Dövlət və Dil

İlham Əliyev ali təhsilini Moskvada başa vurub. 
Aspiranturanı da orada bitirib.
Moskvada ali məktəbdə dərs deyib, orada biznes fəaliyyəti ilə də məşğul olub.
Indi Azərbaycan Respublikasının Prezidentidir. 10 il əvvəl Azərbaycan dilində indiki kimi səlis danışa bilmirdi. Obyektivliyi itirməyək, indi danışır.
Artur Rəsizadə həyat fəaliyyətinin əsas hissəsinin Azərbaycanda keçirib.
Moskvada və ya Leninqradda ali məktəbdə nə təhsil alıb, nə də rus dilində dərs deyib. Yüksək vəzifələrə də Azərbaycanda layiq görülüb.
Bu gün də Azərbaycan Respublikasının Baş Naziri postundadır.
Azərbaycan türkcəsində yazıb oxumağı barədə bir söz deyə bilmirəm, fəqət ana dilimizdə danışarkən, əziyyət çəkir. Həm özünü pis vəziyyətə salır, həm də onu dinləyənlərdə özü barədə mənfi rəy formalaşdırır.
Səfər Əbiyev Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnikdir. Azərbaycan dilində danışığına diqqət edəndə təəccüb kəlləçarxa çıxır.
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici Işlər nazirliyinə rəhbərlik edir. Eynən Səfər Əbiyev kimi danışır Azərbaycan dilində.
Cahangir Əsgərov “AZAL” konserninin direktorudur. Tipik “bakinets”dir. Adam elə bil Azərbaycan hökumətinin yox, Bakının köhnə məhəllələrindən birinin təmsilçisidir. Yarı rus-yarı azərbaycanca danışan “Azal” şefi orta məktəbdə Azərbaycan dilinin qrammatikası deyilən fənnə ya maraq göstərməyib, ya da o dərsdən hər zaman iki qiymət alıb.
Oqtay Şirəliyev Azərbaycanın Səhiyyə naziridir. Azərbaycan dilində danışdıqlarına fikir verəndə o qənaətə gəlmək olur ki, nazir rus dilini Azərbaycan dilindən yaxşı bilir.
Nəcməddin Sadıqov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir, general-polkovnikdir. Başqa sözlə, Müdafiə naziri Səfər Əbiyevdən sonra orduda ikinci vəzifəli şəxsdir. Milli Ordunun ikinci generalı sayılan Nəcməddin Sadıqov Azərbaycan dilini Milli Ordunun başında dayanan Səfər Əbiyevdən də pis bilir. Milli ordunun rəhbərliyində yüksək rütbəli zabitlər var ki, Azərbaycan dilində bioqrafiyasını yaza bilmir. Yazsa da, “iki”lik yazar.
Dünənə qədər parlamentdə tərcüməçi ilə oturan millət vəkillərimiz var idi. Bu gün də o parlamentdə Azərbaycan dilinin qrammatikasından xəbərsiz neçə deputat oturur.
Kimsə bir dövlət göstərə bilərmi ki, orada yüksək vəzifə sahibləri, parlament üzvləri dövlət dilində danışa bilməsin?
Bəri başdan deyirəm, özünüzü zora salmayın, yoxdur belə dövlət.
Və ola da bilməz.
Nədən ki, hətta Mozambikdə belə dövlət dilini bilməyənləri vəzifə başına gətirmirlər…
Artur Rasizadə, Səfər Əbiyev, Nəcməddin Sadıqov, Elmar Məmmədyarov, Cahangir Əsgərov on il əvvəl ana dilində səlis danışa bilmirdilər.
Dərd orasındadır ki, indi də danışa bilmirlər.
Maraq edirəm, Ilham Əliyev bu vəzifə sahibləri ilə təkbətək söhbəti hansı dildə aparır.
Rus dilində?
Inanmağım gəlmir. Azərbaycan dili haqqında Dövlət Qanunu mövcuddur, prezident əsla bu qanunu pozmaz.
Söhbət Azərbaycan dilində gerçəkləşirsə, sual ortaya çıxır, prezident komandasında əhəmiyyətli vəzifə tutan şəxslərin dövlət dilini mükəmməl bilməməsinə necə baxır?
10 ilə 5 əcnəbi dili öyrənənlər var.
Əcnəbi tanıyıram ki, iki-üç ilə dilimizin incəliklərini öyrənib.
Nə demək istəyirəm?
Demək istəyirəm ki, Dövlət öz dilini qorumalıdır!
Və bir də onu demək istəyirəm ki, dövlət dilinə sayğı dövlətə olan sayğının təzahürüdür.
10 ilə dövlət dilində danışmağı öyrənməyənlərə dövləti etibar etmək olarmı?
Bunu bir Azərbaycan vətəndaşı kimi, bu gün dövlətin başında dayanan Ilham Əliyevdən xəbər alıram.