“Bütün çətinliklərə baxmayaraq biz varıq!”

Qənimət Zahid “Sərhədsiz Reportyorlar”a müsahibə verdi

“Bu qədər basqıların altında işləmək çox çətindir”

“Sərhədsiz Reportyorlar” təşkilatı “Azadlıq” qəzetinin bank hesabının bağlanması və ümumiyyətlə, qəzetə qarşı Azərbaycan hökumətinin basqılarını pisləyən bəyanat yayıb.
“Azadlıq” qəzetinə qarşı davamlı basqılarla bağlı qəzetin baş redaktoru Qənimət Zahidin geniş müsahibəsi isə “Sərhədsiz Reportyorlar”ın rəsmi veb saytında yerləşdirilib.
Qənimət Zahidlə müsahibəni təqdim edirik.

– “Azadlıq” qəzetinin indiki durumunu necə dəyərləndirərdiniz?
– Biz yalnız qəzetçiliklə məşğul deyilik ki. Biz həm jurnalistik, həm dissidentik, həm mexanik, həm dülgərik… Hakimiyyət heç bir halda istəmir ki, ölkədə bircə dənə də olsun, müstəqil qəzet qalsın. “Azadlıq” da demək olar ki, hər gün hakimiyyətin bu siyasətinin qurbanı olmaq həddinə gətirilir. Bizim üzərimizdə çoxlu ədalətsiz məhkəmə qərarları var. Bütün məhkəmə qərarları sifarişli və qərəzlidir. Aydın məsələdir ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur və bu şərtlər altında işləmək çox çətindir.
İndi isə bizim bank hesablarımız üzərində həbs qoyulub. Bu, tamamilə qanunsuzdur. Çünki biz məhkəmə icraçılarının qərarından şikayət vermişdik və qanunla bu qərarın icrası təxirə salınmalı idi. Hər halda, Azərbaycanda qanun belə tərtib edilib və onu biz yazmamışıq: qərardan məhkəməyə şikayət verilibsə, onun icrası təxirə salınmalıdır. Amma ölkədə İcra hakimiyyətinin hikkəsi o qədərdir ki, onlar hətta özlərinin yazdığı qanyunlara da əməl etmək istəmirlər. Bu, bir daha sübut edir ki, bütün məhkəmələr və onların icraçıları icra hakimiyyətinin, prezidentin göstərişlərini yerinə yetirirlər.

– “Azadlıq”ın əməkdaşları hansı şəraitdə işləyirlər?
– Hesab edirəm ki, hakimiyyətin bu və ya digər formada təzyiqindən yaxa qurtara bilən əməkdaşımız yoxdur. Onları oğurlayırlar, döyürlər, həbs edirlər, qorxudurlar, şantaj edirlər… Onlar hər zaman klassik avtoritar hakimiyyətin arsenalında olan hər cür təzyiq formaları ilə üzləşə bilərlər.
Hərdən , hətta sıravi polis növbətçisi belə “Azadlıq”ı köşkdən alan oxucuya yaxınlaşıb onu təhqir edə bilər. Bu, Azərbaycanda jurnalistlər və ümumiyyətlə söz azaldığı üçün hansı təhlükəli iqlimin olduğunu göstərir. “Azadlıq”ın saytı müntəzəm olaraq kiberhücumlara məruz qalır və biz tamamilə əminik ki, bu hücumlar xüsusi xidmət orqanları tərəfindən təşkil olunur. Çünki bu cür hücumlar bir qayda olaraq hökumət üçün çox həssas olan materialların dərc edilməsi ilə üst-üstə düşür: ya ciddi korrupsiya faktlarını, ya da dövlət səviyyəsində hər hansı qanunsuzluğun ifşa edildiyi günlərdə. Amma bütün bunlara baxmayaraq biz işləməkdə davam edirik.

– Bu yaxınlarda Azərbaycanda qəzetlərin satışı sahəsində hansısa islahatlar həyata keçirliməyə başladı. Bu islahatlar sizin fəaliyyətinizə necə təsir edir?
– Yayım islahatı yalnız korrupsiya və qəzet satışı bazarında hakimiyyətin tam nəzarətinin tətbiq edilməsi məqsədilə ortalığa atılıb. Bilməlisiniz ki, Azərbaycanda qəzet oxuyanların 90 faizi iki-üç qəzet oxuyur. Hakimiyyətyönlü qəzetlərin sayı həddən artıq çoxdur, amma onları kimsə oxumur. Uzun illər ərzində heç kimə lazım olmayan bu kağızların hazırlanmasına ağlagəlməz məbləğdə vəsait xərclənib. Birdən-birə hakimiyyət çevrələri ayıldılar , dərk etdilər ki, onların qəzetlərini kimsə oxumur və ölkədə mövcud olan qəzet satışı da yalnız bir neçə müstəqil qəzetin satışı üçün xidmət göstərir. Buna görə də onlar qərara aldılar ki, iynədən tutmuş qadın corablarına qədər hər şeyin satıldığı, yalnız qəzetlərin satılmadığı bu “qəzet satışı” köşklərini quraşdırsınlar. Köhnə köşkləri və onların satıcılarını isə kənara atmağa başladılar. Görünür uzun illər boyu qəzet satışı ilə məşğul olan köşk işçilərini inandırmaq mümkün deyildi ki, nə üçün qəzetləri satmamaq lazımdır. Nəhayətdə, böyük mağazalar şəbəkəsinə nəzarət edən yeni, rentabelli firma meydana çıxdı və bu firma qəzet satmamaq öhdəliyi götürən “qəzet satıcıları”na bu mağazaları kirayə verdi. Bu işi də belə həll etdilər.

– Beynəlxalq təşkilatlardan nə gözləyirsiniz?
– Biz Avropa İnsan haqları Məhkəməsinə çoxlu şikayətlər göndərmişik. Orada mənim şzümün də qanunsuz həbsimlə bağlı ərizələrim var. Hesab edirəm ki, əgər bu şikayətlərə zamanında baxılsaydı, biz yeni təzyiqlərin şahidi olmazdıq. Müstəqil KİV-lər demək olar ki, taleyin umuduna buraxılıb. Müstəqil mətbuatın necə sıradan çəıxmasını izləək və izah etmək kifayət deyil. Onlar həqiqətən də sıradan çıxırlar, indi Azərbaycanda iki-0üç belə qəzet qalıb. Bu cür ağır təzyiqlərlə üzbəüz qalan media birbaşa müdafiəyə ehtiyac his sedir. Başa düşmək lazımdır ki, Azərbaycan kimi ölkələrdə müstəqil qəzetçiliklə məşğul olmaq iqtisadi fəaliyyət deyil. Əksibnə həyat və fəaliyyət üçün daha böyük risqlər altında ictimai fəaliyyətdir.
Bütün hallarda isə, biz varıq. Həm ölkənin daxilində, həm də onun sərhədlərindən kənarda bizə dəstək verənlərlə bir yerdə varıq.

Bəyanatı və müsahibənin orijinalını buradan oxuya bilərsiniz (http://fr.rsf.org/azerbaidjan-le-principal-journal-d-opposition-08-11-2012,43653.html )