“Hakimiyyət artıq öz kölgəsindən də qorxur”

n memmedli-yeni«Gülər Əhmədova bu prosesdə yeganə cinayətkar deyil»

Nurəddin Məmmədli: «Prezidentin nəzarəti altında olan cinayət işlərinin heç bir nəticəsi olmur»

Hakimiyyətin kütləvi aksiyaların iştirakçılarına qarşı cərimələrin məbləğini kəskin artırmaq niyyəti cəmiyyətdə birmənalı qarşılanmayıb. Həmçinin bu addımın iqtidar üçün arzuolunan nəticə verməyəcəyi də ehtimal olunur. Bu və gündəmin başqa əsas mövzuları ilə bağlı AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikirlərini öyrəndik.  

Bu, cəmiyyəti daim təzyiq altında saxlamaq vasitəsidir

– Bu gün parlament kütləvi aksiyalarda iştirak edən şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləğinin artırılması məsələsini müzakirəyə çıxaracaq və güman ki, bu dəyişikliklər qəbul ediləcək. Bu addımı necə qiymətləndirmək olar?
– Belə bir məsələnin gündəmə gətirilməsi həm Azərbaycan konstitusiyasına, həm sərbəst toplaşmaq azadlığına, həm də Azərbaycanın imzaladığı beynəlxalq konvensiyaların prinsiplərinə ziddir. Çünki vətəndaşların başqaları ilə birləşərək sərbəst toplaşmağı fundamental hüquqlarından biridir. Hüquqlar prioritetində bu, bütün hüquqlardan üstün dayanan bir hüquqdur. Yəni hər hansı başqa bir bəhanə ilə bu hüququ məhdudlaşdırmaq olmaz. Başqa tərəfdən, Azərbaycan konstitusiyasında sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran halları nəzərdə tutan xüsusi maddə var. O maddə göstərir ki, hərbi, fövqəladə və müharibə vəziyyəti istisna olmaqla heç bir halda kütləvi aksiyaların keçirilməsinə qadağa qoymaq olmaz. Belə bir düzəlişin həm Inzibati Xətalar, həm də Cinayət Məcəlləsinə daxil edilməsi faktiki olaraq uzun illərdən bəri olan kütləvi aksiyalara qoyulan qeyri-rəsmi qadağaları rəsmiləşdirməkdir. Çünki 120-150 manat maaş alan həkim, müəllim, eyni zamanda milyonlarla işsizin olduğu ölkədə bu cür böyük cərimələrlə kütləvi aksiyalara qoşulmaq olmaz. Başqa tərəfdən, bu müddəa bütövlükdə cəmiyyəti daim təzyiq altında saxlamaq vasitəsidir. Hakimiyyətin özünü bu cür cərimə sanksiyaları ilə qorumaq cəhdi bütövlükdə Azərbaycan qanunçuluğuna, vətəndaşların toplaşmaq azadlığının fəlsəfəsinə ziddir və buna heç cür haqq qazandırmaq olmaz.

Moskva Ağalarovu “ya qudalıq, ya da Rusiyada biznes” seçimi qarşısında qoysa…

– Rusiyada azərbaycanlı milyarderlərin bir araya gəlməsi gündəmin əsas mövzusuna çevrilib. Yeni təşkilatda təmsil olunanlar arasında ölkə başçısının qudasının olmasına, onların Azərbaycan hakimiyyəti ilə problemlərinin olmadığını deməsinə baxmayaraq, hakimiyyət bu addımı sərt qarşıladı. Belə münasibətin səbəbi nədir?
– Onların Azərbaycan hakimiyyəti ilə probleminin olmadığı fikrini bölüşmürəm. Bu adamların Azərbaycanla bağlı həm mənəvi-psixoloji, həm iqtisadi, həm də siyasi problemləri var və olmalıdır. Mənəvi-psixoloji baxımdan ona görə ki, bunlar bu torpağın yetirməsidir, Azərbaycanda böyüyüblər. Bu cür quldurluq, feodal normalarla idarə olunan bir ölkənin vətəndaşı olmaq utanc gətirən məsələdir. Bunun psixoloji yükü var və insanlar bundan əziyyət çəkir. Başqa tərəfdən, bu insanlar böyük kapitala sahibdir, dünyada tanınırlar. Ancaq onlara burda iş qurmaq üçün imkan vermirlər. Bunların Azərbaycanla bağlı iqtisadi problemləri var. Siyasi aspektə gəldikdə, ölkədə dəyişikliklərin artıq zərurətə çevrildiyini dərk edən bütün azərbaycanlılar kimi onların bu prosesdən dividend götürmək istəkləri var. Amma bütün bunları təkcə azərbaycançılıq kontekstindən izah etmək olmaz. Çünki Rusiyadakı rejimin xarakterini nəzərə alsaq, Kremlin heç zaman Rusiyada milyardlara sahib olmuş adamların hər hansı müstəqil addımına imkan verəcəyini də gözləmək olmaz. Prezidentin qudasının bu məsələyə qoşulmasına gəldikdə, qəti şəkildə əminəm ki, Moskva ya qudalıq, ya da Rusiyada biznes seçimi qarşısında qoysa, Ağalarov Moskvanın təkliflərini qəbul etməyə məcbur olacaq. O qədər əziyyət çəkib milyardları ona görə qazanmayıb ki, qudalığa qurban versin. O mənada burdan Rusiyanın Azərbaycandan hər hansı umacaqlarının olduğu, xüsusilə Ilham Əliyevin ayrı-ayrı epizodlarda Rusiyaya qarşı münasibətinin cavabını vermək məqsədi ilə yaradılmış bir qurum kimi də təsəvvür etmək olar. Istənilən halda bu, Azərbaycan üçün başağrısı ola bilər.

– Belə bir fikir var ki, Azərbaycanda Gürcüstan ssenarisi həyata keçirilə bilər. Siz necə hesab edirsiniz?
– Moskvanın layihəsi olduğuna görə bu paralellər çox məntiqli görünür. Əslində bu günə qədər Cənubi Qafqaz regionunda Rusiyanın təsir mexanizmləri bütövlükdə Qarabağ probleminə köklənmişdi. Amma Qarabağ problemi əbədi olmaya bilər və əvvəl-axır onun həlli yolu tapılmalıdır. Ona görə də paralel olaraq başqa mexanizmlərin işə salınmasını da istisna etmək olmaz. Ola bilsin, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyinin zəruriliyini dərk etdiyinə görə özünün bilavasitə patronajlığı altında Rusiyada fəaliyyət göstərən iş adamlarını, milyarderləri bu siyasi proseslərə qoşmaqla ən azı özünə liberal, barışdırıcı mövqe tutan bir hakimiyyətdə yer almalarını təmin etsin. Belə bir variant istisna olunmur. Çoxları hesab edir ki, bu gün Kreml üçün  Ilham Əliyevdən daha vacib alternativ yoxdur. Bu gün üçün bu belədir. Amma perspektiv üçün dünyada bütün diktatura rejimlərinin dəyişməsi fonunda yeni yaranmış dünya düzənində başqa modellərin Rusiyaya sərf etməsi şəksizdir.  

– Əli Həsənovun Moskvaya səfərinin də bu məsələ ilə bağlı olması ehtimalı var. Ancaq o, səfərlə bağlı suallara qeyri-müəyyən şəkildə cavab verib. Bunun səbəbi nədir?
– Bu hakimiyyət o qədər zəifləyib ki, artıq öz kölgəsindən də qorxur. Ona görə də Moskvada baş verən bu hadisələr bunlarda böyük təşviş yaradıb. Bunlar əmindir ki, bu, Kremlin layihələrindən biri kimi meydana çıxıb. Ona görə də Əli Həsənov Moskvaya getmişdi ki, həqiqəti öyrənsin, bu işin gələcək perspektivini, hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirsin. Ən başlıcası isə Moskva bunlardan nə istəyir. Hansı şərtlər daxilində onlar razılığa gəlib bu prosesi dondura bilər. Əli Həsənovun davranışlarından başa düşdüyüm odur ki, o, istədiklərinə nail olmayıb, Moskvadan böyük bir şey qopara bilməyib. Ən azı qeyri-müəyyənlik qalmaqda davam edir. Indiki şəraitdə bu, Moskvanın tələblərinə uyğundur. Çünki vaxtilə “Wikileaks” saytında açıqlamsında deyildiyi kimi, Ilham Əliyev heç də Moskvada oturanların dostu deyil. Xüsusilə Putinə qarşı onun işlətdiyi fikirlər bu gün qisasçılıq hissinin mümkünlüyünü sübut edən faktdır. Ona görə də Əli Həsənov həmin suallara cavab axtarmaq və bu tendensiyanın gələcəkdə hakimiyyət üçün hansı problemlər törədə biləcəyini müəyyənləşdirmək üçün getmişdi.

Gülər Əhmədova hakimiyyətin oyun qaydalarını pozub

– Gülər Əhmədovaya qarşı YAP-ın apardığı kampaniya səngidi. Bu da onun “ağzımı açdırmayın” mesajından sonra baş verdi. hakim partiya təmsilçilərini qorxudan nə oldu?
– Gülər Əhmədova o səlahiyyətin sahibi deyil ki, gedib deputat məsələsi ilə bağlı kiminləsə danışıq aparsın. Azərbaycanda quldurluq qaydaları, kriminal prinsiplərə idarə olunan rejim var. Bu rejimin başında oturanlar müəyyən insanlara səlahiyyət verir ki, onlar bu və başqa formada yığım prosesində, ölkədə hər şeyin satılması kontekstində bu hakimiyyətə daha çox fayda gətirən variantları işlətsinlər. Gülər Əhmədova da bu prosesin alətlərindən biridir. Bu cinayətkarlıq əməlləri, kriminal idarəçilik mexanizmi bütöv sistsemin təzahürləri şəklində meydana çıxır. Belə bir sistemdə təbii ki, hamı hansı işlərlə məşğul olduğunu yaxşı bilir. Bu kontekstdə məsələyə yanaşanda aydın olan olur ki, Gülər Əhmədova bu prosesdə yeganə cinayətkar deyil. Bütün sistem bu vəziyyətdədir. Gülər Əhmədovanı təqib etsələr, o, müdafiə olunmaq imkanlarını o sahədə axtarmalıdır. Başqalarının da cinayətlərini ortaya qoymaq, kimlərin onu bu prosesə cəlb etdiyini açıqlamaqdır. O çox dərinə getməsə də, bir detalı qeyd etdi. Dedi ki, Əvəz Zeynallı məsələsi ilə bağlı oyunları açmaq məcburiyyətində qalacam. Bir qəzetin redaktorunu şərləyib tuturlar və bu prosesdə Gülər Əhmədova əsas oyunçuya çevrilir. Amma təbiidir ki, Gülər Əhmədovanın bu prosesdə iştirakı yuxarıların təhriki nəticəsində baş verib. Məhz bunun nəticəsidir ki, o, artıq öz mükafatını da alıb. Şərləmə kampaniyasından sonra onun oğlu Maliyyə Nazirliyində işə düzəlib. Ona görə bunlar bu gün çıxılmaz vəziyyətdədirlər. Gülər Əhmədovaya təzyiq göstərə bilmirlər. Çünki prosesin ikinci mərhələsində o, onu bu oyuna salan adamın rolunu oynaya bilər. Yəni Elşad Abdullayev kimi müxtəlif formada faktları ortaya qoya bilər. O, xaraktercə çox riyakar adamdır. Bəzi hallarda kişilərə meydan oxumaq xüsusiyyətini də görüb, hiss etmişəm. Ona görə ondan qorxurlar. Başqa tərəfdən, bu işi buraxa bilmirlər. Çünki Gülər Əhmədova öz hərəkətləri ilə bu hakimiyyətin oyun qaydalarını pozub. Indiyə qədər biz hamımız bu rejimin cinayətkar xarakter daşıdığını bilirdik. Amma ortaya fakt qoya bilmirdik. Gülər Əhmədova isə bu faktları ortaya qoyub. Ona görə də ondan qorxurlar və onu bağışlamaq fikirləri də yoxdur.

– Gülər Əhmədova ilə bağlı cinayət işinin sona çatdırılacağını gözləmək olar?
– Bunlar hər hansı qanuna əsaslanmırlar ki, biz də o qanunu qarşımıza qoyub ona uyğun hər hansı proqnoz verək. Bu ölkə subyektiv amillərə uyğun olaraq idarə olunur. O subyektin də hansı mövqe nümayiş etdirəcəyini söyləmək çox çətindir. Bu gün başa düşülən odur ki, bunlar bir tərəfdən Gülər Əhmədovanı cəzasız qoymaq istəmirlər, o biri tərəfdən də heç kimin cəsarəti çatmır ki, desin sən hansı cəsarətlə universitetdə tələbə auditoriyasına girib dərs deyirsən. Ona görə də bu hadisələrin necə nəticələnəcəyi o subyektlərin, əsasən də Ilham Əliyevin mövqeyindən asılı olacaq ki, daha az itki ilə bu kampaniyadan çıxsınlar. Amma bu problemi hüquqi cəhətdən həll etmək üçün ən azı həmin o videomaterialda adı çəkilən adamlar istintaqa cəlb olunmalıdır. Onlardan soruşulmalıdır ki, sizin doğrudan da bu siyahınız var. Deyilənlər nə dərəcədə həqiqətdir, bu məsələsinin miqdarı, necə ödənilməsi məsələsi soruşulmalıdır. Orda dövlətçilik baxımından dəhşətli cinayət elementləri var. Məsələn, vahid kassa ideyası var. Soruşulmalıdır ki, bu kimin kassasıdır, kimə xidmət edir. Onun Azərbaycan dövlətçiliyi ilə nə kimi əlaqəsi var və s.

– Elşad Abdullayevin açıqladığı videomateriallarda, prezidentə ünvanladığı müraciətdə hüquq-mühafizə orqanları rəhbərlərinin adları çəkilir. Eyni zamanda bu cinayət işlərinin ölkə başçısının nəzarətində olduğu deyilir. Adı çəkilən şəxslərlə bağlı hər hansı tədbir görüləcəyini gözləmək olar?
– Qətiyyən olmaz. Indiyə qədər bu presedent dəfələrlə nəzərdən keçirilib, dəfələrlə real həyatda rast gəlinib. Prezidentin nəzarəti altında olan cinayət işləri bir qayda olaraq gizlədilir, heç bir nəticəsi olmur. Gülər Əhmədova məsələsinin də həmin sonluqla nəticələcəyini şübhəsizdir.

Elçibəyin ruhunu siyasət alverinə çevirmək əxlaqsızlıqdır

– Elçibəyin ailəsi ictimamiyyətə və prokurorluğa müraciət edərək qəbrin açılmasına etiraz edib. Ümumiyyətlə, eks-prezidentin adı ilə bu cür spekulyasiyanı necə qiymətləndirirsiniz?
– Bu, insan mənəviyyatının bütün qüsurlarını özündə əks etdirən bir məsələdir. Bu bir mənəviyyatsızlıqdır. Birincisi, ona görə ki, Əbülfəz Elçibyin nədən ölməsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Elçibəyin nədən ölməsi dünyanın ən nüfuzlu ekspertlərinin, tibb sahəsinin görkəmli alimlərinin cəmləşdiyi Gülhanə Hərbi Xəstəxanasında öz təsdiqi tapıb. 10 nəfər məşhur professorun, alimin imzası ilə onun ölüm səbəbləri aşkarlanıb. Başqa tərəfdən, Azərbaycan cəmiyyəti, o cümlədən Türkiyədəki həkimlərin verdiyi rəylər göstərir ki, onun ölümünün əsas səbəbi Azərbaycan hakimiyyətidir. Digər tərəfdən, Elçibəy Azərbaycanda prezident olmuş şəxsdir. Azərbaycanda Milli Azadlıq Hərəkatının lideridir. Onun ruhu ilə bu cür alver etmək, Elçibəyin adını, şərəfini və ruhunu siyasətin predmetinə çevirmək əxlaqsızlıqdır.

Fizzə