“Bizim Yol” əməkdaşı vəhşicəsinə döyüldü

Vüsal Yusubov gecə saatlarında idmançı görkəmli naməlum şəxslərin hücumuna məruz qalıb

Noyabrın 7-ə keçən gecə, saat 03.20 radələrində “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə Şərifzadə küçəsi 3 ünvanında (ATV kanalının yaxınlığında), əməkdaşımız “Futbol+” mətbəəsindən çıxarkən baş verib.

İdmançı görkəmli, idman geyimli 3-4 şəxs qəfildən əməkdaşımızın idarə etdiyi 10 MR 551 nömrəli “Mercedes” markalı avtomobilin qarşısını kəsərək, heç bir söz demədən, səbəb göstərmədən V.Yusubovu təpik-yumruq zərbələri ilə döyməyə başlayıb. Hətta basqınçılar onun avtomobilini söndürməsinə və maşından düşməsinə də imkan verməyiblər. Onlar maşının sağ və sol qapılarını açaraq hər iki tərəfdən əməkdaşımıza zərbələr endirməyə başlayıblar.
Təxminən 5 dəqiqəyə yaxın davam edən hadisə, Post Patrul Xidməti maşınının təsadüfən əraziyə gəlməsi nəticəsində yekunlaşıb. Belə ki, kənarda dayanaraq gəlib-gedənlərin olub-olmadığını nəzarətdə saxlayan basqınçılardan biri “gəldilər, getdik” qışqırıb və polis hadisə yerinə çatanadək onlar qaçaraq dağılışıblar. Sonradan polislərin və sözügedən mətbəənin əməkdaşlarının axtarışlarına baxmayaraq, cinayətkarlar tapılmayıb.

Hazırda fakt üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində araşdırma aparılır. Əməkdaşımız Yasamal Rayon Məhkəmə-Tibbi Ekspertizasından keçib, ağız zərbələrlə döyülmə faktı təsdiqlənib.

P.S. Dünən “Bizim Yol” qəzetində “Dünya çempionunun adı dələduzluq olayında” (Yazını oxumaq üçün bu linki vurun…) başlıqlı məqalədən sonra adı çəkilən idmançının atası redaksiyaya zəng edərək qəzet əməkdaşını ölümlə hədələyib. Hazırda bu versiya üzərində araşdırma aparırıq, bizi izləyin…