Söyün Sadıqov Bakıdan yayılan xəbəri sərt qarşıladı

« Bu tip informasiya yalnız adımı qaralamaq məqsədi ilə yayılıb»

Rusiyada yaradılan və «Milyarderlər ittifaqı» kimi Rusiya Azərbaycan Təşkilatları İttifaqının koordinasiya Şurasının üzvü, «AzərRos»un prezidenti Söyün Sadıqovun adı ilə bağlı növbəti məlumat yayılıb. Lent.az saytının yaydığı xəbərə görə, Söyün Sadıqovun iki emissarı Azərbaycandadır və onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar.
Saytın yazdığına əsasən, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış RATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir.
Sayt bu şəxslərin Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşdüyünü iddia edir. Öz növbəsində Seyid Camal Əzimbəyli sayta açıqlamasında faktı təsdiq edərək bildirdi ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: “Onlar ÜATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım”.
Məlumatanı nə dərəcədə həqiqətən uyğun olub-olmadığını dəqiqləşdirmək üçün Söyün Sadıqovla əlaqə saxladıq. «Azadlıq»a verdiyi açıqlamasında «AzərRos» prezidenti yayılan informasiyanı yalan adlandırdı. S.Sadıqovun sözlərinə görə, o heç vaxt fikrində belə tutmayıb ki, kimisə göndərsin və
Qarabağ icmasının nümayəndələri ilə görüşsün, yaxud Qarabağ probleminin həllini müzakirə etsin. Bu tip informasiya yalnız adını qaralamaq məqsədi ilə yayılıb.
Seyid Camal Əzimbəylinin onunla görüşün keçirildiyi ilə bağlı dediklərinə münasibət bildirən S.Sadıqov bu şəxsin məqsədyönlü şəkildə onun adını qaralamaq niyyətində olduğunu qeyd etdi: «Rəsmən bəyan edirəm ki, heç kimə mənim adımdan danışmağa və nəyisə müzakirə etməyə səlahiyyət verməmişəm. Heç kimdən belə bir xahiş etməmişəm. Bu tip məlumatların yayılmasında məqsəd mənim adımı qaralmaqdır».
S.Sadıqovun sözlərinə görə, hətta belə bir görüş olubsa da, onun bu görüşə heç bir aidiyyatı yoxdur.

Fizzə