e-abdullayev2

Elşad Abdullayevi susdurmaq istəyən kimdir?

e-abdullayev2Mahal İsmayıloğlu: «Bu adam Gülər Əhmədovanın aldığı rüşvəti göndərdiyi şəxsdi»

Mandat alverini əks etdirən video yayımlanandan sonra mətbuatda müxtəlif səpgili məlumatlar yazıldı. Həm fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev, həm də deputat mandatından imtina edən Gülər Əhmədova yazılanlara reaksiya verdi. Adları çəkilən şəxslər yayılan məlumatların bəzilərini təsdiq, bir qismini isə inkar etdi.
“Yeni Müsavat” qəzetinin ötəngünkü sayında Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan Elnur Məcidli maraqlı məlumatlar verib. Bloggerin sözlərinə görə, məlum video yayılmamışdan əvvəl hakimiyyətin əsas qollarından biri bu qalmaqalın qarşısının alınması üçün cəhdlər edib. Belə ki, səlahiyyətli rəsmi qurumlardan biri öyüd-nəsihət verməsi üçün E.Abdullayevin qohumunu Parisə göndərmişdi: “Həmin qohum da demişdi ki, guya nəsildəki hər kəs iynə üstündə oturub. Buna görə də videoların yayımını dayandırmaq lazımdır. Görünür, qohumlarının içində də Elşad Abdullayevin susmasını istəyənlər var. Amma onun susmaması sübut edir ki, o, yalnız qardaşının tapılmasında maraqlıdır”.
Elnur Məcidlinin açıqlamasında ən maraqlı məqam Elşad Abdullayevin yanına qohumlarından birinin göndərilməsidir. Təbii ki, əsas məsələ hansı qohumu yox, kimin göndərilməsidir. Hakimiyyətdə hansı qüvvə bu videonun yayılmasında maraqlı, kim əleyhinə ola bilər? Videoya baxan adamlar orada adı hallanan şəxslərdən biri Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevdir. PA rəhbəri özü də mətbuata “Bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır” açıqlamasını vermişdi. Ekspertlər də bu videonun yayılmasında ən maraqlı şəxsin məhz Ramiz Mehdiyev olduğunu söyləyirlər.

“Xalq qəzeti”nin keçmiş baş redaktoru, ekspert Mahal Ismayıloğlu “Azadlıq”a açıqlamasında belə halların hakimiyyət üçün xarakterik olduğunu dedi: “Elşad Abdullayevin qohumunu onun yanına hakimiyyət göndərib. Eyni zamanda bu adam Gülər Əhmədovanın aldığı rüşvəti göndərdiyi şəxsdi. Hakimiyyət həmişə belə edir. Hər hansı bir yerdən onlara zərbə deyəndə bütün variantlardan istifadə edirlər”.
Mahal Ismayıloğlu Elşad Abdullayevin yanına qohumunun göndərildiyi xəbərinin inandırıcı olduğunu söylədi: “Mən işlədiyim dönəmlərdə də problemlərin həll edilməsi üçün bu cür yollara əl atılırdı. Hakimiyyət indi o cür mexanizmlərlə işləyir”.

Ramin DEKO