Bitmiş bir novella üçün epiloq “problemi”

«Hələ də dünyada elə xalqlar var ki, azad səs vermək üçün mübarizə aparırlar»
Barak Obama, ABŞ prezidenti
Mənə elə gəlir ki, biz bu rejimə nəyisə sübut etməklə doğrudan da vaxt itiririk. Son illərin təcrübəsi göstərir ki, Əliyev rejimi edilən tənqidlərdən nəinki nəticə çıxarır, hətta bu tənqidlərdən bəhrələnməyə çalışır. Məlum Gülər Əhmədova olayını götürək. Bütün cəmiyyət əyani olaraq, parlamentin necə formalaşdırıldığını, deputat mandatının neçəyə başa gəldiyini, təhsilimizi kimlərin iflic etdiyini, ağlasığmaz cinayətlərin başında kimlərin durduğunu gördü.
Yəni bizim illərlə yazdıqlarımızı, birbaşa rejimin ən sədaqətli adamı, YAP Siyasi Şurasının üzvü, üç dəfə deputat seçilmiş, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupunun üzvü, Milli Məclisin iki parlamentlərarası qrupunun rəhbəri, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova təsdiqlədi.
Rejimin buna reaksiyası isə, daha dəhşətli oldu. Adı rüşvət qalmaqalında hallanan dövlətin “bel sütunu” Ramiz Mehdiyev “bu mənə qarşı ciddi təxribatdır”, deyib “qeybə” çəkildi, bundan həvəslənib Gülərin üzərinə hücuma keçənlərin isə, sevinci cəmi bir neçə gün çəkdi, onların “ipini yığdılar” və sonra nə oldu? Sonra o oldu ki, hakim partiyanın ən savadlı politoloqu(!) sayılan Aydın Mirzəzadə, Gülər Əhmədovaya olan münasibətində nə az, nə çox, düz üç dəfə “dəyişiklik” etdi, sonda isə “müxalifət Gülər Əhmədova məsələsindən yararlana bilmədi” salavatını çevirərək, sakitcə sivişib aradan çıxdı. Oxşar manevrləri YAP-ın başqa rəsmiləri də etdilər. Baş verən bu rüsvayçılığı “qəhrəmanlıq” kimi qələmə verməyə başladılar. Rejim əslində özünü elə göstərdi ki, bu işin altından çıxa bilib. Əslində isə…
Hazırda ortada olan həqiqət budur ki, məlum hadisədən sonra iqtidar xalqdan qorxur və artıq dayana biləcəyi qədər hakimiyyətdən bəhrələnməyi və ölkəni talamağı qarşısına məqsəd qoyub. Ötən yazımda mən məmurların xarici ölkələrdəki biznesindən yazmışdım. Bəli, bu proses çox sürətlə gedir, ölkənin ən varlı məmurları milyardlarla dolları sürətlə xaricə çıxarmaqdadırlar.
Ölkəni idarə edən şəxslərin əksəriyyətinin ailə üzlərinin yarısı xaricdədir və bu bizneslərin başındadır. Iqtidar hazırda hakimiyyətdən çox, xalqdan oğurladığı milyardların sonrakı taleyinin necə olacağı haqda düşünür.
Bir ayağı xaricdə, o biri ayağı Azərbaycanda olan iqtidarın son addımları, istənilən dialoqdan yayınması, siyasi varislərinin bir qisminin xaricdə vətəndaşlıq alması, başqa bir qisminin isə diplomat kimi fəaliyyət göstərməsi bir çox mətləblərə aydınlıq gətirir. Daha aydın olsun deyə, yuzlərlə belə misaldan sadəcə birini çəkək…
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğlu hazırda Rusiya vətəndaşıdır və Moskvada yaşayır. Ölkənin bütün rauf həbibovlarının (icra başçılarının – X.Ə.) bu şöbəyə tabe olduğunu nəzərə alsaq, cəsarətlə demək olar ki, hələ şöbənin adı, əhəmiyyətinə görə bir az “qısa”dır. Bu hal, yəni kiçik Nağdəliyevin (soyad da, maşallah, lap “təyinatına” uyğundur – X.Ə.) xaricdə yaşaması, iqtidarın iri ranqlı rəsmisinin öz hakimiyyətlərinə olan inamın təzahürünə parlaq misaldır. Yəni “qəflətən ”vəziyyət dəyişə” bilər və biz əlimiz cibimizdə xaricə qaçıb, əvvəlki lüks həyata orada davam edəcəyik”.
Razılaşın ki, əvvəllər rejim bu qədər zəif və gücsüz olduğunu israrla büruzə verməməyə çalışırdı, indi isə bunun mənasız olduğunu anlayıb və “çemodan” ovqatında olduğunu gizlətmir…
…Hüquq müdafiəçisi Leyla Yunusun Azərbaycanın hüquq müdafiəçilərinin Avropa Şurası nümayəndələri ilə görüşündən yaydığı stenoqramdan məlum oldu ki, Ramil Usubovun dubinkasından başqa, rejimin öz ömrunu uzatmaq üçün başqa “mexanizm”ləri də var imiş. Özü də bu “minalar”ın əksəriyyəti müxalifət cəbhəsinə yaxın “ərazilərdə” basdırılıbmış…
Bu haqda şəxsi mülahizələrimi növbəti yazımda bildirəcəm…