Sabiq rektorunun Eleonora Hüseynova vasitəsilə göndərdiyi məktub MTN-dən necə çıxdı?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yayımladığı video ölkə gündəmini partlatdı. Video Gülər Əhmədovanın mandatından imtina etməsiylə nəticələnməsiylə yanaşı, bir neçə məsələni üzə çıxardı. Məlum oldu ki, sabiq rektor gizli çəkilişi mətbuatda yaymazdan öncə ölkə başçısına, hüquq-mühafizə orqanlarına və başqa aidiyyəti qurumlara müraciət ünvanlayıb. Nəticə olmadığı üçün Elşad Abdullayev sonda mediaya üz tutub.
Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli “Azadlıq”a maraqlı məlumatlar verib. Belə ki, bir neçə gün öncə o, “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirmişdi ki, sabiq rektorun videonu yaymaması üçün onun yanına qohumunu göndəriblər. Bloggerin dediyinə görə, Elşad Abdullayevin yanına gələn qohumu ona öyüd-nəsihət verməyə başlayıb: “Həmin qohum da demişdi ki, guya nəsildəki hər kəs iynə üstündə oturub. Buna görə də videoların yayımını dayandırmaq lazımdır. Görünür, qohumlarının içində də Elşad Abdullayevin susmasını istəyənlər var. Amma onun susmaması sübut edir ki, o, yalnız qardaşının tapılmasında maraqlıdır”.
“Azadlıq” qəzeti ekspertlərə istinadən bu öyüd-nəsihətin araxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dayandığını yazmışdı. Çünki videoda da görünürdü ki, Gülər Əhmədova Elşad Abdullayevdən aldığı pulu PA rəhbərinə çatdıracağını söyləyir.
Ötən gün “Azadlıq”a danışan Elnur Məcidli deyir ki, videolar yayılmazdan öncə Elşad Abdullayev UNESCO-da Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Eleonora Hüseynova ilə görüşüb: “Mehriban Əliyevaya çatdırılması üçün ona qardaşının oğurlanması və buna paralel olaraq ABU-nun bağlnamasını özündə əks etdirən çox səhifəlik məktub verdi. Eleonora Hüseynova həmin məktubu Mehriban Əliyevaya çatdıracağına söz verdi. Ancaq qısa müddət keçəndən sonra MTN Eleonoraya təqdim olunan məktublarla birlikdə E.Abdullayevin qohumunu Fransaya göndərdi. Bir sözlə, Eleonora Hüseynovaya verilən məktublar MTN-dən çıxdı”.
Elnur Məcidlinin sözlərinə görə, bu fakt göstərir ki, məktublara bir mərkəzdən nəzarət edilir: “Çox güman ki, bu mərkəz Prezident Administrasiyasının nəzarətində MTN-də formalaşıb. Ölkə başçısına gedən məktubların Ramiz Mehdiyevin ofisində süzgəcdən və onun nəzarətindən keçirildiyi isə heç kimə sirr deyil. Elşad müəllimin Fransaya həmin məktubla gələn qohumu ondan fəaliyyətini durdurmağı, Azərbaycandakı qohumlarına təzyiqlər və s. buna bənzər söhbətlər etdi”.
Ramin DEKO