Kanalizasiya və parlament

Dünən adi bir yağışın Bakını suya qərq etməsi simvolik hadisə idi. Belə də olmalı idi. Ölkənin su və kanalizasiya sektoruna başçılıq edən adamı qanunverici orqana rəhbər təyin edəndə, mandatı pulla satanda, siyahı ilə saxta parlament düzəldəndə Bakının kanalizasiya sistemi də o cür işləməli, hər cür zir-zibil üzə çıxmalıdır…
Şəhərdə hamının ən azı corabı yaş idi. Sovetdən qalma kanalizasiya sistemi yenilənmək əvəzinə dağıdılıb, yolların kənarındakı yağış kollektorları qapadılıb, şəhərdə əhali sayı artıb, odur ki, bir az yağan kimi Bakı suda üzür. Belə olandan paytaxtımız qəribə hala düşür. Böyüklər uşaqların günəşli havada tullana-tullana getdiyi kimi hərəkət edirlər. Məktəbli uşaqlar isə daha əmin görünürlər; onlar Ilham Əliyevin tərifli abadlıqları arasından keçib dizə qədər suyun içi ilə yeriyir, öz müəllimlərinə rüşvət aparırlar…
Simvolik olan bilirsinizmi nədir? Şəhər suya qərq olanda saxta parlamentdə isterika və bədbəxt hay-həşirlə bu quruma tənqidlərin qarşısını almaq məsələsi müzakirə edilirdi. Daha demirlər ki, bu parlamentin özü bizim ölkəyə təhqirdir. Xalq sizə və sizi yaradan hakimiyyətə elə nifrət edir ki, bəzi vətəndaşlar Rusiyanın işğalını bu hakimiyyətin zoru altında yaşamaqdan daha məqbul saydığını çəkinmədən bəyan edirlər. Ölkəni bu dəhşətin astanasına gətirmisiniz.
Söhbət də indi ondan gedir ki, bu parlament nəinki buraxılmalı, onu siyahılandıran hakimiyyət özü yerli-dibli yox olmalı, ora toplaşan siyasi cinayətkarlardan və saxta oyunçulardan xalq qurtulmalıdır.
Buyurun, dünən bu saxta deputatlar sərbəst toplaşma hüququnun qarşısını almaq üçün Konstitusiyanın mahiyyətinə zidd bir qanun qəbul etdilər. Bu, cinayətdir. Hüququn qarşısını hansı üsulla almağın mənası yoxdur, məsələ odur ki, cərimələrin həddən artıq artırılması xalqın fundamental hüququnu yoxa çevirir. Bunlar isə deyir ki, həmin qanunu qəbul edən parlament barədə danışmayın… Guya bizdə parlament var?!
Bizdə nə normal kanalizasiya var, nə də parlament!
Bu şahpərəst insanlar hətta onu bilmirlər ki, Avropa hüququnda dövlət qurumlarına, hakimiyyət təmsilçilərinə, məmur və deputatlara qarşı ən sərt və ağır sözlərlə ifadə edilən qiymətləndirici mülahizələr təhqir sayılmır və bu haqda Avropa Insan Haqları Məhkəməsinin qərarları var. Bunlar elə hesab edir ki, əhali ictimai və real kanalizasiya içində üzməlidir və bunlar haqda susmalıdır.
Bu saxta parlamentdəkilər şair Musa Yaqubun yaxın günlərdə Ziyafət Əsgərova yazdığı şeiri oxuyubmu, bilmirəm. Amma onun bilirəm ki, bu şeir qondarma qanunvericisi orqana verilən ən gözəl qiymətlərdən biridir. Azərbaycanın bütövlüyü məsələsinin qaldırılmasını təxribat sayan Ziyafət Əsgərova cavab kimi yazılan şeirin birinci bəndi belədir:
Milli dərdə gör nə dedi Millimiz,
Ağzın açdı ağzı göyçək dillimiz
Öz dilimiz haqqımızı əyəndə
Siyasətin üzü hansı yanaydı?..
Dərdimizə sən təxribat deyəndə
Milli Məclis gərək odda yanaydı.
Həmin şeirin başqa bir bəndində deyilir:
Insan olan öz haqqını udurmu?
Sən tarixin qabağında günahkar,
Müstəqillik, azadəlik budurmu?
Musa Yaqubun şeiri bu saxta parlamentin, saxtakar hakimiyyətin əsl mahiyyətini açır. Amma bu şeir daha bir mənaya işarədir. Bu hakimiyyətə uzun illərdir sakitcə dözüm göstərən, onunla razılaşan, bəzən dəstək verən tanınmış insanlar da artıq dilə gəliblər. Hətta tənqiddən də çəkinmirlər. Ölkədə yeni dövr başlayır, insanların bunların neft pullarına, siyasi təntənəsinə baş əyməsi mərhələsi başa çatır, artıq insanlar bunlardan uzaq durmağa, bunlara bulaşmamağa çalışır.
Hə, sonda Gülər Əhmədova ilə bağlı videonu yada salın. Bir gün hamınızın siyahısı birdən pozulacaq.