YAP-çı deputatların REAL sədri Ilqar Məmmədovu məhkəməyə verməsi hakim partiya üçün böyük biabırçılığa səbəb olacaq. Bütün dünya güləcək bu işə. Hələ tarixi demirəm, gələcək nəsillər bu məhkəməyə və onun mübahisə predmeti olan “zoopark” sözünə qəşş edəcəklər. Özünüzə əminsinizsə, doğrudan da xalqın seçdiyi parlamentin üzvüsünüzsə, bu nə təlaşdır? Nə vaxt hakimiyyət orqanlarına sərt sözlər deməyiblər? Harada demirlər?
Birincisi, xalqın seçmədiyi parlamentdə oturubsunuz, deməli, hər sözü deyəcəklər sizə.
Ikincisi, bu qurum prezidentin əlində oyuncaq və siyasi alətdirsə, nə özünüzü müstəqil parlamanlar kimi göstərməyə təşəbbüs edirsiniz?!
Siz ölkənin konstitusiyasını, qanunlarını hakimiyyəti zorla əlində saxlayan bir qrupun maraqları üçün dəyişirsiniz. Siz əzilən xalqı təmsil etmək əvəzinə, onu əzənlərə alət rolunda çıxış edirsiniz. Bunun özü məhkəməlikdir!
Sonuncu dəfə mitinqçilərə qarşı cərimə sanksiyalarının qaldırılması nə demək idi?
Bəs şirkət sahiblərinin adının gizli saxlanılması barədə qanuna əlavə nəyə xidmət edirdi? Qanunsuz biznesi olan hakim ailəyə, nazirlərə və deputatlara dəstək deyildimi? Korrupsiyaya kömək deyildimi? Cinayət deyildimi?
Bütün bunlardan sonra hələ deyirsiniz ki, sizi sevsinlər də? Hələ deyirsiniz ki, sizə xoş sözlər də desinlər?
Dərd budur ki, bu Milli Məclisin adına nə desən uyğun gəlir, amma ona parlament demək olmur. Çünki belə bir quruma parlament demək dünyadakı bütün həqiqi parlamentlərə təhqirdir. Bu qurumun əsas adı parlament olmalıdır, bu ad da yoxdursa, deməli, hərə ona bir ad qoyacaq. Bir varlıq adama oxşamırsa, onda kim ona adam deyəcək ki! Parlamentə oxşasaydı bu qurum, hamı da ona parlament deyərdi. Amma oxşamır!
Bəs doğrudanmı burada təhqir var?
Özünə deputat deyən kəslər bilməlidir ki, dövlət qurumlarını, məmurları, deputatları ən sərt sözlərlə, ən ağır ifadələrlə tənqid etmək olar, onların işini ən kəskin ifadələrlə qiymətləndirmək olar və Avropa hüququna görə bunlar normaldır. Avropa Insan Haqları Məhkəməsinin bu haqda qərarları var. Həmin qərarlar Azərbaycan üçün də keçərlidir. Idarəçiləri sərt şəkildə qiymətləndirmək hüququmuzun olması demokratiyanın tələbidir. Necə bəyəm, onlar özlərini istədikləri kimi aparsınlar, biz isə onları istədiyimiz kimi qiymətləndirməyək? Niyə də yox?!
Bir neçə il öncə Belarusun bəlası Lukaşenko ona qaraçı donuzu deyən jurnalisti həbsdən buraxmalı oldu. Həmin jurnalistdən həbsxananın qapısındaca ağzıgöyçək həmkarları soruşdular ki, prezidentə qaraçı donuzu demək nə dərəcədə doğru idi. O isə demişdi: “Axı bu prezident niyə bizimlə qaraçı donuzu kimi davranır? Bunun hansı daha ağırdır, mənim dediyim, yoxsa onun etdiyi?”.
Odur ki, idarəçilər özlərini istədikləri kimi apardıqda, bizim də onları istədiyimiz kimi qiymətləndirməyimiz, adlandırmağımız üçün bizə belə bir hüquq tanınıb. Ilqar Məmmədov da qanunsuz bir iş görməyib. Məhkəməyə müraciət edən deputatlar isə sadəcə özlərini və təmsil etdikləri hakimiyyəti daha biabırçı duruma salırlar.
1998-ci ildə redaktorlar aclıq aksiyası edəndə onlardan biri kimi televiziyada YAP-çı deputatla debata çıxmışdım. O isə veriliş zamanı qəflətən belə bir sual verdi mənə: “Necə yəni, siz bizə dəvə deyəcəksiniz, biz də sübut etməliyik ki, dəvə deyilik, Siz nə haqla bizə dəvə deyirsiniz?”.
Aparıcı da mənə sual etdi: “Doğrudan da, belə ola bilərmi?”.
Yəqin hamı “Biz sizə dəvə demirik, biz həqiqəti, faktları yazırıq” deyəcəyimi gözləyirdi. Amma mən belə demədim. Cavabım başqa cür oldu: “Bəli! Siz hakimiyyətsiniz, hətta biz demədən də siz sübut etməlisiniz ki, dəvə deyilsiniz, normal hakimiyyətsiniz. Bu sizin borcunuzdur. Siz özünüzü dəvə kimi aparanda isə, bunu demək də bizim borcumuz və haqqımızdır!”.
Ilqar Məmmədovu məhkəməyə verənlər bu haqla üz-üzə qalacaq və məğlub olacaqlar!
Aşağıdakı qeydlər isə Mirzə Xəzərin “Zoopark polemikası” adlı şərhində oxudum. Mirzə bəy yazır: “Noyabrın 6-da baş nazir Ərdoğan ana müxalifət partiyası olan CHP-nin sədri Kılıcdaroğlunu çöl bədəvisinə bənzətdi. Kılıcdaroğlu yubanmadı. Dərhal çıxış edib Ərdoğanı ”bəxtsiz” çöl bədəvisi adlanırdı. Ərdoğan geri çəkilmədi. Yenə Kılıcdaroğlunu çöl bədəvisi adlandırdı. Kılıcdaroğlu borclu qalmadı və dedi ki, Ərdoğan ağ ayıdan qorxan bəxtsiz bədəvidir. Bəs nəticə? Nəticə odur ki, heç kim heç kimi məhkəməyə vermədi. Türkiyə Böyük Millət Məclisinin deputatları bu söz atışmasına, xüsusilə “bədəvi” bənzətməsinə ürəkdən güldülər. Niyə güldülər? Çünki Türkiyə parlamentində bədəvi və ağ ayı yoxdur?”.

Zoopark məhkəməsi
•