Müzəffər Baxış: «Bu deputatlar özlərini reklam edirlər»
Bir neçə gün öncə REAL Hərəkatının sədri Ilqar Məmmədovun öz bloqunda parlamenti zoopark adlandırması gündəmin əsas mövzularından birinə çevrilib. I.Məmmədovun dediklərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə isə Milli Məclisin zoopark deyil, zoosirk olduğunu deyib.
Onun sözlərinə görə, zooparkda heyvanlar bağlı modellərdə heç olmasa bir qədər sərbəst hərəkət edirlər. Zoosirkdə isə onlar əhliləşdirilir və müəyyən hərəkətlərə məcbur edilirlər. Bundan sonra bir qrup millət vəkili Ilqar Məmmədovu və Zərdüşt Əlizadəni məhkəməyə vermək qərarına gəlib. Maraqlıdır ki, özlərini təhqir oşlunmuş hesab edən deputatların cavabları da millət vəkilinə yaraşmayan tərzdə oldu. Məsələn, deputat Adil Əliyev deyib ki, Milli Məclisin ünvanına belə sözlər demək üçün adımın iki başı olmalıdır, onu da kəsib atarlar.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə mətbuata açıqlamasında I.Məmmədovun və Z.Əlizadənin ünvanına təhqiramiz ifadələr işlədib. F.Ağamalının fikrincə, onları layiq olduqları “canlıların” yanına qoymaq lazımdır: “Çox yaxşı olar ki, həmin adamlar güzgüdə özlərinə baxsınlar. Əgər diqqətlə baxsalar, hansı ”məxluqa” oxşadıqlarını heç şübhəsiz ki, ayırd edə bilərlər”. Deputatın sözlərinə görə, həm I.Məmmədov, həm də Z.Əlizadə layiqli cəzalarını və cavablarını almalıdırlar ki, bu “qanqal toxumu” Azərbaycanda yayılmasın”. F.Ağamalı I.Məmmədov və Z.Əlizadənin həbs olunmasını istəmir və bunu özünəməxsus şəkildə izah edir. “Mütləq bunun cəzası verilməlidir. Ya ”cəngəlliklər” yolu ilə, ya da qanunlar əsasında. Həmin şəxsləri həbsxanaya salmaq bəlkə də onlar üçün böyük şərəf olardı. Ola bilər onlar çalışırlar ki, həbsxanaya düşsünlər və siyasi məhbus adı alsınlar. Daha sonra ölkədən qaçıb hansısa xarici ölkəyə sığınaraq, “parazit” kimi həmin ölkənin pullarını mənimsəyib keflərini çəksinlər. Məhz bu baxımdan onların həbs edilməsinin tərəfdarı deyiləm”.
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə I.Məmmədov artıq “siyasi sərxoş” səviyyəsinə gəlib çatdığını deyir.
Deputatların təhqiramiz ifadələrinə qarşı tərəfin cavabı nə olacaq və onlar bununla bağlı qarşılıqlı məhkəmə iddiası qaldıracaqmı?
Politoloq Zərdüşt Əlizadənin ünvanına deyilənlər cavabı ironik oldu: “Yaxşı ediblər deyiblər, qoy danışsınlar. Onlardan bundan artığını heç gözləmirəm də”.
Ilqar Məmmədov isə deputatların ünvanına səsləndirdikləri təhqirlərlə tanış olmadığını bildirdi: “Dediklərindən xəbərim yoxdur. Bircə onu oxumuşam ki, onlar məni məhkəməyə verirlər. Onu da deyəsən verəsi olmadılar. Ola bilər özlərindən ağıllı kimsə tövsiyə edib ki, özünüzü rüsvay etməyin”.
Yaranan qalmaqala münasibət bildirən hüquqşünas Müzəffər Baxış deyir ki, qüvvədə olan qanunvericiliyə görə deputatlar Ilqar Məmmədovu dediyi sözlərə görə məhkəməyə verə bilməzlər. Çünki o, konkret olaraq hansısa deputatın adını çəkməyib, ümumi danışıb. Cinayət Məcəlləsinin məzmununa görə, burda təhqirdən söhbət gedə bilər. Ona görə hətta 125 deputatın hamısı birləşsə, qanunun məzmununa görə Ilqar Məmmədovu məhkəməyə verə bilməzlər: “Xüsusi ittiham qaydası ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edə bilməzlər. Sadəcə olaraq bu deputatlar özlərini reklam edirlər. Heç bir deputat məhkəmədə deyə bilməz ki, Ilqar Məmmədov onun şərəf və ləyaqətini alçaldan, nüfuzdan salan, onu təhqir edən hər hansı ifadə işlətmişdi. Ona görə də 20 deputatın xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Əgər Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olsaydı, deputatların ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməyəcəkdi. Amma Azərbaycan reallığında müstəqil məhkəmə hakimiyyəti olmadığına görə ola bilsin, ərizəni icraata götürsünlər. Amma o ərizənin sonralar heç bir hüquqi əsası olmayacaq”.
Hüquqşünas deputatların təhqir etdiyi Ilqar Məmmədov və Zərdüşt Əlizadənin həmin deputatların Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydası ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu da vurğuladı. Lakin prosedurlar çətinləşəcək. Çünki Konstitusiyanın 90-cı maddəsinə görə, deputatın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Milli Məclisin razılığı olmalıdır.
Fizzə


