AzTV-də maliyyə pozuntuları və rüşvətxorluq adi hala çevrilib, əməkdaşların hüquqları pozulur, kriminal durum isə getdikcə kəskinləşir
Hər il noyabrın 6-sı yaxınlaşanda AzTV ekranlarında çal-çağır artır, verilişlərdə ayrı bir canlanma duyulur. Teleradio işçiləri günü mühasib-sədr A.Alışanova özünü təriflətmək üçün yaxşı fürsət verir. Təmir-titkinti işlərindən, “analoqu” olmayan studiyalardan, asfaltlanmış həyət-bacadan fraqmentlər göstərilir, bir neçə köhnəlmiş verilişin adı çəkilir və sonda da ekranlardan düşməyən bir-iki yaltaq deputat AzTV sədrinin “qüdrət” sahibi olmasından danışır.
60 milyonluq “kommersiya sirri”
Azərbaycanda indi AzTV-yə nə qədər adamın baxdığını demək çətin deyil, çünki ciddi reytinq cədvəllərində bu telekanal ən axırıncı pillədədir. Qeyri-peşəkar hazırlanan boz-bayağı verilişlər, tamaşaçını maraqlandırmayan mövzuların efirdə çeynənməsi, köhnə proqramların təkrarı auditoriyanı cəlb edə bilməz. Amma yaxşı proqramların hazırlanması üçün dövlət büdcəsindən AzTV-yə hər il milyon manatlarla vəsait ayrılır. Sədr Alışanovun və onu himayə edənlərin kəraməti sayəsində bu vəsaitin məbləği ildən-ilə artırılır. Məsələn, 2011-ci ildə bu telekanala 30 milyon manat ayrılmışdısa, ötən il üçün bu vəsaitin miqdarı 34 milyon 138 min manata çatdırılmışdır. Bundan başqa, texniki avadanlıq almaq üçün də əlavə 5 milyon manat verilmişdi. Üst-üstə gəldikdə bu, 60 milyon dollara yaxın vəsaitdir, bəs bu milyonlar necə xərclənir? Maliyyə şəffaflığı tələb edən bu sualı AzTV sədri Alışanov heç sevmir, o dəqiqə başı fırlanır, gözləri qaralır və xəyalına ağır açılıb-örtülən dustaqxana qapıları gəlir…
Dövlət büdcəsindən maliyyələşən bir telekanal kimi AzTV vəsaitlərin necə xərclənməsi barədə bilgiləri topluma açıq tutmalıdır. Lakin ciddi maliyyə pozuntuları və mənimsəmə faktları olduğundan mühasib-sədr A.Alışanov bu bilgilərin ortaya çıxmasını təhlükəli sayır. Ona görə də telekanal Azad Iqtisadiyyata Yardım Ictimai Birliyinin (AIYIB) bununla bağlı sorğusunu süngü ilə qarşılamışdı. Birlik AzTV-dən ötən il üzrə büdcənin necə xərclənməsini öyrənmək istəmişdi. O səbəbdən il ərzində telekanalda əmək haqlarının ödənilməsinə ayrılan vəsaitin ümumi məbləği, departament rəhbərlərinin aylıq əmək haqları, təmirə ayrılan vəsaitin məbləği barədə bilgilərin təqdim olunmasını xahiş etmişdi. Bu suallardan səksənən Alışanov bunların kommersiya sirri olduğunu deyərək sorğuya cavab verməkdən imtina etmişdi.
Bundan sonra Birlik Media Hüququ Institutunun (MHI) köməyi ilə məhkəməyə müraciət edib, lakin AzTV işçilərinin haqqını tapdamaqda yaxşı təcrübəsi olan Səbayel Rayon Məhkəməsi, onun ardınca isə Bakı Apelyasiya Məhkəməsi də telekanalın informasiya verməkdən imtinasına bilgilərin kommersiya sirri olması əsası ilə haqq qazandırıblar. Lakin Ali Məhkəmə işi yenidən baxılması üçün aşağı məhkəməyə qaytarıb. Bu dəfə işə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi qeyri-hökumət təşkilatının bilgi almaq hüququnun pozulduğunu tanıyaraq, AzTV-nin üzərinə soruşulan bilgiləri vermək vəzifəsi qoyub. Məhkəmə göstərib ki, informasiya sorğusu ilə AzTV-dən istənilən bilgilər qanunla açıq sayılan bilgilər sırasına daxildir və telekanal həmin bilgiləri verməyə borcludur.
Indi mühasib-sədr çıxılmaz vəziyyətdə qalıb, məlumatları verməsə məhkəmə qərarını pozmuş olacaq, büdcəni necə xərclədiyini ortaya çıxarsa, gərək həbs olunsun. Ona görə də gözlərini zilləyib Prezident sarayına, hamilərindən kömək gözləyir. Amma əsas hami – Ramiz Mehdiyev buralarda olmadığından Alışanov indi təlaşlı günlərini yaşayır.
Nə qədər ki, Ramiz Ənvəroviç var…
A.Alışanov bugünkü xoş güzəranı və dəbdəbəli həyatı üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə borcludur. Çünki o, həyatını və AzTV-də oğurluq yolla topladığı sərvəti necə qorumağı düşünməkdə ikən Mehdiyevlər ailəsi ilə təsadüfi bir tanışlıq onu ağ günə və sədrlik kreslosuna gətirib çıxardı. AzTV tarixində ilk dəfə qeyri-ixtisas sahibi və humanitar biliklərdən uzaq bir adam, haqqında iki dəfə cinayət işi açılmış birisi sədrlik postuna gətirildi. Insafən, Alışanov da öz hamisinə çox sədaqətlidir, daim “nə qədər ki, Ramiz Ənvəroviç var, mən buradayam” deyir.
Mühasib-sədrin Admininstrasiya rəhbərinə “məhəbbətinin” bir səbəbi də var. O, məhz hər şeyə qadir Ramiz Ənvəroviçin sayəsində deputat təyin olunub.
Rüşvət konveyeri tam gücü ilə işləyir
Bu arada A.Alışanovun işdən çıxarılacağı ilə bağlı söhbətlər dolaşmaqdadır. Həmişə belə söhbətlər çıxanda isə teleşirkətdə rüşvət tüğyan edir, məbləğlər artırılır. Son bir ayda telekanalda yenə rüşvət dalğası güclənib. Aldığımız məlumata görə, təkcə “Xəbərlər” redaksiyasında həftə ərzində on min manatlarla pul yığılır. Burada banklardan, özəl şirkətlərdən, tikinti obyektlərindən çəkilən süjetlərə yüksək qiymətlər qoyulur və sifarişçilərdən külli miqdarda pul qopardılır. Bəzi qocaman sənət adamları və alimlərdən bəhs edən verilişləri çıxmaq şərtilə efirə heç nə pulsuz getmir. Bu, əlahəzrət Alışanovun ciddi tapşırığıdır. Onun üçün tamaşaçı rəyinin heç bir önəmi yoxdur, təki cibə bir şey getsin.
AzTV sədri pulun iyini yaxşı duyur, xüsusi idman kanalının açılması onun instinktlərinin korşalmadığını təsdiqləyir. Əvvəllər idmandakı pul mənbələrinə idman şərhçiləri Elnur Əşrəfoğlu və Altay Əliyev vasitəsi ilə çıxan sədr, tədricən həmin kanallara öz adamlarını yerləşdirmış, adları çəkilən şərhçiləri işdən azad etdikdən sonra özü birbaşa bu işlərə girişib (bu da bir əxlaqdır!). Bəzi “əməliyyatları” isə kanalın baş redaktoru Elsevər Dünyamalıyevin əli ilə gerçəkləşdirir.
Özlərini reklam etmək istəyən futbol klubları və müxtəlif idman federasiyalarından pullar AzTV-yə sel kimi axır. Dördrəqəmli məbləğlə ifadə olunan pulları mənimsəməyin isə sadə mexanizmi vardır: yarışların translyasiyası üçün saxta müqavilələr bağlanır, gələn pullar mənimsənilir, heç bir vergi ödənilmir, az keçdikdən sonra isə müqavilə cırılıb atılır. Amma bəzən daş qayaya da rast gəlir. Məsələn, bu yaxınlarda Rövnəq Abdullayevin AzTV-dən narazılığı Alışanovun qanını bir qədər qaraldıb. Bundan əvvəl “Xəzər-Lənkəran” futbol klubu ilə aparılmış 72 min manatlıq əməliyyat da AzTV sədrinin ifşa etmişdi.
Təbii ki, idman kanalının bəzi əməkdaşları belə maliyyə fırıldaqlarından xəbərdardırlar və bu barədə susmayacaqlarını deyiblər. Ona görə də Alışanov belə “təhlükəli” adamları işdə saxlamağı məqsədəuyğun saymayıb. Elə bu səbəbdən təcrübəli idman jurnalistləri Elnur Əşrəfoğlu, Altay Əliyev, Araz Əhmədov, Alim Məmmədov, Orxan Hacıyev və Sənan Məhərrəmov işdən uzaqlaşdırılıb…
Reklam pulları necə yeyilir?
Bu yaxınlarda AzTV müvafiq nazirliyə təqdim etdiyi Vergi bəyannaməsində telekanalın il ərzində reklamdan cəmi 17 min manat gəlir götürdüyünü göstərib. Alışanovun bu gülməli rəqəmi təcrübəli vergi müfəttişlərini yamanca şübhələndirib. Onların hansı əməliyyatı aparacağı başqa mövzudur, amma fakt budur ki, AzTV-də səriştəli maliyyə fırıldaqlarının aparılması artıq hər kəsə bəllidir.
Burada barmaq hesabı ilə hər şeyi saymaq olar. Məsələn, AzTV-yə dövlət büdcəsindən 34 milyon manat pul ayrılır. Bunun 7 milyonu əməkdaşların maaşı üçün nəzərdə tutulub, amma getdikcə sayı azalmaqda olan işçilərin heç 15 faizi maaş almır. Onda sual olunur: bəs bu pullar hara gedir?
Telekanalın digər gəlir mənbəyi sponsor pulu və reklamdır. Xüsusən şənbə və bazar günləri AzTV-də xeyli sponsorlu proqramlar efirə çıxır. Sual doğur: dövlət bu verilişlərin istehsalına pul ayırırsa, bəs onda bu sponsor pulları kimin cibinə gedir? Yaxud hər həftə “Loto” oyunu üçün ödənilən pullar AzTV-nin kassasına gedir, yoxsa Alışanovun xırda “xərcləri”nə sərf olunur? Əslində “Gen” MMC ilə bağlı məhkəmə prosesi bu sualların bir qisminə cavab verdi və məlum oldu ki, AzTV bu qurumdan aldığı 51 min dolları kassaya mədaxil etməyərək, həzmi-rabedən keçirib. Düzdür, prokuror, məhkəmə bir az başağrısı yaradıb, amma deyəsən işlər sahmana düşüb.
Təbii ki, belə saxta əməliyyatları aparmaq üçün Alışanova etibarlı baş mühasib lazımdır. Ona görə də bu yaxınlarda sədr həmin vəzifəyə Kino və dublyaj baş redaksiyasının rəhbəri Səyavuş Məmmədovun oğlu Zaur Məmmədovu təyin edib, çünki sədr baş redaktora çox inanır, neçə illərdir ki, Telefilmin pullarını onun vasitəsilə mənimsəyir. Deməli, oğula da atası kimi etibar etmək olar.
Azad Akifoğlu


