Ziya oğlu Anara bir bir sual, bir məsləhət, bir xatırlatma

Rejim ədalət pərdəsi altında müxalif sözə növbəti zərbə endirdi. “Azadlıq” qəzetinin bank hesabına həbs qoyuldu. Yasamal Rayon Icra Şöbəsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlayıb. Yasamal Rayon Məhkəməsi A.Məmmədovun iddiası ilə qəzetə 4 min 200 manat cərimə kəsib və qərarına əsasən “Azadlıq” qəzetindən tutulan pul Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar Evinin hesabına köçürüləcək.
Ölkə başdan-başa cinayət çirkabına bulaşdığı və dövləti çökdürənlər cəzasızlıq mühitində yaşadığı bir dövrdə cəmiyyətin doğru-dürüst informasiya aldığı mənbələrdən biri – “Azadlıq” qəzeti YAP iqtidarı tərəfindən iqtisadi sanksiyalara məruz qalır.
Yazmışdım, təkrar yazıram, vəzifəli şəxslərin elevterofobiyası (azadlıqdan qorxma) olduğundan “Azadlıq” qəzetini sevmirlər, bu, təbiidir və təəccüblü deyil. Təəccüblü olan dövlətdə heç bir vəzifə tutmayan bir gəncin meydana atılmasıdır.
O gənc Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğludur. “Holdinq” sahibidir, iri obyektlər yiyəsidir və bunu hər kəs bilir. Adı doğru-yalan müxtəlif sensasion olaylarda hallanan Anar Məmmədovun bu milyonları necə əldə etdiyini saf-çürük etmək fikrində də deyiləm, nədən ki, bunu da cəmiyyətdə kimsənin bilməməsi mümkün deyil.
Sadəcə, ona bir sualım var. Anar bəy, nədən bu sensasion olaylarda məhz sənin adı hallanır və nədən iqtisadi gücü atanın iqtisadi potensialından heç də əskik olmayanların övladlarının – deyək ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının adları qalmaqallı işlərdə çəkilmir?
Suala cavab verib-verməyəcəyin öz işindir, ancaq şəxsinə yönəlik bir məsləhəti yazmağı lazım bilirəm. Anar bəy, ağac bar gətirdikcə başını aşağı dikir. Yazdım ki, sənin hansı yolla oliqarxa çevrildiyin hər kəsə bəllidir. Nə atan Ziya Məmmədov, nə də sən elmi icadların müəllifi deyilsiniz, beş-on il dalbadal Nobel mükafatı almamısınız. Ki, qazandıqlarınızın halal olduğunu iddia edəsiniz. Atanız bu ölkənin nəqliyyat naziri olmasaydı, sən nə “Holdinq” sahibi olacaqdın, nə də milyonluq obyektlərə yiyəlik edəcəkdin. Qismətinizə vəzifə, milyonlar düşüb, heç olmasa başqaları kimi başınızı aşağı salıb dünyanın kefini çıxarın. Məsləhəti vecinizə almayıb məhkəmə yolunu tutmaqda davam edəcəyiniz halda lütfən, atanızın Azərbaycanda çəkdiyi yollara bir nəzər salın. Özü də o yollara yağış yağandan sonra nəzər yetirməniz yerinə düşər.
Bunlar məsləhətim və bir də xatırlatmam var. Məhkəmə qərarına əsasən qəzetə kəsilən 4200 manat cəriməni Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar Evinin hesabına köçürüləcək.
Anar bəy, xatırlatmaq istəyirəm ki, humanistlik edib hesabına 4200 manat köçürəcəyiniz Ruhi-Əsəb-Əlil Qocalar Evindəki ahılların, yetimxanadakı yetimlərin, xəstəxanalardakı xəstələrin, təqaüdçülərin, müəllimlərin, həkimlərin, alimlərin acınacaqlı durumda yaşamasına atanız Ziya Məmmədovun da daxil olduğu hökumət məsuliyyət daşıyır.
Bir də onu xatırlatmaq istəyirəm ki, “Azadlıq” qəzeti haqqı tapdanan cümlə Azərbaycan vətəndaşlarının haqqını müdafiə edir. Mümkündür ki, “Azadlıq” nə vaxtsa, sənin – Ziya oğlu Anar Məmmədovun da pozulmuş hüququnun müdafiəsinə qalxsın. Buna əsla şübhən olmasın, nədən ki, bura Azərbaycandır – çox zənginlərin, fironların haqq-nahaq müflisləşdiyi, müflisləşdirildiyi, dəmir qapıların taxta qapıları döydüyü Azərbaycan.