Yaxud YAP iqtidarının «Suriya və Liviya blefi»
Azərbaycan hakimiyyəti Qərbi ölkəmizdə demokratik proseslərə dəstəklədiyindən ciddi narahat olaraq yenidən şantaja əl atıb. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın dünənki sayında baş redaktor Bəxtiyar Sadıqovun imzası ilə dərc edilən “Təsir əks-təsirə bərabərdir” sərlövləhli məqalədən də bu, aydın görünür. Məqalədə Qərb avtoritar ölkələrdə demokratik proseslərə dəstək verdiyinə görə qınanır və bu prosesin sonda mənfi nəticələrə səbəb olduğu iddia olunur.
Həmçinin Qərb Azərbaycanda da Suriya və Liviyada baş verənlərin təkraralana biləcəyi ilə şantaj edilir. Məqalədən bəzi hissələri təqdim edirik: “…Bu məqamda cənab Ilham Əliyevin məşhur bir fikrini xatırlatmaq istərdik: ”Neft insanlara xoşbəxtlik də gətirir, fəlakət də! Mən çalışacağam ki, neft Azərbaycan xalqının firavanlığına xidmət etsin!”
Bu müdrik deyimə dünyada hələ başa çatmamış “ərəb baharı” müstəvisində yanaşsaq, çox mətləblərə aydınlıq gələr. Amma indi bizi “ərəb inqilabları”nın (düzgün ad məhz belədir) səbəbləri yox, doğurduğu nəticələr maraqlandırır.
Tunis,
Yəmən,
Misir,
Liviya,
indi isə Suriya!
Bu, sondurmu?..
“Inqilabi” dəyişikliklərin bahardan sonrakı qışı başlayıb. Bu “qışın” əlamətləri hamısında eynidir:
– qan;
– dağıntı;
– sabitliyin uzun müddətə pozulması;
– vətəndaş müharibəsi;
– dalbadal hakimiyyət dəyişiklikləri;
– səfalət və yoxsulluğun artması;
– dövlətlərin parçalanma prosesinin başlanması…
Təbiidir ki, “inqilab qazanı”nı qaynadanlara bunlar əl verir!
Onlar məhz bunu istəyirdilər!
Amma sonadək belə vəziyyət onlara da sərf edəcəkmi?
Axı dünyamız çox kiçikdir!
Hətta o qədər kiçikdir ki, eyni vaxtda partladılan bir neçə atom bombası onu məhvərindən çıxara bilər!
Bəzən hansı ölkədəsə püskürməyə başlayan adi bir vulkan təyyarələrin uçuşunu həftələrlə iflic edir, Yer kürəsində hərəkəti az qala dayandırır!
Dünyanın hansı yerindəsə kiminsə tərəfindən internetə yerləşdirilən adi bir informasiya göz qırpımında bütün dünyaya yayılır, gözlənilməz reaksiyalar (əks-təsir) verir!
Belə balaca dünyada risklər etməyə, odla oynamağa dəyərmi?
Axı bu, çox qorxuludur!
Həm varlılar və güclülər üçün!
Həm kasıblar və zəiflər üçün!
Bütövlükdə bütün dünya üçün!
Itirməyə daha heç nəyi qalmayanlar qorxulu qüvvəyə çevrilirlər!
Arı yuvasına çöp uzatmaq bəzən təhlükəli olur!
Bəs arı yuvasına tuşlanan “çöplər” necə olur?
“Çöp”ün birinin adı “ikili standart”dır!
Bir daha onun təzahür formasını nəzərdən keçirək.
Qərb dünyasının “demokratiya”, “mətbuat və söz azadlığı”, “insan hüquqları”, “siyasi məhbus”, “demokratik seçki” adlı “çöp”ləri var. Əslində bu, demokratik proseslərə, beynəlxalq hüququn norma və prinsiplərinə özünəməxsus yanaşmadır.
Təəssüf ki, bu yanaşma vahid mövqedən – haqq, ədalət, obyektivlik, qərəzsizlik mövqeyindən baş vermir…
Yaxın Şərqdə demokratiya uğrunda mübarizə başlayanda ABŞ və digər dövlətlər buna dəstək verdilər. “Ərəb baharı” adlandırılan bu dəyişikliklərdə Tunis, Misir, Sudan, Liviya vətəndaşları ABŞ-ın dəstəyini dost îjesti kimi qəbul edərək ona güvənirdilər. Hərçənd ki, “bahar” adı ilə ölkədə başlayan hərəkat daha çox ölüm, dağıntı, xaos və iqtisadi geriləmə törədirdi.
Inqilabdan sonrakı dövrdə ölkələrin dirçəldilməsində ABŞ-ın köməyinə ehtiyac duyulurdu və belə köməyin göstəriləcəyi vəd olunmuşdu. Ancaq birdən-birə “demokratiya və ədalət simvolu” sayılan ABŞ-da müsəlman dini inanclılarının heysiyyətini təhqir edən filmin meydana gəlməsi vəziyyəti büsbütün dəyişdi. Liviyadakı ABŞ səfirliyinə hücum edilərək səfir öldürüldü, digər ərəb ölkələrindəki ABŞ səfirlikləri də kütləvi hücumlara məruz qaldı!”
Göründüyü kimi Azərbaycan hakimiyyəti açıq-aşkar ABŞ-a hədə-qorxu gəlir. Lakin ekspertlər hesab edir ki, hakimiyyət bu hədələrlə və şantajla istəyinə nail ola bilməyəcək. “Bütün bunlar sadəcə blefdir. Uçurumun kənarında olan, məqalədə deyildiyi kimi ”itirməyə daha heç nəyi qalmayan” hakimiyyət çıxış yolunu yalnız bu cür bleflərdə görür. Bu anlaşılandı. Geriyə də yolu olmayanlar, hər vəchlə irəli getməyə can atmalıdır. Lakin bu hər zaman uğurlu nəticə vermir”, – deyə ekspertlər bildirir.