünü və astarını göstərib. Ilham Əliyevlə Obamanın sonuncu və tarixi görüşü bu iki hakimiyyət arasında ciddi və bitişməsi mümkün olmayan qopmaların olduğunu ortaya qoymuşdu. Azərbaycan hakimiyyəti bütün hallarda həlledici zərbəni və ya bu barədə qərarı Vaşinqtondan gözlədiyi üçün şübhəsiz ki, hər zaman gərginlik içindədir. Eyni zamanda, sabit bir düşmənlə üz-üzə olmağın psixoloji itkilərini verməkdədir. Buna görə də zaman-zaman ABŞ-ın Azərbaycandakı demokratik prosesə inanmadığını özlərinin qanadları altında olan saxta ABŞ brendlilərlə ifadə etməyə çalışırlar. Bu isə ən yaxşı halda, Ilham Əliyev ətrafında vətənpərvərliyin ifadəsilə iflasa uğrayır. ABŞ bir qayda olaraq, şəxslərlə deyil, komandalarla və demokratik mahiyyətli xalq hərəkatlarıyla əmakdaşlıq edir.
Avropa Birliyi “ipi kəsib”
Almaniya və Britaniya mətbuatı ardıcıl olaraq, Azərbaycanda zəif şəxsiyyətin xarakterinə uyğun formalaşmış aqressiv siyasi sistemi tənqid atəşinə tutur. Bu, ölkədə söz, ifadə və digər azadlıqlar uğrunda aparılan mübarizəyə çox mühüm dəstək olmaqla yanaşı, həm də dünya ictimaiyyətində Əliyevlərin həqiqi qiymətini almasına əhəmiyyətli şəkildə yardım edir. Əliyevlə siyasi, iqtisadi əlaqələrə girmək istəyən ciddi qurum və quruluşlar, şəxsiyyətlər artıq bu məsələdə ölçüb-biçməkdən də qorxurlar. Çünki əli öz xalqının boğazında olan biri ilə yan-yana görünmək heç kimə şərəf gətirmir. Dünya artıq bu cür siyasətçilərə və siyasətə dözmür. Iqtisadi baxımdan isə Əliyev özü Qərb dövlətləri üçün sadəcə, maneədir. Özü də aşılmayan maneə də deyil…
Iran və Türkiyə – iki od arasında titrəmək…
Əliyev hakimiyyəti artıq tükəndiyini Iran və Türkiyə arasında balans yaratmaq məcburiyyətində olmasıyla ortaya qoydu. Nəinki milli hakimiyyət dövründə, hətta ata Əliyevin dövründə də Azərbaycan üçün sözdə də olsa, Türkiyə ilə münasibətləri ilk sıraya qoymaq vacib idi. Amma indi Iran elə bir təhdidə çevrilib ki, Azərbaycan hakimiyyəti Türkiyə ilə viza məsələsini həll edə bilmir. Görünən isə odur ki, Iranın tələbləri günbəgün artır. Bu da Qərblə bütün körpüləri yandırmış Əliyevlərin uçurumun kənarına qədər gəlməsi deməkdir. Bəs sonuncu addımı kim atacaq?
Rusiya – diktatorların şah damarı!
Kreml bu günə qədər diktatorlarla ən son vidalaşan siyasi mərkəz kimi yadda qaldı. Ona görə ki, o, əslində, hər aşmaqda olan diktatoru xilas etmək və bununla da özünə doğru yaxınlaşan təhlükəni bir qədər ləngitmək məqsədi güdür. Amma hər dəfə məlum olur ki, xilas mümkün deyil və bu zaman uçurumun başına qədər sıxışdırılmış diktatora sonuncu təkan Moskvadan gəlir. Təbii ki, onu oradan salmaq üçün…
Rusiya dikatorların tanrısıdır, onlara şah damarlarından da yaxındır. Elə ona görə də Əliyevlər Moskvada yaranmış “Oliqarxların birliyi”ni süngü ilə qarşılayır. Əslində, isə bu yeni təşkilatın əsl adı “Əliyevlərlə vida komissiyası”dır. Putinin dostu kimi tanınan Ilham Rəhimov bəyan edir ki, o təşkilatı Kreml yaratmayıb. Yəni, Əliyevin komandasına təskinlik verir ki, narahat olmayın, Rusiya arxamızdan qaçmayıb. Əslində isə bu, ən yaxşı halda, siyasi fırıldaqdır. Buna neçə adamın inandığını hesablamaq çətin olsa da, Putinin adından danışmaq Bakıya köçəndən sonra elə də inandırıcı görünmür. Görünən odur ki, bu alver baş tutmayıb və Rusiyanın “Əliyevlərlə vida” projesi artıq durmadan işləməyə başlayıb. Təkziblər isə xəbəri yaddan çıxarmaq gücündə olmur, nəinki prosesi durdurmaq…
Beləliklə, Əliyevlər artıq sonuncu dayaqlarını da itirdiklərini bu yeni təşkilata hücumları ilə sübut edirlər. Biz isə bütün bu olanları ümumiləşdirib deyə bilərik ki, dünya Əliyevlərlə üzülüşdü.