Dia.az saytına “hökumət içindəki etibarlı mənbədən” ötürülən məlumatda deyilir ki, Gülər Əhmədova ilə Elşad Abdullayevin mandat bazarlığında vasitəçilik edən Sevinc Babayevanın işi ilə bağlı həbslər başlayıb.
Ancaq məsələ mənbənin kimliyində deyil.
Xəbərin bu hissəsinə diqqət edək: “Məlum olub ki, Gülər Əhmədovanın yardımı ilə və Nazirlər Kabinetinin bir neçə yüksək vəzifəli şəxsinin dəstəyilə qanunsuz olaraq kitabxana müdiri vəzifəsinə təyin etdirilən S.Babayevaya dəstək verənlər arasında Hacıbala Abutalıbovun mədəniyyət məsələləri üzrə müavini də var. Sözügedən ”əməliyyatda” iştirak edən bütün şəbəkəni ifşa edən hüquq-mühafizə orqanları şəbəkə üzvlərinin hamısını həbs edib”.
Adətən hansısa cinayət əməlində yaxalanan ən son və ən gərəksiz halqanı, deyək ki, hansısa narkotik istifadəçisini həbs edir, onun verdiyi bilgilər əsasında narkotikin satıldığı mənbəyə çıxır, onu həbs edir, sonra yavaş-yavaş əsil qaynağa yaxınlaşırlar. Elşad və Gülər məsələsində isə məsələ belə deyil. Az qala qaynaq tam olaraq bəllidi və ya heç olmasa onun ünvanı açıq-aydın şəkildə göstərilir. Yəni gərəkən informasiya üzdədi və internet istifadəçisi, qəzet oxucusu olan hər kəs onunla tanışdı. Şübhəsiz ki, hüquq-mühafizə orqanları da bu haqda bilgilidir, istintaq başladılıb. Lakin həbsi haqda söhbət gedən adamların bu cinayət işinə zərrəcə dəxli yoxdu. Dəxli olan son halqa Sevinc Babayevadır ki, onun da ölkəni tərk etdiyi bildirilir. Necə deyərlər, fal ortada, yumurta ortada. Di gəl, həbs edilənlər vəzifəli şəxslər və ya xəbərdə deyildiyi kimi, “şəbəkə” üzvləridir. Aydın məsələdi ki, bu bazarlıqda iştirak etmiş istənilən fiqurun iyi dəyən ən sonuncu adamı belə aramağa başlasan, ipin ucu gedib hakimiyyətə çıxacaq. Çünki millət vəkilliyi alveri ilə adi adamların məşğul olması zərrəcə ağlabatan deyil.
Axı nə dəxli var: Sevanı kitabxana müdirliyinə kim gətirib, ona kimlər vasitəçilik edib. Söhbət Azərbaycanda hansısa vəzifə təyinatı üçün verilən rüşvətdən yox, millət vəkili “postu”na ödənilən milyonlardan gedir. Vəzifələrin də pulla satılması kimsəyə sirr deyil, elə yeri gəlmişkən, Elşad Abdullayev – Azərbaycanın Assancı bu haqda da bir video yaymışdı. Görünür,- əslində kimsəyə bu da sirr deyil,- hakimiyyətin bir lətifədə deyildiyi kimi, bu məsələdə mövzuya gəlmək fikri yoxdu. Söhbətlər ancaq mövzu ətrafında gedəcək, çünki “mövzu çoxdan qapanmışdır…”.
Mövzu demişkən, bu arada Emin Millinin dövlət başçısına yazdığı məktubu oxudum. Son dərəcə aydın, soyuq başla, nala-mıxa vurmadan yazılıb. Bu məktubu elə Eminin özünün də daxil olduğu tənqidçi yazarların bu günəcənki yazılarının yekunun kimi qəbul eləmək olar. Heç şübhəsiz, məktub yetişməyəcək. Yetişsə belə, əsəri olmayacaq. Emin əslində dövlət başçısına çox mətləbləri göstərir, bütün tənqidçi yazarlar kimi ona yardımçı olmağa çalışır. Lakin çobanın könlü olmayandan sonra belə yardımların, ancaq bir dəyəri var: bir sənəd kimi, tarix üçün yazmaq.
Məktubdakı ən maraqlı məqam isə bu: QORXU!
Bu məqamı 1996-cı ildə yazdığım “Öləngi” romanında jurnalistin diktatora verdiyi sualda belə qoymuşdum: “Adam niyə Sizdən qorxur, niyə xoflanır? Mənə elə gəlir ki, xahiş eləyirəm, sözümü düz başa düşün, siz olmasanız belə, oxşarınız bundan belə hələ on illərlə hakimiyyəti əlində saxlaya bilər; yəqin elə o qorxunun hesabına; adamları, artıq, sizdən qurtulmağın mümkünsüzlüyünə tam inandıra bilibsiz; inciməyin, adam hətta düşünəndə belə, dəli olmağa qalır…”.
Bu da zamanında mənim məktubum idi. Biz məktubları sabah üçün yazırıq. Və hələ də mövzu eynidi…

Prezidentə qorxu haqda
•
•