Yaltaqlığın dövlət siyasətimizdəki mövqeyi

Dərbənddə baş verən sel daşqınlarından ən çox narahat olan, Rusiyaya ürəyi yanan, deyəsən, Azərbaycan hakimiyyəti oldu. “Ilham Əliyevin birbaşa göstərişi ilə” ötən ayın 17-də Dərbəndə humanitar yardımla yüklənmiş 18 ədəd(!) yük maşını yola düşdü.
Ancaq azacıq zaman keçəndən sonra isə bəlli oldu ki, humanitar karvan Rusiya sərhədində saxlanılıb, Dərbəndə buraxılmır. Hətta yardım etmək üçün gözləməkdən gözünün kökü saralmış “humanistlərdən” və saxlanma şəraiti olmadığından apardığı dərmanının zayı çıxan maşınlardan bəziləri geri qayıdıb.
Niyə Azərbaycan özünü gülünc yerinə qoymalıydı? Niyə istənilməyən yardımı göstərmək eşqinə düşməliydi?
Sel daşqını nəticəsində Dərbənddə cəmi 320 evə ziyan dəymişdi ki, bu təbii fəlakətin miqyasına görə Rusiya heç narahatlıq da keçirmədi – cəmi 2 helikopter və bir neçə mütəxəsis göndərməklə kifayətləndi. Bəs, xeyir olsun, Rusiyanın xarici humanitar yardım üçün müraciət etməməsinə baxmayaraq, Azərbaycan niyə ortaya atıldı? Içərisində un, düyü, qənd, çay, qaz plitəsi, dərmanlar olan 120 tonluq yardımı göndərməyə onu nə vadar etdi?
Cəmi 5 ay bundan əvvəl Zaqatalada zəlzələ baş verdi və Dərbənddə “ziyan çəkən evlərdən” düz 10 dəfə artığı – 123 sosial obyekt daxil olmaqla 3200 ev yararsız vəziyyətə düşdü və ya dağıldı. Hələ də fəsadları aradan qaldırılmayan bu təbii fəlakətə “humanistcəsinə” yanaşan qonşumuz oldumu? Rusiya heç olmasa, bircə maşın yardım göndərdimi?
9 milyonluq əhalisi, 1 milyonluq qaçqını, de-yure 86,6, de-fakto 69 min kv.km ərazisi olan Azərbaycan üçün 3200 evin dağılması kifayət qədər ciddi fəlakətdir, nəinki bütün dünyanın təbii sərvətlərinin 21 faizinə sahib, 17 milyon kv.km ilə ərazisinə görə planetin ən böyük ölkəsi olan Rusiya üçün 320 evin zərər görməsi. Həm də nəzərə alaq ki, Dərbənddə 320 ev “zərər çəkib”, Azərbaycanda isə 3200 ev “dağılıb və zərər çəkib”.
“Sel fəlakəti” humanitar yardım tələb edən belə ciddi “fəsad” sayılırsa, bəs, 2 il əvvəl 8 rayonu əhatələyən, 20 min evin dağılması, 100 min kv.metrə qədər ərazinin yararsız hala düşməsi, on minlərlə insanın zərər çəkməsi ilə nəticələnən Kür daşqını necə olsun? Iki ildir Azərbaycan hakimiyyətinin öhdəsindən gələ bilmədiyi Kür daşqını böyük faciədir, yoxsa Dərbənd subasması? Bəs, bu daşqın zamanı niyə Rusiya bir çöp qıymadı Azərbaycana?
Məqsəd, əlbəttə ki, yardım, humanizm-filan deyil; məqsəd öz kürsüsünə “böyük qardaşın” dəstəyini almaq üçün yaltaqlanmaq, rüşvət vermək, özünü sözəbaxan, ürəyiyanan göstərməkdir.
Azərbaycan sistemin mahiyyəti bundan ibarətdir: rüşvət, yarınmaq, yaltaqlıq hakimiyyətin canına-qanına işləyib – daxili siyasətləri də bu, xarici siyasətləri də!
Artıq yaltaqlanmalar işə keçmir; gör, hansı vəziyyətlərə düşüblər ki, humanitar yardım adıyla göndərdikləri maşın karvanının əhəmiyyətli hissəsi gömrükdə saxlanılır və yoxlanılır…
Bir dövləti, onun liderini aşağılamaq üçün “prezidentin şəxsi göstərişi ilə” yola düşən humanitar maşın karvanını “yardıma ehtiyacı olan” dövlətin gömrüyündə həftələrlə yoxlanılmasından dəhşətli təhqiri təsəvvür edə bilmirəm.
Daha rüşvətlər, “ələalmalar” kömək olmur. O qədər ki, 3 il güzəşt edəndən sonra “8 milyard pul güzəşt etmişik” ittihamı ilə bp-ni hakimiyyətə lobbiçilik üçün şantaj hədələri də alınmadı: bp kadr dəyişikliyi və hasilatı qısa müddətdə 7 faiz artırmaqla şantajdan və beynəlxalq məhkəmə ehtimalından yayınmağa başladı və… Ingiltərə mediası Ilham Əliyevin Qəzzafiyə bənzəməsi, ən dəhşətli avtoritarizmin Azərbaycanda olması barədə reallıqları yazmağın şiddətini artırdı.
Kimsə bunlarla işləmək niyyətində deyil. Mahiyyəti Elşad Abdullayev və Gülər Əhmədovadan ibarət olan hakimiyyətin ömrü nə qədər davam etməlidir ki?! Gülər Əhmədovaların şantajları qarşısında girinc-giriftar, ələm-yesir, rüsvayi-cahan olan, bir “dələduz”, “yaramaz” üzvünü sıralarından xaric etmək üçün ay yarımdır “ötür-ötür oyunu” oynayan YAP-ın – əsasını qoyan və uzun müddət rəhbərliyində təmsil olunmuş Sirus Təbrizlinin verdiyi təriflə desək, bu “Simasız Quldurlar Partiyası”nın – siyasəti necə nəticələnməlidir ki?