Tənqid hədəfinə Araz Ağalarov da gəldi
Azərbaycan hakimiyyəti Rusiya Azərbaycan Təşkilatları Ittifaqına (RATI) qarşı kampaniyanı davam etdirir. Hakimiyyət nümayəndələri ard-arda bu təşkilata yönəlik açıqlamalar verir, qurumu təsis edən milyarderlərin böyük güc olmadığı barədə rəy yaratmağa çalışırlar.
YAP-çı deputat Məlahət Ibrahimqızı da “Reytinq” qəzetinə müsahibəsində RATI-də təmsil olunan şəxslərin Azərbaycan xalqına bağlı olmadıqlarını iddia edib: “Mətbuatın yazdığına görə, guya bu təşkilat Azərbaycan hakimiyyətinə qarşı yaranıb. Hətta bu ehtimal həqiqət olsa belə, Rusiyadakı milyarderlər Azərbaycan iqtidarına təhlükə ola bilməz. Bu səbəbdən də hakimiyyətin narahat olması barədə deyilənlərin əsası yoxdur. Çünki adları çəkilənlər Azərbaycan xalqı ilə bağlı olmayan adamlardır
Gəlin bölgələrə gedək, insanlardan soruşaq, görə adıçəkilən adamların hansının xalqa bağlantısı var, kim onları tanıyır. Əgər həmin təşkilatdakı şəxslər Azərbaycan hakimiyyətinə qarşı pis fikrə düşərlərsə, xalq onlara dəstək verməyəcək”.
Başqa bir hökumətyönlü deputat Qüdrət Həsənquliyev də təxminən eyni fikirləri səsləndirib: “Məsələn, Araz Ağalarovun Azərbaycanda nə nüfuzu var? Qohumluq əlaqəsi başqa şeydir, söhbət xalq arasındakı nüfuzdan gedir. Əliyevlər ailəsi ilə qohum olana qədər ölkədə nə qədər adam Araz Ağalarovu tanıyırdı? Yaxud Vahid Ələkbərov, ya Söyün Sadıqov olsun. Çox məhdud sayda insan. Onlar indiyə qədər Azərbaycan üçün elə işlər görməyib ki, xalqda onlara etdiklərinə görə bir minnətdarlıq hissi olsun. Onlar bu gün siyasətə baş vuracaqsa, Azərbaycan xalqı o dəqiqə biləcək ki, bu, artıq Rusiyanın sifarişidir və çox kəskin etirazını ortaya qoyacaq. Inanmıram ki, onlar öz xalqına, ölkəsinə qarşı onlardan kimlərinsə istifadə etməsinə imkan versinlər. Düzdür, müqavimət göstərsələr, Rusiyada böyük təzyiqlərlə üz-üzə qala bilərlər. Ancaq buna baxmayaraq, aktiv şəkildə onların Azərbaycanla bağlı hər hansı layihədə rol alacağını düşünmürəm”.