yap-emblem

YAP-dakı absurd durumun səbəbkarı kimdir?

yap-emblemPartiyanın bəzi üzvləri Əli Əhmədovu, bəziləri isə Ramiz Mehdiyevi ittiham edir

YAP-ın icra katibi olan və həm də sədr müavini postunu tutan Əli Əhmədov hakim partiyada başqa müavinlərin olmasını istəmir. Bu barədə qəzetimizə YAP-dakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sabiq müavinlər Əli Nağıyev, Murtuz Ələsgərov və Sirus Təbrizlinin yerinə hələ də heç kimin təyin edilməməsi bundan irəli gəlir.
Iddialar görə, hakim partiyada bu məsələ bir neçə dəfə müzakirə olunub. Lakin müzakirələr nəticəsiz qalıb. Bəzi YAP-çılar isə hesab edir ki, YAP-dakı bu anormal vəziyyətin səbəbkarı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. Onların sözlərinə görə, hazırda hakim partiya faktiki olaran PA rəhbərinin nəzarətindədir. Əli Əhmədov da Ramiz Mehdiyevin kadrıdır. Keçmiş müavinlərin hər üçü isə PA rəhbərilə konfliktdə olan şəxslər olub. YAP-çıların fikrincə, Ramiz Mehdiyev YAP-da yalnız Əli Əhmədovu müavin saxlamaqla özünə əlavə problemlər yaratmaq istəmir.
Xatırladaq ki, 2005-ci ildən indiyədək partiyada sədrin birinci müavini və üç sədr müavini vəzifəsi boşalıb, ancaq bu yerlərin heç birinə yeni təyinat olmayıb.
YAP sədrinin birinci müavini Ilham Əliyev 2005-ci ildə partiyanın sədri seçilib. O vaxtdan partiyada sədrin birinci müavini postuna təyinat olmayıb.
YAP sədrinin müavinlərindən Əli Nağıyev 2005-ci ildə diplomatik fəaliyyət sahəsinə keçib və 2011-ci ilədək səfir işləyib. Digər sədr müavini Sirus Təbrizli 2007-ci ildə partiya sıralarından çıxarılıb. YAP sədrinin müavini Murtuz Ələsgərov 2012-ci ildə vəfat edib. Göstərilən tarixlərdən (2005, 2007, 2012) YAP-da üç sədr müavini vəzifəsi boş qalır.

İnformasiya şöbəsi