“Reuters” etiraz aksiyalarında iştiraka görə cərimələrin artırılmasını belə təqdim etdi
Azərbaycan hökumətinin icazəsiz aksiyalarda iştiraka görə cərimələrin artırılması və qanun layihəsinin parlamentdə təsdiqlənməsi dünya mediasının diqqətindən yayınmayıb. “Reuters” çıxarılan qərarla bağlı məlumatında Azərbaycan hökumətinin Rusiyaadan nümunə götürərək belə bir qərar verdiyini bildirib. Agentlik Rusiyada müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarını xatırladaraq Azərbaycan hakimiyyətinin də eyni aqibətlə üzləşdiyini, Bakıda etiraz dalğasının gücləndiyini vurğulayıb. Əlavə edək ki, “Reuters” agentliyinin xəbəri dünyanın bir neçə qəzet və portalları tərəfindən tirajlanıb.
“Reuters” ötən gün Milli Məclisin qarşısında keçirilən etiraz aksiyasına da yer ayırıb. Xəbərdə deyilir ki, İlham Əliyevin hakimiyyəti irsən qəbul etdiyi keçmiş SSRİ respublikası Azərbaycanda parlament etirazçıların tələblərinə məhəl qoymadı. Polis aksiya iştirakçılarına qarşı zorakılıq edib, bəzi müxalif fəallar həbs olunub. Agentlik cərimələrin artırılmasına yenidən toxunuraq əlavə edib ki, Rusiyanın hakim “Vahid Rusiya” partiyası da Vladimir Putinin 13 illik idarəçilikdən sonra ilk dəfə güclü etiraz dalğası ilə üzləşməsindən qorxuya düşərək aksiyalarda iştiraka görə cəzaların artırılmasını təklif etdi və qərar parlamentdə qəbul olundu.
“Reuters” Milli Məclisdə qərarın müzakirəsi zamanı hakim partiyadan olan depuatların fikirlərinə də yer verib. AXCP sədri Əli Kərimlinin qərarın qəbuluyla bağlı mövqeyi də tirajlanıb. Əli Kərimli qərarın hakimiyyətin qorxusundan qaynaqlandığını deyib. AXCP sədri “Reuters”ə açıqlamasında bildirib ki, Azərbaycan hökuməti etiraz aksiyalarının qarşısını almaqla, repressiya və təzyiqləri gücləndirməklə mövcud hakimiyyəti qorumağa çalışır.