“Mahir Abdullayev işi”lə bağlı həbslər başladı

Elşad Abdullayevin ondan 3 milyon dollar pul almaqda suçladığı Arzu Kazımov həbs edildi

Keçmiş rektorun bacısı oğlu ölkədən çıxışına qoyulan qadağa ilə əlaqədar məhkəməyə müraciət edəcək

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev mətbuata açıqlamalarında bildirmişdi ki, 2003-cü ilin oktyabrından itkin düşmüş qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin tapılması üçün iş adamı Arzu Kazımov vasitəsilə daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevə 3 milyon dollar pul verib.
“Azadlıq”a daxil olan məlumata görə, həmin Arzu Kazımov həbs olunub. Səbayel Rayon Məhkəməsinin qərarı ilə dünən onun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumatı Arzu Kazımovun vəkili Ramiz Zeynalov da təsdiqləyib. Müdafiəçi bildirib ki, iş materiallarında Elşad Abdullayevin Arzu Kazımova pul verdiyini təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Lakin prokurorluq və məhkəmə buna əhəmiyyət verməyib.
Elşad Abdullayev məsələsilə əlaqədar həbs olunan təkcə Arzu Kazımov deyil. Mahir Abdullayevin itkin düşməsi faktıyla əlaqədar bir müddət əvvəl yaradılmış Müstəqil Istintaq Komissiyası bugünlərdə daha iki nəfəri təqsirləndirilən şəxs qismində cəlb edib. Bunlar Vaqif Hüseynov və Nəriman adlı şəxsdir.
Ötən sayımızda məlumat vermişdik ki, Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda, qanuni nümayəndəsi olan Azad Mürsəliyevin ölkədən çıxışına qadağa qoyulub. Dünən Azad Mürsəliyev özü də qəzetimizə açıqlamasında noyabrın 2-də hava limanında saxlanıldığını təsdiqləyib: “Türkiyəyə gedərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları məni saxladılar. Onlar heç bir əsas göstərə bilmədilər. Sonradan prokurorluq əməkdaşları gələndə onlardan da qanuni qərar, əsaslandırma tələb etdim. Onlar özləri də çaşqın vəziyyətdə idilər, bildirdilər ki, heç özlərinin də xəbərləri yoxdur. Beləcə, 8 saat məni ac-susuz saxladılar, amma nə ölkədən çıxışıma qadağa qoyulması barədə qərarın özünü göstərdilər, nə də bu qərarı əsaslandıra bildilər…”
Baş verənləri Elşad Abdullayev və yaxınlarına qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirən Azad Mürsəliyev məhkəməyə müraciət etmək niyyətindədir: “Konstitusiyada nəzərdə tutulan sərbəst hərəkət etmək hüququm məhdudlaşdırılıb, şərəf və ləyaqətim alçaldılıb. Necə olur, ağır cinayət əməllərində ittiham olunan şəxslər ölkəyə sərbəst gedib-gələ bilir, amma zərərçəkmiş tərəf olduğum halda, mənə belə bir qadağa qoyulur? Həmin səfərdən bir gün əvvəl mən prokurorluqda şahid qismində ifadə vermişəm. Belə bir qərar vardısa, niyə mənə demirdilər? Digər tərəfdən, qanunda dəqiq göstərilib ki, kimlərin ölkədən çıxışına qadağa qoyula bilər, mən isə həmin kateqoriyaların heç birinə aid deyiləm”.
Azad Mürsəliyev son günlər həyata keçirilən həbslərlə bağlı da fikirlərini bölüşüb: “Müstəqil Metro tikintisinə görə sökülən evlərin sahibləri veriləcək kompensasiya ilə razılaşmayıb aksiya keçirdilər

Istintaq Komissiyasının gördüyü iş bizi qane etmir. Vaqif Hüseynov və həbs olunan digər şəxs vaxtilə Elşad Abdullayevlə birgə iş görüb və borc pul məsələsinə görə Elşad Abdullayev bir neçə il əvvəl onlardan şikayətçi olub. Bu müddətdə bəlkə də onlar Elşad Abdullayevlə problemi öz aralarında həll ediblər və biz bu gün onlardan şikayətçi deyilik. Indi Mahir Abdullayevin itkin düşməsi faktı qalıb bir tərəfdə, Vaqif Hüseynovu və digərlərini həbs etməklə görüntü yaradırlar. Prezidentə və ictimaiyyətə göstərmək istəyirlər ki, ”biz iş görürük”.

Aytən Məmmədova