Əliyevin endirdiyi qiymət yenidən niyə qalxdı?

Vahid Məhərrəmov: «Azərbaycan idxaldan asılı ölkə kimi mümkün xərcləri qarşılaya bilmir»

Dövlət Statistika Komitəsinin saytında oktyabr ayı ərzində istehlak bazarında qiymətlərin dəyişməsi haqda məlumat yer alıb. Məlumatda bildirilir ki, keçən ay ərzində bəzi ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunub.
Bahalaşma əsasən mal, qoyun, balıq, toyuq əti, yumurta, meyvə və əsas kənd təsərrüfatı məhsullarına aiddir. Bəzi meyvə və kənd təsərrüfatı malları, kərə və bitki yağları, şəkər məhsullarının qiymətində isə nisbətən azalma qeyd olunub.
Bahalaşmaya nələrin səbəb olduğu açıqlanmasa da, mövsümlə əlaqədar artımlar özünü göstərməkdədir. Halbuki, bir müddət əvvəl dövlət başçısı məlum müşavirədə qiymətlərin yüksələn həddinə toxunaraq, yumurtanın qəfil artan qiymətinin tənzimlənməsilə bağlı xüsusi tapşırıq da vermişdi. Lakin görünür, qadağalar da bazar iqtisadiyyatının diqtələri qarşısında gücsüzdür və işbazlar insanların əsas ehtiyac duyduğu məhsulları bahalaşdırmaqla kim bilir, nəyə nail olmaq istəyir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, ət, süd, yumurta və ümumiyyətlə, taxılın istehsalıyla bağlı məhsulların qiymətinin payız aylarında süni şəkildə qalxacağı öncədən bəlli idi. Ölkədə və dünyada taxılın qiymətinin qalxması da daxili bazarda bu məhsulların qiymətinə təsir edib: “Azərbaycan idxaldan asılı ölkə kimi mümkün xərcləri qarşılaya bilmir. Idxal məhsulları baha başa gəldiyindən bu amil qiymətlərə təsir edir. Idxal olunan malın baha olması daxildə də fermerlərə imkan yaradır ki, onlar istehsal etdiyi məhsulu baha qiymətə satsın. Hökumətin daxili bazarı qorumaq məqsədilə apardığı siyasətin nəticəsi göz önündədir. Məhsuldarlıq aşağı, qiymətlər isə yüksəkdir”.
V.Məhərrəmov qeyd edir ki, mövsümlə əlaqədar də bahalaşma müşahidə olunur. Tərəvəz məhsullarının mövsümü bitib və saxlama kameralarında məhsulu uzun müddət saxlamaq mümkün olmadığından həmin məhsulların da qiyməti qalxıb. Bundan başqa, idxal və daxili məhsul bazarının inhisarda olması da mövcud vəziyyətə təsir edib: “Bu sahədə vəziyyət mənfidir. Xaricdən məhsulu çox ucuz alıb, daxili bazarda baha qiymətə satırlar. Bir çox işbazların bazarda uzun müddət məskunlaşması və qiymətlərə təsir etməsi amili də hazırkı mənzərəni yaradıb”.

Nigar