İran parlamentinin sədri Əli Laricani noyabrın 6-da prezident Mahmud Əhmədinejadın parlamentdə dindirilməsinə müxalif olan deputatlarla görüşüb. Əli Laricani deyib ki, bəzi deputatların ölkə rəhbərinin prezidentin sorğu-suala tutulmasına müxalif olması haqdakı iddiaları əsassızdır: “Ölkə rəhbəri Əhmədinejadın parlamentdə dindirilməsinə müxalif deyil. Əgər belə söhbət olsaydı, o mənə deyərdi”.
Həmin iclasa qatılan İran parlamentinin iqtisadi komissiyasının sədr canişini Ruhulla Beygi isə jurnalistlərə açıqlamasında deyib: “Əli Laricani bildirdi ki, ölkə rəhbəri Əhmədinejadın parlamentdə sorğu-suala tutulub-tutulmaması ilə bağlı sualın cavabında bu haqda heç bir fikri olmadığını vurğulayıb”.
Qeyd edək ki, noyabrın 5-də İran parlamentindəki mühafizəkar deputatlar fraksiyası Əhmədinejadın dindirilməsi məsələsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, onlar dini liderin son günlərdə ölkə rəsmilərinə xəbərdarlığından belə başa düşürlər ki, o, ölkənin indiki həssas və böhranlı şəraitində Əhmədinejadın dindirilməsi ilə ölkədə hər hansı çaxnaşma yaranmasını məsləhət görmür.
İran prezidenti Mahmud Əhmədinejadın dindirilməsi ilə bağlı layihə noyabrın 4-də parlamentə təqdim edilib. Layihəni 77 deputat imzalayıb. Onlar Əhmədinejadın parlamentdə valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallara cavab verməsini tələb edirlər.
İnformasiya şöbəsi


