Hüquq müdafiəçilərinin mövqeyi ictimaiyyəti də qəzəbləndirdi

«Bu adamlar hüquq müdafiəçisi adına kölgə salırlar»

“Leyla Yunus bizləri hökumətə işləyən, ölkədə insan hüquqları ilə bağlı vəziyyəti saxtalaşdıran, hətta işgəncə verən polislərdən və saxtakar prokurorlardan da təhlükəli adlandırır”.
Bu fikir Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun hüquq müdafiəçisi Leyla Yunusun məlum stenoqramı ilə bağlı yaydığı bəyanatdandır.
Bəyanat müəllifləri Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusu ittiham edirlər:
“Oktyabrın 31-də Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini-Draqoni və təşkilatın siyasi məsələlər üzrə direktoratının başçısı Aleksandr Gessellə görüşdə Leyla Yunus digər iştirakçıların sözünü kəsərək onların çıxışlarına kobudcasına müdaxilə edirdi.
Leyla Yunus görüş haqda “stenoqram” adı altında yanlış, alayarımçıq informasiyanı KIV-lərə yayaraq cəmiyyətdə çaxnaşma yaratmağa çalışıb.
Onun yaydığı cəfəngiyyatdan belə görünür ki, görüşdə bircə danışan o olub, qalan iştirakçılarsa L.Yunusun ünvanına qısa, mənasız replikalarla kifayətləniblər.
Görüşün rəsmi stenoqramı olmadığından Leyla Yunus böhtan və iftiralara əl ata bilər. Biz isə öz növbəmizdə özünü reklam etmək hərisliyində olan keçmiş hərbi senzorla söz güləşdirməyə vaxt sərf etmək fikrindən uzağıq və baş verənləri onun vicdanına buraxırıq”.
Yayılan stenoqramdan belə görünür ki, sözügedən görüşdə Leyla Yunusla Monitorinq Qrupunun üzvləri arasında fikir ayrılığı olub. Leyla Yunus hakimiyyətin özbaşınalıqlarını, ölkədə baş verən qanunsuzluqları sərt tənqid etdiyi halda, digərləri Azərbaycanda vəziyyətin getdikcə yaxşılaşmasından bəhs ediblər. Dindarların həbsilə bağlı məsələdə də toqquşma olub. L.Yunus siyasi məhbuslardan danışarkən dini baxışlarına görə həbs olunanların da siyasi məhbus olduğunu qeyd edib. Monitorinq Qrupunun üzvləri isə Islamçıları siyasi məhbus hesab etmədiklərini bildiriblər.
Maraqlıdır ki, Monitorinq Qrupu L.Yunusa, ictimaiyyət fəalları isə qrupun üzvlərinə qarşı çıxır. Məlum görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının səsləndirdiyi fikirlər ictimaiyyətdə  qəzəblə qarşılanıb. Məsələn, həbsdə olan islamçıların qorxulu qüvvə olduğunu, Irandan maliyyələşdiyini və siyasi məhbus olmadığını deyən N.Cəfəroğlunun bu fikirləri Islam Partiyasının ciddi etirazına səbəb olub. Partiya sədrinin müavini Rövşən Əhmədli hüquq müdafiəçilərinin bu fikirlərindən təəssüf etdiklərini bildirib: “Adını hüquq müdafiəçisi qoyan şəxslərin sərgilədiyi bu mövqe acı təəssüf doğurur. Bu cür məsuliyyətsiz və qərəzli fikirlər onların nə qədər cılız, aciz və əlaltı olduğunu bir daha nümayiş etdirir. Bunu söyləyən insanlar hansısa fakta malikdirlərsə, hüquq-mühafizə orqanlarına müraciət edib həmin faktları təqdim etsinlər. Məhkəmə sisteminin hansı vəziyyətdə olduğu hər kəsə bəlli olduğu halda hüquq müdafiəçisinin hakim rolunda çıxış edib sərsəm fikirlər səsləndirməsi onu göstərir ki, onlar sifarişlə işləyirlər. Bu adamlar hüquq müdafiəçisi adına kölgə salırlar. Ictimaiyyətdən bu cür yaramaz fikirlərə qarşı təpki gəlməlidir. Islamçılar hakimiyyəti ciddi və obyektiv tənqid etdiklərinə görə uydurma ittihamlarla həbs ediliblər. Indi onları bu cür ittihamlarla ləkələmək ancaq kinayəli gülüş yarada bilər”.
Hüquq müdafiəçilərinin etiraza səbəb olan növbəti fikri artıq polis bölmələrində aksiyaçıların döyülmədiyi, hətta onlara su və çay verildiyidir. Az qala, hər aksiyada həbs edilən Əbülfəz Qurbanlı isə bu iddianı cəfəngiyyat adlandırır: “Kim deyir ki, döyülmə yoxdur? Aksiyaçılara elektroşok verilməsi, aksiyaçıların avtobuslarda döyülmələri nə tez yaddan çıxıb? Bizi polis idarəsinə aparıb darısqal yerlərə salırlar. Su içməyə qab da vermirlər. Novella xanım nə vaxtsa polis bölməsinə gəlib bizim vəziyyətimizi görməyib”.
N.Cəfəroğlunun cəzaçəkmə müəssisələrinə gedib monitorinq aparmaq üçün hər kəsə şərait yaradıldığı iddiasına gəlincə, buna da hüquq müdafiəçisi Elçin Behbudov etiraz edib: “Həbsxanalarda işgəncə və qeyri-insani rəftarla bağlı bizə kifayət qədər şikayət daxil olur. Amma biz onları araşdıra bilmirik. Çünki icazə vermirlər. Dəfələrlə Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etsək də, heç bir faydası olmayıb”.