YAP-çı deputat hakimiyyətdəki çaxnaşmanı etiraf etdi

Eldar Ibrahimov: «Hətta iqtidarın içində olan müəyyən adamlar da çalışırlar ki, hardasa gələn il seçkilərdə nəsə bir problem yaratsınlar»

YAP-çı deputat Eldar Ibrahimov hakimiyyət daxilində təlatümlərin baş verdiyini etiraf edib. Eldar Ibrahimov “525-ci qəzet”ə müsahibəsində bilərəkdən, ya da bilməyərəkdən deyib ki, hakimiyyət daxilində müəyyən qüvvələr 2013-cü ildə keçiriləcək prezident seçkisində problem yaranmasına çalışırlar:
“Daxildə baş verən hər hansı bir məsələni bizi istəməyən müxalifət qüvvələri şişirdib beynəlxalq təşkilatlara ötürürlər, dünya ölkələrinə ötürürlər, hətta təsəvvür edin, ABŞ-ın Azərbaycandakı səfirinin danışıqlarında da  bunları sezirik, hiss edirik. Yəni, hər cür vasitə ilə daxildə olan qüvvələr, hətta elə iqtidarın içində olan müəyyən adamlar da çalışırlar ki, hardasa gələn il seçkilərdə nəsə bir problem yaratsınlar”.
Eldar Ibrahimov daha sonra hakimiyyət daxilində 2013-cü il prezident seçkisi ilə bağlı müəyyən tərəddüdlərin olmasına işarə edib: “Təbii ki,  mən də müəyyən tərəddüdləri, iddiaları hiss edirəm. Amma bizim partiyanın sədr müavini Əli Əhmədov da, mən də və digər bizim partiya üzvləri də konkret olaraq həmişə demişik, bu ümiddəyik və həqiqətdə də belə olacaq, təkcə YAP-ın yox, bütün Azərbaycan xalqının  Ilham Əliyevdən başqa namizədi yoxdur. Mən bu sözləri bir neçə dəfə demişəm və bir də təkrar etmək istəyirəm. Bu gün bəlkə Ilham Əliyevə o prezidentlik vəzifəsi lazım deyil. Sadəcə, Ilham Əliyevin prezidentliyi bizə lazımdır, Azərbaycan xalqına lazımdır”.
Eldar Ibrahimov iqtidar daxilində kimlərinsə prezidentliyə iddialı olduğunu da gizlətməyib: “Kimlərinsə bəlkə iddia olaraq, ürəyindən nələrsə keçir, hər şey  ola bilər, hamı hər şey fikirləşə bilər. Amma sən fikirləşdiyini fikirləş, gör Azərbaycan xalqı nə fikirləşir”.
Eldar Ibrahimov bu açıqlamaları bir daha göstərir ki, hakimiyyət daxilində 2013-cü illə bağlı ziddiyyətlərin, çaxnaşmanın olması barədə yayılan məlumatlar əsassız deyil. Və artıq ziddiyyətlər o qədər dərinləşib ki, YAP-ın təmsilçisi bu barədə mətbuata açıq danışmağa başlayıb.

Hikmət