Bu gün səhər ADA-da ABŞ prezident seçkilərini birinci dəfə canlı yayımda izlədim. ABŞ vətəndaşlarının həm ADA-da, həm öz ölkələrində hansı həyəcanla seçkinin nəticələrini izlədiklərini gördükdə əvvəlcə özümü sanki dünya çempionatının Braziliya-İspaniya komandalarının iştirakı ilə keçirilən final oyununda hiss etdim.
Təsəvvür etdim ki, ABŞ vətəndaşlarının toplam ömrü neçə milyonlar il uzandı, necə xoşbəxtdirlər. Yəqin ki, onların sevgi ilə seçdikləri Prezident Obama, onun ailə üzvləri də xoşbəxt idilər. Axı ancaq həqiqətən xoşbəxt olan Obama öz həyat yoldaşına deyə bilərdi : “Mişel, səni heç bu qədər çox sevməmişdim”. Axı mütəxəssislər müsbət emosiyanın insan ömrünü uzatdığını birmənalı təsdiqləyiblər…
Öz vətəndaşımın məni salamlaması dərhal məni Azərbaycan reallıqlarına qaytardı. Yadıma düşdü ki, düz iki il əvvəl 7 noyabr 2010-cu ildə mən də seçki həyacanı keçirirdim. Səhər saat 7-də öz təşəbbüsləri ilə heç bir təmənna güdmədən mənim seçki kampaniyama qoşulmuş, əsasən xaricdə təhsil alan gənclər də daxil olmaqla 100 nəfərdən çox insan böyük ruh yüksəkliyi ilə, çox xoş ovqatda seçki məntəqələrinə axışdılar. Artıq 2 saatdan sonra ara-sıra bəd xəbərlər gəldi – “filankəsi döydülər”, “filankəsi polis bölməsinə apardılar” və s. Dərhal bu qədər insanın, onların ailə üzvərinin qarşısında şəxsi məsuliyyətimi hiss etdim. Əvvəlcə qanuni yolla hərəkət etməyə – vəkillərimlə şikayətlər yazmağa, onları ünvanlarına çatdırmağa başladım. MSK binasının qarşısında Məzahir Pənahovun qapıdan çıxmasını hansı əsəb gərginliyi ilə gözlədim (zənglərimi qəbul etmirdi. Orada işləyənlər onun tezliklə binadan çıxacağını demişdilər).
Bəlkə həyatımda özümü bu qədər alçalmış hiss etməmişdim, çunki gözlədiyim şəxsin hansı keyfiyyət sahibi olduğunu bilirdim. Mandat üçün yox, həyatım belələrindən asılı olsa da onu gözləməzdim. Axı hamıya işinizi dayandırın, artıq mənası yoxdur da demək olmurdu. Qorxaqlıqda, kimlərinsə xeyrinə hansısa təmənnaya görə geri çəkilməkdə ittiham edə bilərdilər. Digər tərəfdən öz vətəndaş haqlarını qoruyan, saf insanların bu quldur dəstələrinin qarşısında hansı problemlərlə üz-üzə qalacaqlarını təsəvvür etdikdə məni dəhşət bürüyürdü. Heç vaxt xahiş etməyəcəyim insanlardan xahiş etdim ki, mən sakit duracam məni müdafiə edənləri buraxsınlar, onlara qarşı pislik etməsinlər. Məni müdafiə edənlər gücə qarşı güclə də cavab vermək iqtidarında idilər. Ən çox məni qorxudan bu idi, çünki, çoxları gənc dəliqanlılar idi. Həmin gün saat 15.00-a qədər mən nələr çəkdim onu bir Allah bilir. Ən çətin məqamda ağsaqqal dostum professor Çapay Sultanova zəng etdim, ona baş verənləri bildirdikdən sonra namizədliyimi geri götürmək istədiyimi dedim. Professorun cavabı çox sadə və qısa oldu “Aslan sən bununla səni müdafiə edənlərə polis dəyənəyindən acı zərbə vurarsan”. Bundan sonra qərargahda ancaq hamını heç bir müqavimət göstərməməyə çağırırdım. Bəli, dediyim kimi, qərargahda həqiqi mənada müharibə ovqatı vardı. Axşam 100-ə qədər tərəfdarım təklif etdi ki, qərargahdan birbaşa seçiciləri də səsləməklə MSK-ya yürüş edək. Güclə bunun qarşısını aldım, çünki, bizlərə qarşı hansı murdarlıqların ola biləcəyini təsəvvür edirdim. Gecə saat 1-ə yaxın insanları zorla evlərinə göndərdim və evə gəldim. Qan təzyiqimi ailə üzvlərim heç bir dərmanla sala bilmirdilər. Təxminən səhər saat 5-də tək otağa keçdim və “İqtidara, müxalifətə, xalqıma müraciətim” başlıqlı yazı (http://www.facebook.com/notes/aslan-ismayilov/hakimiyyətə-müxalifətə-və-xalqıma-müraciətim-bizim-yol-09112010/222616147785608) yazdım. Sonuncu nöqtəni qoyub elə divanda da yuxulamışam. Təxminən 12 saatdan sonra qızım məni yuxudan yemək üçün oyatdı. Bu fikirlər məni yenə həmin dəhşətli günlərə apardı. Obamanın qalib olması ilə bağlı alqışlar yenidən məni özümə qaytardı. Səmimi deyirəm tək özümə yox, Azərbaycan vətəndaşlarına, Dövlətinə və bu yolla seçilənlərə yazığım gəldi. Niyə biz özümüz özümüzün ömrünü qısaldırıq, niyə bu xoş həyacanlardan məhrum oluruq? Cavabını bilmirəm.
P.S. Yuxarıda adını çəkdiyim yazıdan iqtidara olan müraciətimin xatırlanmasına ehtiyac duydum: “Reallıq hissini, dövlətçilik məsuliyyətini, əxlaqi dəyərləri itirməyin!”
Aslan İsmayılov