Keçmiş deputat Gülər Əhmədovanın məhşur rüşvət qalmaqalı gündəmə oturandan az sonra, hakimiyyətinin elitasının xalqdan oğurlanmış pullar hesabına Çexiyanın Karlovı-Varı başda olmaqla, digər şəhərlərində yüz milyonlarla əmlakının olması haqda geniş yazılar və reportajlar baş alıb getdi. Niyə məhz Çexiyadan başlandı, halbuki rejimin Şərqi Avropanın Serbiya, Sloveniya, Makedoniya “sərgüzəştləri” heç də Çexiyadan geri qalmırdı və biz növbəti xəbərləri məhz ordan gözləyirdik…
Elə olmadı və bizə məlum oldu ki, Paşayevlər, Paşazadələr, eləcə də başqa zadələrimiz, Çexiyanın və Avropanın Kəlbəcəri hesab edilən Karlovı-Varı şəhərini və ona bitişik əraziləri, demək olar, “ələ keçiriblər”. Özü də bu prosesin təxminən 2006-cı ildən başlandığı məlum oldu, çünki hotellərin və zavodların çoxu işlək vəziyyətdə idi, tikilməkdə olan obyektlərin bir çoxunda isə, dekorasiya və tamamlanma işləri başa çatdırılmaq üzrə olduğunusa öz gözlərimizlə gördük. Əsas məsələyə keçməmişdən əvvəl, bir-iki kəlmə Çexiya haqda…
Çexiya elə bir ölkədir ki, burada qanunlar işləyir, yəni burada Hacıbalasayaq işlərə görə adamın nə gözünün yaşına baxarlar, nə əlindəki daşdan keçən kağızına. Burada istənilən obyektin və yaxud torpaq sahəsinin alınması və satılması qanuna uyğun və şəffaf keçirilir və əldə olunan məbləğ son kronunadək büdcəyə daxil olur. Lakin bu o demək deyil ki, çexlər rüşvət və şapkadan da imtina edirlər, xeyr, belə deyil. 5-6 il Çexiyanın siyasi həyatında önəmli fiqur olmuş, 2006-2010-cu illərdə baş nazir olmuş Mirek Topalanekin biabırçılıqla postundan qovulması buna bariz nümunədir. O, italiyalı həmkarı Berluskoni ilə çılpaq şəkildə, özü də gənc qızlarla “radara” düşdü və ardından məlum oldu ki, şapka və və rüşvətdən qazandığı pullarla Avropada bir neçə villası da var. Təxminən Qubanın sabiq icra başçısı Rauf Həbibovunku qədər mənbəyi məlum olmayan əmlakı onu parlaq karyerasından etdi. Indi bizneslə məşğuldur və ilyarım öncə, Bakıya gəldi və Ilham Əliyev onu qəbul etdi, xeyli söhbətləşdilər… Nə isə, keçək mətləbə…
Azərbaycan – Çexiya parlamentlərarası əlaqələr qrupunun rəhbərinin, sabiq deputat Gülər Əhmədova olması təsadüfi deyil. Elşad Abdullayevlə olan videodan gördük ki, bazarlıqda bu qadının tayı-bərabəri yoxdur. ABU kimi universiteti yaradan, onu bu qurdlar süfrəsində heç kimə yem etməyən təcrübəli hüquqşünas, etiraf edək ki, onun yanında smestr imtahanlarına gəlmiş ortabab tələbə təsiri bağışlayırdı. Yəni rusdilli çexiyalı məmur və deputatlarla danışmaq lazım gələrsə, “razborka” aparmaq bu Gülər Əhmədova üçün su içmək kimi bir şeydir.
Qrupda ondan başqa, karate federasiyasının prezidenti Ülvi Quliyevi (ehtiyat igidin yaraşığıdır, yəni olmadı belə, oldu elə… – X.Ə.), “Azinko” şirkətinin prezidenti Malik Həsənovu (Kərəm Həsənovun qardaşı) qeyd etməyə dəyər, yəni məqsəd bəllidir, torpaqları alıb, problemsiz şəkildə tikintiyə başlamaq. Göründüyü kimi, qrupda hər kəsin konkret vəzifəsi var(digər üzvlər haqda da danışacağıq, tələsməyin, – X.Ə.).
…Gülər Əhmədova-Elşad Abdullayev videosunu diqqətlə izləyənlər xatırlayarlar ki, sabiq rektor Gülər Əhmədovanı nəvazişlə “cənab qaynana” adlandırdı və cavabında “xanım qaynana!” demək lazım olduğu nəzərinə çatdırıldı. Kimin qaynanası ola bilərdi bu övladlarını hələ evləndirməmiş xanım deputat?
Mənimçün bu məsələ “Günəbaxan” verilişində çözüldü… Bir jurnalist kimi, mənə onun qardaşının özünü necə aparacağını müşahidə etmək maraqlı idi, o üzdən bu əttökən verilişə bir neçə gün baxmalı oldum və diqqətimdən bir məsələ yayınmadı… Inanılmaz idi, hər gün verilişdə əsas mövzu qaynana idi, diqqətlə müşahidə etdim, 3 gün dalbadal mövzu davam etdirildi, xalq artistindən tutmuş, respublikanın ən məhşur qarmon ustası xanımı, hətta qaynana olmağa hazırlaşan şou-biznes əhlinin Ilqar Mikayıloğlu tərəfindən “görüşləri” alındı. Bu mesaj kimə idi, nə demək idi, bu başqa söhbətin mövzusudur, amma etiraf edək ki, alındı, yəni mesaj qəbul edilməyə başlandı, verilişdəki artan “qaynana dinamikası” ilə Gülər Əhmədovaya edilən təyziqlərin azalması düz mütənasib təşkil etməyə başladı. Bundan başqa, Mirşahinin “morze əlifbası” ilə konkret ünvana mesajlardan ibarət olan “vorovskoy analizi”nin də tirajlanması heç də təsadüfi deyildi.
Doğrudur, o zaman, “Günəbaxan”a baxmayan, “fil qulağında yatmış” YAP-çı rəsmilər Gülər Əhmədovanı az qala dərhal həbs olunmasını tələb etməyə başlamışdılar…
Aydın oldu ki, məsələ bildikləri kimi deyil…
ardı var

Qaynanası “ölmüş” Çexiya və Azərbaycan parlamentləri
•