beyubov

Bəylər Əyyubovun qohumu ətrafında müəmmalar

Bir mənbə Əqid Bayroyevin vəzifəsinin artırıldığını, başqa mənbə isə saxlanıldığını iddia edir

Çağırış Xidməti Mingəçevir şöbəsinin rəhbərinin vəzifədən bu cür alınacağı gözlənilməz olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri Əqid Bayroyevin birdən-birə ortalıqda görünməməsi artıq günlərdir ki, müxtəlif şayiələrə səbəb olub. Bir iddiaya görə, tutduğu vəzifədən kənarlaşdırılan Ə.Bayroyev daha yüksək posta təyinat alıb. Digər bir məlumatda isə onun saxlanıldığı iddia olunur.
Nəhayət, üçüncü versiya Ə.Bayroyevin adlı-sanlı müğənnilərindən birinin güdazına getməsi xəbəridir. Belə ki, keçmiş komissarla qonaq etdiyi müğənni arasında qalmaqal yaşanıb və bu sonuncunun döyülməsiylə nəticələnib. Yetərincə populyar olan müğənninin məsələnin sonuna kimi getmək imkanları Ə.Bayroyevin görəvindən uzaqlaşdırılmasıyla nəticələnib.
Bir daha qeyd edək ki, hələlik bu informasiyaların heç biri rəsmi təsdiqini tapmayıb. Görünən odur ki, Ə.Bayroyev tutduğu vəzifədən gözlənilmədən kənarlaşdırılıb. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə Həbib Əliyev rəhbərlik edir.
Ümumiyyətlə, sirr deyil ki, 3-4 il bundan öncəyədək hərbi komissarlıqlar ölkədə ən nüfuzlu və gəlirli qurum kimi ad çıxarmışdılar. Bəzi məlumatlarda hətta hərbi komissarlıqların məmur-oliqarxların nəzarətində olan xüsusi sahə statusu daşıdığı bildirilirdi. Lakin səlahiyyətləri məhdudlaşdırılıb Müdafiə Nazirliyinin Səfərbərlik Idarəsinə verildikdən sonra hərbi komissarlıqlar bir növ maraq dairəsindən kənar düşdülər. Bayroyevin tutduğu postdan uzaqlaşdırılmasında bu amilin də az rol oynamadığı istisna deyil.
Bir faktı da qeyd edək ki, zaman-zaman mətbuatda Ə.Bayroyevin tutduğu vəzifədən azad olunacağına dair məlumatlar yer alsa da, sonda bu, təsdiqini tapmamışdı. Başqa sözlə, yekunda Bəylər Əyyubov amili öz sözünü demişdi. Hətta sonuncu dəfə 3 il öncə, Milli Məclisin üzvü Vahid Əhmədovun parlamentdə kürdlərin Müdafiə Nazirliyini ələ keçirmək planları olması barədə bəyanatından sonra Mingəçevir şəhər Hərbi Komissarlığı ətrafında ehtiraslar daha da alovlanmışdı. Ardınca Respublika Hərbi Komissarlığının yoxlama qrupunun gözlənilmədən Mingəçevirə səfər etməsi bu söz-söhbətlərin daha intensiv xarakter almasına səbəb olmuşdu. O zaman hərbi komissarlıqda sənədlərlə bağlı araşdırmalarını yekunlaşdıran komissiya üzvləri komissarlığın həyətində gördüklərindən çaşqın vəziyyətə düşmüşdülər. Belə ki, yoxlama zamanı hərbi komissarlığın həyətyanı sahəsinin 2 sota yaxınını Ə.Bayroyev tərəfindən özününküləşdirilməsi faktı aşkarlansa da, nədənsə bu barədə susmağa üstünlük verilmişdi. Hətta o vaxt yoxlamanın nəticəsi olaraq Ə.Bayroyevin də adının paralel olaraq başqa rayonlarda keçirilən yoxlamalardan sonra işdən çıxarılan hərbi komissarların sırasına qatılacağına dair söhbətlər dolaşsa da, sonda bu, gerçəkləşməmişdi.
Ən son məlumatlara görə, şəhərdə Ə.Bayroyevə məxsus evlər (o cümlədən hərbi komissarlığın ərazisində tikilmiş ev) və obyektlər satışa çıxarılıb.
Sonda qeyd edək ki, Əqid Bayroyev Prezidentin Xüsusi Mühafizə Idarəsinin rəisi, general-leytenant Bəylər Əyyubovun yaxın qohumudur.
Azər