Gülər Əhmədova ilə bağlı hadisələrin xronoloji ardıcıllığı və onun ətrafında gedən hadisələr ölkədəki bütün qaranlıq məqamlara aydınlıq gətirməkdə davam edir. Yadınızdadırsa, sabiq deputatın “ağzımı açdırmayın” bəyanatından sonra, YAP-çılar ona qarşı “ikinci cəhbə” açdılar, YAP-ın öndə gedənləri daha sərt bəyanatlar verməyə başladılar, “ağzını açıb nə deyəcək?”, “o kimdir ki?”. Iqtidarın əsas təbliğat ruporu olan “Səs” qəzeti isə, Həsən bəy Zərdabi ilə başlayan mətbuat tariximizdə bir “ilkə” imza atdı…
140 ildən sonra ilk dəfə olaraq, bir azərbaycanlı qadın, üç uşaq anası mentalitetimizə ən zidd şəkildə aşağılandı, küçə qadını səviyyəsinə endirildi. Əgər “SƏS” qəzeti yenidən bu mövzuya qaytarılmayacaqsa, inamla demək olar ki, ölkəyə başucalığı gətirməyəcək olan bu rəzalətə heç vaxt şahid olmayacağıq… Hadisələrin “gedişi”, ölkədəki dəyişən siyasi ab-hava, ən əsası, “Səs” qəzetinin yerində oturdulması buna olan inamı artırır…
Bəli, Çexiya mülkləri haqda gedən yazılardan sonra Gülər Əhmədovaya qarşı iqtidar cəbhəsindən edilən hücumlar səngidi, hətta bu kampaniyanın önündə gedən YAP-ın ən ağır topları “ikinci dəfə” ifadə verməyə məcbur “oldular”.
Keçən yazımda mən “təsadüfi” olaraq, həmin günlərdə “Günəbaxan” verilişində gedən “qaynana” polemikasını nahaq yerə xatırlatmadım. Bəli, bir neçə gün ərzində verilişdə bu mövzu qabardıldı və “mesaj qəbul edildi” etirafına qədər(!) ara verilmədi.
Söhbət burda G.Əhmədovanın kiməsə qaynanalıq etməsindən getmirdi, hamıya məlumdur ki, qaynana olmaq üçün övladını ya evləndirməlisən, yaxud da ərə verməlisən. G.Əhmədova Azərbaycan-Çexiya parlamentlərarası deputat qrupunun rəhbəri idi. Və Elşad Abdullayevlə mandat bazarlığından az sonra, ifşa olunmuş deputata qarşı hücumların baş aldığı bir zamanda mətbuata azərbaycanlı məmurların və hakim ailənin Çexiya mülkləri haqda məlumatlar sızdırıldı.
Bu, təsadüfi deyildi, yaranmış sitiuasiya Gülər Əhmədova ilə bağlı olan qurumlara inanılmaz marağın artmasına səbəb olmuşdu. Azərbaycan-Çexiya parlamentlərarası deputat qrupunun rəhbəri olması isə nəzərləri Avropanın bu kurort ölkəsinə yönəltdi. Məlum oldu ki, Azərbaycanın hakim ailələri Çexiyanın Karlovı-Varı kurortunda hələlik mümkün və satıla biləcək bütün obyektləri alıblar…
Bir kədərli haşiyə çıxmaq istəyirəm, 80-ci illərdə sovet mətbuatında oxumuşdum ki, Kəlbəcərdən çıxan mineral sular tibbi əhəmiyyətinə, faydasına görə Karlovı-Varını geridə qoyur. Etiraf edim ki, məni korrupsiya və dövlətin büdcəsinin talan edilməsindən çox, rejimin Kəlbəcər – Karlovı-Varı “seçimi” kədərləndirdi. Iqtidarın işğal altında olan Vətən torpaqları haqda səs-küylü bəyanatlarında nə qədər səmimi olduğunu, Kəlbəcər və Karlovı-Varı arasında etdiyi seçimlə bir daha ortaya qoydu. Bəli, əziz oxucu, gerisini sən düşün, özü də diqqətlə…
Məlum oldu ki, Gülər Əhmədova “ağzımı açdırmayın” deyəndə nələri nəzərdə tuturmuş. Olaydan sonra Çexiya Senatının üzvü Jan Hornikin “Azərilər Karlovı Varını yaxşı tanıyırlar, onların baş naziri bura səfərlərindən biri zamanı mənə dedi ki, bura səfərləri daha çox biznes xarakteri daşıyır, nəinki istirahət, çünki Azərbaycan hökumətinin yarısı burada olur”.
Senatorun da fikirlərindən açıq-aydın sezilir ki, biznes sahibləri məhz məmurlardır, o səbəbdən də deyir ki, Azərbaycan hökumət nümayəndələri həftə səkkiz mən doqquz burdadırlar. Jan Hornik sıradan bir çex deyil, ölkənin 81 senatorundan biridir, ola bilsin ki, ya mülklərin alınmasına “xeyir-dua” verənlərdən biridir, ya da “xeyir-duaçı”lara müxalifdir.
Onu isə Gülər Əhmədovadan yaxşı kimsə tanıya bilməz. Eyni zamanda Çexiyadakı mülklərin sayını, dəyərini, kimlərə aid olduğunu da həmçinin. Çexiyada xaricilərə daşınmaz əmlakın satılması prosedurasının detalları ən son parlament səviyyəsində həll edilir və bu səbəbdən hakim ailələrin hər birinin Gülər Əhmədova ilə bu və ya başqa şəkildə təmasının inkarı qeyri-mümkündür. Və o da bəlli oldu ki, Gülər Əhmədova “vəzifə”sinin öhdəsindən necə lazımdır gəlib. Yəni Mirşahinin təbirincə desək, “Yasamallı qız” çox prinsipial olub və Çexiyada məmurlarımızın aldanılmasına imkan verməyib. Çox güman ki, Çexiyadakı xidmətlərindən sonra “xoşbəxt” mülk sahibləri yığışaraq, ona “Qaynana” titulu veriblər…
Xatırladaq ki, bu “haqq-hesab”dan bir neçə ay əvvəl, Gülər Əhmədovanı YAP-çı deputat kimi “2012-ci ilin ən fəal deputatı” titulu ilə elə Milli Məclisin özündə “koronavat” eləmişdilər…
…Gülər Əhmədova olayından sonra deputatların bir az “yavaşlamaq” əvəzinə daha aqressiv olması diqqət çəkir. Gülər Əhmədova qadağasından sonra onlar müxalifətə böhtan atmaqla “mən də varam” demək istəyirlər. Ona görə də bu zavallılara dərk etmədikləri bir həqiqəti xatırlatmağı özümə borc bilirəm.
“Əziz” saxta deputatlar, bilirsinizmi ki, “parlament” fransızca danışmaq, “duma” rusca fikirləşmək, “məclis” isə ərəbcə oturmaq deməkdir?
Əminəm ki, xoşunuza gəldi, hərdən xumarlanaraq mürgüləyə də bilərsiniz…

Bakıda Kəlbəcər bəyanatı, Karlovı – Varıda Qaynana əməliyyatı (II yazı)
•