Cəlal Əliyev İlham Əliyevlə birgə səfərdən imtina edib

Ölkə başçısının əmisi Saatlı rayon icra başçısının dəvətini yerə salıb

Milli Məclisin Saatlıdan seçilən deputatı Cəlal Əliyev ölkə başçısı İlham Əliyevin adıçəkilən rayona səfərində rayona getməkdən imtina edib. Bu barədə “Bizim Yol” qəzeti Saatlı rayon İcra Hakimiyyətindəki mənbəyə istinadla məlumat yayıb. Mənbənin qəzetə bildirdiyinə görə, dövlət başçısının rayona səfəri ilə bağlı deputatlara da məlumat verilib və onlar da prezidenti müşayət etmək üçün rəsmi protokola daxil edilib.
İcra başçısı Siraqəddin Quliyev Saatlının deputatları Əhliman Əmiraslanovu və Cəlal Əliyevi rayona dəvət edib. Cəlal Əliyev isə Saatlıya gəlməkdən imtina edib.
Qəzet xatırladır ki, Cəlal Əliyev 7 ildir deputat olmasına baxmayaraq, Milli Məclisin iclaslarında adətən iştirak etmir. Parlament rəhbərliyi onun iclasalara gəlməməsini səhhətindəki problemlərlə əlaqələndirir.
Qəzetə görə, Cəlal Əliyevin prezidentin yanında görünməməsi onun siyasi hakimiyyətdən narazı qalması barədə iddiaları gücləndirir.