YAP-dakı məşhurların postu niyə boş qalıb?

Hakim partiyada Murtuz Ələsgərov, Sirus Təbrizli və Əli Nağıyevin yerinə adam tapılmır

Yeni Azərbaycan Partiyasının (YAP) internet səhifəsində yerləşdirilən məlumata görə, partiyanın 600 min nəfərə yaxın (581 min 748 nəfər) üzvü, ölkənin bütün rayon və şəhərlərində yerli təşkilatları var. Amma prezident Ilham Əliyevin sədrlik etdiyi bu partiyada hazırda yalnız bir sədr müavini fəaliyyət göstərir – deputat Əli Əhmədov. O həm də partiyanın icra katibidir.
“Media forum” saytı bildirir ki, 2005-ci ildən indiyədək partiyada sədrin birinci müavini və üç sədr müavini vəzifəsi boşalıb, ancaq bu yerlərin heç birinə yeni təyinat olmayıb.
YAP sədrinin birinci müavini Ilham Əliyev 2005-ci ildə partiyanın sədri seçilib. O vaxtdan partiyada sədrin birinci müavini postuna təyinat olmayıb.
YAP sədrinin müavinlərindən Əli Nağıyev 2005-ci ildə diplomatik fəaliyyət sahəsinə keçib və 2011-ci ilədək səfir işləyib. Digər sədr müavini Sirus Təbrizli 2007-ci ildə partiya sıralarından çıxarılıb. YAP sədrinin müavini Murtuz Ələsgərov 2012-ci ildə vəfat edib. Göstərilən tarixlərdən (2005, 2007, 2012) YAP-da üç sədr müavini vəzifəsi vakant qalır.
YAP nizamnaməsinin beşinci hissəsinin dördüncü maddəsinə əsasən, partiya sədrinin təklifi ilə Siyasi Şura onun birinci müavinini, müavinlərini və icra katibini seçir.
Əli Əhmədov YAP icra katibi vəzifəsinə 1999-cu ildəki qurultayda seçilib. Partiyanın 2005-ci ildəki qurultayında o həm YAP sədirinin müavini, həm də icra katibi seçilib və hazırda bu vəzifələri həyata keçirir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında bildirib ki, təşkilatın 2008-ci ildə keçirilən sonuncu qurultayı prezident seçkisi ilə bağlı olub, partiyanın prezidentliyə namizədi irəli sürülüb: “Həmin qurultayda təşkilati məsələyə baxılmayıb. YAP-ın 2005-ci ildə keçirilən qurultayında isə təşkilati məsələlərə baxılmışdı, prezident Ilham Əliyev sədr, partiyanın icra katibi Əli Əhmədov isə sədr müavini seçilmişdi. Murtuz Ələsgərov, Sirus Təbrizli və Əli Nağıyev daha əvvəldən sədr müavini vəzifələrini tuturdular. 2005-ci ildə Əli Nağıyev diplomatik vəzifəyə təyin olundu. ”Diplomatik xidmət haqqında” qanuna görə, diplomatlar partiya üzvü ola bilməzlər, siyasətdən kənarda olmalıdırlar. Ona görə də Əli Nağıyev avtomatik olaraq YAP üzvü kimi fəaliyyətini dayandırdı. Sirus Təbrizli isə partiya sıralarından xaric olunub. Murtuz Ələsgərov 2012-ci ilin avqustunda dünyasını dəyişib. 2008-ci ildə keçirilən qurultayda gündəlikdə yalnız bir məsələ durduğuna, təşkilati məsələlərə baxılmadığına görə YAP sədrinin müavinləri, Siyasi Şura, Idarə Heyəti ilə bağlı hər hansı dəyişiklik olmayıb”.
Nizamnamənin YAP sədrinin təqdimatı ilə Siyasi Şuraya partiyaya sədr müavini təyin etmək səlahiyyəti verdiyini, amma bu səlahiyyətdən istifadə olunmadığını xatırladan “Media forum” əməkdaşına Siyavuş Novruzov bildirib ki, təşkilati məsələlərə qurultayda baxılması daha doğrudur: “Yeni tərkib seçilməlidir ki, onlar arasından da müavinlər təyin olunsun. Yəqin ki, YAP-ın növbəti qurultaylarında sədr müavinlərinin seçilməsi məsələsinə də baxılacaq”.
Siyavuş Novruzovun sözlərinə görə, vakant sədr müavini postlarının qalması YAP-ın fəaliyyətinə problem yaratmır, işlərin gedişi ləngimir: “YAP-ın gündəlik işləri ilə Icra Katibliyi məşğul olur. Bu, daimi struktur və vəzifədir, işlərə görə cavabdehdir. Eyni zamanda Idarə Heyəti və Siyasi Şura fəaliyyət göstərir. Idarə Heyəti qərarlar verir və Icra Katibliyi həmin qərarları yerinə yetirir. Bununla bağlı hər hansı problem yoxdur”.