Özalın öldürüldüyü təsdiqlənir?

Keçmiş prezidentin cəsədində zəhərli maddə aşkarlandığı bildirilir

Zəhərlənərək öldüyünə dair iddiaların geniş yayılmasından sonra məzarının ekskumasiyısına qərar verilən Turqut Özalla bağlı ziddiyyətli məlumatlar yayılıb. Türkiyənin “Bu gün” qəzetinin yaydığı məlumata görə, Turqut Özalın məzarı açıldıqdan sonra onun nəşindən götürülən nümunələrin analizi zamanı zəhərlənmə əlamətləri aşkarlanıb. Türkiyənin səkkiizinci prezidentinin orqanizmində yüksək miqdarda “strixnin kreatin” adlı zəhərli maddənin aşkarlandığı bildirilib. Maddənin prezidentin yeməyinə və ya içkisinə qarışdırıldığı ehtimal olunur.
Lakin çox keçmədən, yayılan məlumatlar təkzib olunub. Türkiyə Ədliyyə Tibb Qurumu Turqut Özaldan götürülən nümunələrdə zəhərli maddə aşkarlandığı haqda xəbəri təsdiqləməyib. Qurumun sədri, professor Haluk Incə mərhum prezident Turqut Özalın nəşindən götürülən nümunələrdə zəhərli maddə aşkarlandığı haqda xəbərlərin əsassız olduğunu bildirib. Haluk Incə oktyabrın 2-dən bəri nümunələr üzərində işi davam etdirdiklərini və hər hansı yekun hesabat hazırlamadıqlarını deyib: “Müəyyən nəticələr var, amma hələlik iş yekunlaşmayıb. Raport hazırladıqdan sonra prokurorluğa göndərəcəyik”.
Özalın cəsədində zəhərli maddənin aşkarlanmasıyla bağlı xəbərlər yayıldıqdan sonra mütəxəssislər adıçəkilən maddənin çox təsirli olduğunu bildiriblər. Toksikologiya və tibbi ekspertiza mütəxəssislərinin sözlərinə görə, bu maddə bədənin funksiyalarını pozaraq, tənəffüs yollarını işdən çıxarır və infarkta yol açır. Siçan və itləri öldürmək üçün nəzərdə tutulan bu zəhər qadağan edilib.

Aydın Taş, Ankara