“Azadlıq”ı həbs etmək

“Azadlıq”ı boğmaq. “Azadlıq”ı sındırmaq. “Azadlıq”ı dizi üstə qoymaq. “Azadlıq”ı öldürmək. “Azadlıq”ı çökürtmək, məhv etmək, adını kitabdan silmək, ölkədən süpürmək. “Azadlıq”ı həbs etmək. “Azadlıq”ın bank hesabına həbs qoymaq… 
Bu hakimiyyətdən bundan artıq nə ummaq, bundan artıq nə gözləmək olar ki?..
Qoy özünü ağıllı, xalqı gic yerinə qoyan hökumət məmurları çıxıb müdrik-müdrik deməsinlər ki, qəzet vətəndaşı təhqir edib, guya haqqında böhtan yazıb və vətəndaş da qəzeti məhkəməyə verib, cərimələdib və indi də bank hesabına həbs qoydurur. Bundan hakimiyyətə nə? Bundan söz azadlığına nə?..
Gərək yoxdu belə sözlərə. Onsuz da inanan olmayacaq. Kim bilmir ki, hakimiyyət “Azadlıq”ı özünün baş düşməni hesab edir. Kim bilmir ki, hakimiyyət onun bütün sirlərini aləmə faş eləyən “Azadlıq”a nifrət edir. Imkanı olsa, bir an belə imkan verməz ki, ölkədə bu adda, bu nişanda, bu keyfiyyətdə, bu iradədə olan “Azadlıq” çap olunsun.
Belə olan halda kim inanacaq üzünə müdriklik verib, “bundan hakimiyyətə nə?” – deyən məmura? Məgər kimsə bilmir ki, bu qəzetin sıradan vətəndaşlarla bir işi yoxdu? Məgər “Azadlıq”ı cərimələtdirən dövlət məmurları sıradan birilərimi? Yox deyillər. “Azadlıq” yalnız bu millətin ətini yeyib qanını içənlərdən, onların hannibalizminə səbrlə susan yalaqpərəst “ziyalılar”dan yazır və əti yeyilən, qanı içilən bütün vətəndaşlara heç olmasa mənən yardımçı olmağa çalışır.
Millətin düşünən insanlarının yardımını gördük. Qəzetin çətin durumundan xəbər tutan onlarla azərbaycanlı harada yaşamasından asılı olmayaraq “Azadlıq”a əl tutdu. Azərbaycanda, dünyanın bir çox yerlərində əziyyətlə, zəhmətlə para qazanan insanlar “Azadlıq” adlı çırağın sönməsini istəmədilər. Əminəm ki, bu tip insanlar yenə də var, yenə də yardım əllərini uzadacaqlar. Baxın, sanki hakimiyyətlə millət arasında bəhs gedir. “Azadlıq” bu gün az qala gerçək mənada Azadlığın rəmzinə çevrilib. Hakimiyyət, diktatura, bu həvəskar və körpə diktatura, hələ tam yetkinləşməyə macal tapmamış diktatura “Azadlıq”ı boğmağa, “acından öldürməyə” çalışır, millət isə ən hiss olunmaz şəkildə olsa da, Azadlığını qorumağa. Bax, budur Savaş!
Bax, budur millət. Millət Azadlığının sağ qalması üçün çalışan, hətta bəzən başına gətirilə biləcək müsibətlərə rəğmən yardım eləməkdən qorxmayan həmin o 15-20 nəfərdi. Onların heç biri milyoner, ya milyarder deyil. Ən yaxşı halda xırda, orta bizneslə məşğul olan adamlardı, ən bəd, ama ən sevindirici halda isə 70 yaşlı təqaüdçü qocadı. Çoxluq deyil ki, millət. Millət dəyərlərdi. “Azadlıq” da dəyərdi! Dəyərləri ölməyə qoymayan isə 15-20 nəfərdi. Indi o ayrı bir dərddi ki, bəzi ölkələrdə millət 15-20 nəfər deyil, heç olmasa ölkə vətəndaşlarının beşdə biridi, dörddə biridi, ən yaxşı halda yarısıdı. Ama inanın ki, hətta 15-20 nəfər də milləti ölümdən qoruya bilir. Məgər əsrin əvvəlində millət kimlər idi? Onların sayı çoxmuydu indikindən? O zaman da beləydi. Onlar bir dövlət qurdular. Tarixdə ilk dəfə Azərbaycan adlı dövləti qurdular, Şərqdə ilk demokratik Respublikanı. O insanların övladlarıdı bugünkü 15-20 nəfər.
Millətin formalaşması nə deməkdi? Bu, hansısa kimyəvi reaksiya-filan deyil ki. Sadəcə, həmin o 15-20 nəfərin artmasıdı. Bu gün biz dənə-dənə artırıq. Sadəcə, biloji varlıq kimi mövcud olan 9 milyon (+30) deyil ki millət. Həmin bu dənələrdi. Toxumlardı. Toxumalardı. Gözə görünməz hüceyrələrdi. Hüceyrələrin bölünməsi isə ləng də olsa gedir. Gedir və deməli, “Azadlıq” heç vaxt ölməyəcək. 15-20 nəfər imkan verməyəcək.
Bu qəzet heç vaxt para üçün çap edilmədi. Onu parayla boğmaq da mümkün deyil. Para mübtəlaları getsin aşığını atsın…