Avropa Komissiyasından İlham Əliyevə xəbərdarlıq

Neelie Kroes: “Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürdüyü standartlara əməl etməlidir”

«Azərbaycanda mediaya özbaşına məhdudiyyətlər görürük. Azad sözə görə cinayət məsuliyyəti var. Jurnalistlərə zorakı hücumlar olur. Fəallar onlayn izlənir, jurnalistlərin və onların mənbələrinin məxfiliyi pozulur».
Bunu Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Bakıda İnternet İdarəçiliyi Forumunda «Azərbaycanda azad medianın qorunması» mövzusunda çıxışında deyib: «Biz bunu pisləyirik. Məhdudiyyətlərə son qoyulmalıdır. Hücumlar araşdırılmalı və cəzalandırılmalıdır. Dərhal, dərindən və şəffaf şəkildə». Neelie Kroes 2012-ci il UNESCO Ümumdünya Mətbuat Azadlığı Mükafatının qalibi, jurnalist Eynulla Fətullayevin adını qeyd edib. Deyib ki, o, söz azadlığının müdafiəsi barədə danışıb və buna görə həbs olunub.
Avropa Komissiyasının nümayəndəsinin fikrincə, Azərbaycan hökuməti bu ilin əvvəlində («Eurovision»dan əvvəl) mətbuat azadlığını təmin edəcəyinə söz versə də, vəziyyət daha da pisləşib: «Azərbaycanda və digər yerlərdə hakimiyyətdə olanlar bilsinlər ki, media azadlığına bu repressiv məhdudiyyətlər qəbuledilməzdir. Azərbaycan da daxil olmaqla Avropa Şurasının üzvləri öhdəlik götürdükləri standartlara əməl etməlidirlər. Mən bu ismarışı Azərbaycan prezidentinə çatdırmaq istəyirəm».
Neelie Kroes qeyd edib ki, mətbuat azadlığının pozulması digər insan haqları pozuntularına bağlıdır:
«Gizlətməyə bir şeyi olmayan hökumət insanların həqiqəti aşkarlamasından qorxmamalıdır».