Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının sədri Əli Həsənov zaman-zaman vəzifəlilərin uşaqlarının narkotikə qurşandığını dilə gətirir. Əli müəllim bunu nədən edir? Məqsədi nədir? Bu ayrı bir söhbətdir…
Bir neçə il əvvəl Italiya Xristian Demokratlar Ittifaqının sədri Ferdinand Kazininin bir təklifi Romanın siyasi həyatında bomba kimi partladı. F.Kazini parlamentə müraciət etdi ki, deputatlar və senatorlar narkotik testindən keçməlidir. Italiya parlamentinin 120 üzvünün son altı ay müddətində narkotik maddə qəbul edib-etməməsi iki gün ərzində xüsusi PANTHEON laborotoriyasında müəyyənləşdirildi.
Dünyanın mafiya məskəni kimi tanıdığı Italiyada bu testin aparılması heç də asan iş deyildi. Lakin “siyasətlə məşğul olanın başı dumanlı olmamalıdır” prinsipinə sadiqlik ortaya qoyuldu.
2007-ci ilin oktyabrında Ukraynada keçirilən parlament seçkiləri zamanı buna oxşar hadisə baş verdi. “Bizim Ukrayna” seçki blokunun liderlərindən biri olan Yuri Lutsenko narkotik və alkoqol testindən keçdi və nəticəni televiziya ekranından nümayiş etdirdi.
NATO-nun bütün strukturlarında çalışanlar mütləq bu testdən keçirlər. ABŞ-ın bəzi ştatlarında işə qəbul olunanlar da narkotik testindən keçdikdən sonra fəaliyyətə başlayırlar.
Azərbaycanda narkotik maddələri qəbul edənlərin sayını bəzi mənbələr 25 min, digərləri 30 min göstərir. Bu rəqəmlərin gerçəkliyi əks etdirmədiyini də iddia edənlər çoxdur. Reallıq odur ki, son iyirmi il müddətində ölkəmizdə narkomaniya sürətlə yayılmaqda davam edir.
Bu gün Azərbaycanda narkobiznes çiçəklənmə dövrünü yaşayır. Bəllidir ki, narkotik maddələrdən adətən imkanlı şəxslər istifadə edirlər. Tutduğu vəzifənin imkanlarına rəğmən külli miqdarda gəlir əldə edənlər üçün narkotiklərin alınması problem yaratmır. Əli Həsənov havadan danışmır, Azərbaycanda obyektiv araşdırma aparılsa, narkotik istifadəçilərinin bəlkə də, 90 faizindən çoxunun imkanlı adamlar olduğu aşkarlanar. Heç kimə sirr deyil ki, bir sıra gecə barları, qəlyanxanalar və restoranlar həm də, “nəşəxana” kimi fəaliyyətdədir. Belə obyektlərdə kasıbların nə işi ola bilər ki?
Unutmayaq ki, narkomaniya millətin genefonduna sağalmaz zərbə vuran dəhşətli bir bəladır. Fiziki qüsurlarla və əqli zəifliklə doğulan körpələr, rəngarəng cinayətlər narkomaniyanın meyvələri deyilmi?
Odur ki, ilk növbədə dövlət narkomaniyaya qarşı mübarizə etməlidir. Bu bəlanın öhdəsindən yalnız və yalnız dövlət gələ bilər. Mübarizə kəsərli olmasa, çox qısa zamanda 30 min narkomanın sayı qat-qat artacaq və millət olaraq sağalmaz bəlaya düçar ola bilərik. Mütləq Azərbaycanın coğrafi durumuna önəm verilməli, tranzit ölkə olmağımız, qonşu Iranda və Rusiyada narkomaniyanın geniş yayılmasını nəzərə almaq lazımdır.
Azərbaycanda narkomaniyaya qarşı mübarizənin kəsərliliyi üçün dövlət məmurlarının ildə iki dəfə məcburi qaydada xüsusi narkotik testindən keçirilməsi səmərəli olar. Özü də ilk növbədə NAZIR və DEPUTATLAR müayinə olunmalıdır. Hakimiyyətə iddialı müxalif partiya liderləri və funksionerləri də cəmiyyətə nümunə üçün testdən keçməlidir. Adi bir üsulla (baş tükünün müayinəsi) hər bir şəxsin narkotikə olan münasibətini aşkarlamaq mümkündür.
Bizim vəzifəli şəxsləri eyni zamanda alkoqol və psixiatrik testdən keçirsələr, lap yerinə düşər. Dövlət məmuru var ki, cəmi bircə dəfə fizionomiyasına və hərəkətlərinə nəzər yetirməklə “alkoqolik” diaqnozu qoymaq olur. Məgər kreslosunda “məst olmuş”, “çorta getmiş”, “paxmel” məmura rast gəlməyibsiniz? Onların sayı yetərincədir.
Psixi sferasında problemi olan çox sayda vəzifə sahibi var. Adi davranış qaydalarını bilməyən, etika bir tərəfə, elementar tərbiyəsi olmayan debil, danabaş rəislər, insanlara yuxarıdan aşağıya baxan axmaq müdirlər məgər azdır, Azərbaycanda?
Azərbaycan dünyanın elə ölkələrindəndir ki, burada kimin nə işlə məşğul olduğunu hamı bilir. Hansı məmurun və ya məmur övladının narkotik maddələr istifadə etdiyini, hansı görəv sahibinin alkoqolik, hansı vəzifəlinin başında dəbəlik olduğunu müəyyən etmək də çətin bir iş deyil.
Narkomanların, alkoqoliklərin və şizofreniklərin dövlətdə vəzifə tutması dövləti sarsıdır. Bunun baş verməməsi üçün bütün vəzifəli şəxslərin test müayinəsi zəruridir.
Sizi bilmirəm, mənə elə gəlir ki, bizim görəv sahiblərini bu üç testin süzgəcindən keçirsələr, böyük bir hissəsi zay çıxar. Müayinə Italiyanın PANTHOEN laborotoriyasında aparılsa, necə olar? Sadəcə, qiyamət qopar.

Məmurlar üçün narkotik, alkoqol və psixatrik testlərin vacibliyi
•